- Mədəniyyət

Sabah Bakıda akvarel əsərlərinin satış sərgisi təşkil olunacaq

Yanvarın 23-də Xətai Sənət Mərkəzində “Akvarel təəssüratları” adlı akvarel əsərlərindən ibarət satış sərgisi açılacaq.

Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sərgidə iştirak etmək üçün 150-dən çox rəssamın 400-ə yaxın əsəri təqdim edilib. İlkin seçimlərdə 60 rəssam 80 əsəri ilə sərgidə iştirak etmək hüququ qazanıb.

Beynəlxalq Akvarel Cəmiyyətinin 10 illik yubileyinə həsr olunmuş sərgi Milli Məclisin Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə reallaşacaq.

İştirakçı rəssamlara hədiyyələr və sertifikatlar təqdim ediləcək.