- Təsəvvüf

Seyid NİGARİdən seçmə şeirlər

Ey gül, mənə derdin ki, sən ol mahı sevərsən,
Kim sevməz anı, söylə, bir Allahı sevərsən?

Fəryadi-şəb, əfqani-səhərgahim iştədi,
Ol məh dedi, ey qəmzədə, sən ahı sevərsən.

Çahi-zəqən bulunur çah ki, ey gül,
Can ver ona sən şövqilə gər çahı sevərsən.

Dərgahi-xərabata ki vardım dedi saqi,
Çək kaseyi-sərşarı, bu dərgahı sevərsən.

Ayineyi-ixlasımı görgəc dedi, ey can,
Zahir ki, Nigarım kimi dilxahı sevərsən

Görcək məni əvvəl Mir Nigari dedi, yahu,
Vallah ki, bir mahi-gərmkarı sevərsən.

***

Haqq söylə könül, olma sözün sağına mane,
Söylə, kim olur haqq sözün iblağına mane?

Yandı cigərim atəşi-hicran ilə əmma,
Olmadı sirişkim cigərim dağına mane.

Bənd oldu könül türreyi-tərrarına yarın.
Fəryadü fəğan olmadı bir ağına mane.

Ərbabi-qərəz olmadı, cəm etdi əvaiq,
Sərçeşməyi-təbin şirin irmağına mane.

Bivəhm Nigari, səri-kuyində məqam et,
Kimdir ola əbrah İrəm bağinə mane?

***

Nə müddətdir “Nigar, Nigar” deməkdən
Qalmayıbdır canda ixtiyar yeri,

Qanlar udub bağrım başın yeməkdən,
Xəstə könlüm olmuş ahu zar yeri.

Şamü səhər yandım eşq atəşinə,
Qərq oldum sərü pa didəm yaşına,

Kuhikən tək çaxdım dağlar başına,
İndi məskənimdir kuhsar yeri.

Dad əlindən, dad, ey qaşı kamanım,
Tövq olmuş peykanın ki içsin qanım,

Yanmış cigərgahım, dağılmış canım,
Səhrayi-sinəmdir laləzar yeri.

Canə gəldim, dərdim söyləyim naçar,
Cənnəti-kuyində görünür əğyar,

Vəchi nədir, söylə, ey laləüzar,
Neçün olmuş gülüstanın xar yeri?

Səhni-meyxanədə yandırır fanus,
Deyri-məhəbbətdə çaldırır naqus,

Məhv olub həyası, qalmayıb namus,
Yoxdur Seyid Nigaridə ar yeri!

______

kuhikən – dağ yaran,
kuhsar – dağlıq
tövq – boyunbağı
fanus- fənər
deyr – monastır
naqus – cəng

***

Ey nameyi-xoşbu, səbadənmi gəlirsən?
Ey ahuyi-dilcu, rəhadənmi gəlirsən?

Bir ləhzə aman vermədin, ey peykəri-dilduz,
Yardın sinəmi, yayi-qəzadənmi gəlirsən?

Ey məh, nəzər et ayinəyə, gör ki yüzündən,
Pərtöv saçılır, dari-ziyadənmi gəlirsən?

Ey xacə, nədən aşiqi-müştaqə şəqavət,
Sən məcmə`yi-qalu bəladənmi gəlirsən?

Səhraları almış yenə nəğməyi-dilaviz,
Ey badi-səba, dəşti-Xətadənmi gəlirsən?

Ey gül, sənə qurban ola canım, nəfəsindən
Ənbər saçılır, zülfi-dütadanmı gəlirsən?

Hər bir nəfəsindən alır əshabi-səfa kam,
Çakər gəda, ali-əbadənmi gəlirsən?

Damənü giribanını çak etmə sən, ey gül,
Matəmzədə, sən kərbü bəladənmi gəlirsən?

Dil lərzədə, can cəzbədə, ey Mir Nigari,
Meyxaneyi-əzkari-Xudadanmı gəlirsən?

***

Canan diləyən dəğdəğeyi-canə düşərmi?
Can istəyən əndişeyi-cananə düşərmi?

Girdik rəhi-sevdayə, cünuniz, bizə namus,
Lazım deyil, ey dil ki, bu iş şanə düşərmi?

Avareyi-Leyla nəzər etməz dovi-sərayə,
Qaileyi-əğyar cünunanə düşərmi?

Almaz dilə din bəhsini meyxoreyi-sevda,
Eşqə girişən məbhəsi-imanə düşərmi?

Ey can, səni cananə fəda eylədim əvvəl,
Axır nə çəkim böylə, bu, qurbanə düşərmi?

Çək zəhməti ey dil, teli-tərrarrə dolaşdın,
An olmasa, ərbabi-dil əfğanə düşərmi?

Fəryadi hezar həmə dəm anın üçündür,
Naz eyləmək, ey büt, güli-xəndanə düşərmi?

Ey Mir Nigari, tələb et kam, əzizim,
Əlbəttə, verir, büxl gərmkanə düşərmi?

***

Çox istədiyim canımı cananım üçündür,
Cananımı çox istədiyim canım üçündür.

Ah eylədiyim ahunun ənbər nəfəsindən,
Ləlin sifəti ağladığım qanım üçündür.

Xunin cigərim qəmzeyi-bürranın əlində,
Şuridə gözüm dideyi-giryanın üçündür.

Xunxar gözün nizeyi-müjkanı cəm etdi,
Bildim bu tədarük dili-viranım üçündür.

Fəryadi-səhər, naleyi-şam, ahi-cigərsuz,
Qan ağladığım bir güli-xəndanın üçündür.

Canım yaxılır atəşi-hicrin ilə əmma,
Həsrət odu bu külbeyi-əhzanın üçündür.