- Müsahibə

Seymur Elsevər: “Özümü nazirə tapşırdım, dedim ki, yanınıza filankəs gələcək”

Tanınmış sənətşünas, publisist, jurnalist Seymur Elsevər redaksiyamızın qonağı olub. Seymur Elsevər, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Teatr Xadimləri, Kinematoqrafçılar, Rəssamlar və Reklamçılar ittifaqlarının, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvüdür.

Bir sıra mükafatlara layiq görülmüş Seymur bəy müxtəlif illərdə Gənc Tamaşaçılar və Milli Dram Teatrlarında, “Səhər”, “Kino” “Press Fakt”, “Panorama” və “Ekspress” qəzetlərində, Azərbaycan Milli Elmlər Akademiyasında, eyni zamanda uzun illər mədəniyyət nazirliyi şəbəkəsində müəssisə rəhbəri olaraq çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Ədəbi iş” və “Ekran dramaturgiyası”, “Kino tənqidi”, “Kinososiologiya”, “Kino tarixi” fənlərindən dərs deyib. Bakı- 2015  I Avropa Olimpiya Oyunları Əməliyyat Komitəsinin işində yaxından iştirak edərək açılış və bağlanış mərasimləri kataloqlarının, mədəniyyət proqramının, Azərbaycan Respublikası Prezidenti, Azərbaycanın birinci xanımı, Avropa Olimpiya Komitəsi prezidenti və digər rəsmi şəxslərin, nüfuzlu simaların çıxışının və sair mətnlərin redaktəsiylə məşğul olub.

Ədəbiyyat və incəsənətimizin, elmimizin təbliğinə, tərənnümünə yönələn iki yüz çap vərəqi həcmində məqalə, müsahibə, resenziya, oçerk, portret yazıların, ssenari və verilişlərin müəllifidir.

Yazılarının bir qismi ensiklopediya və kitablarda yer alıb. Dəfələrlə ölkə və beynəlxalq miqyaslı festival, müsabiqə və yarışlar, konfrans və simpoziumlarda, eyni zamanda sənət yönümlü onlarla müxtəlif tədbirlərin (yubileylər, mədəniyyət günləri və sərgilərin, kitab yazılışı, tərtibi, çapı və s.) ərsəyə gəlməsində təşkilatçı və iştirakçı qismində çıxış edib.

Bizim.Media Seymur Elsevərlə geniş müsahibəni sizə təqdim edir:

– Seymur müəllim, xoş gəlmisiniz. Adətən sizi tanıyanlar deyirlər ki, çətin müsahibdir, gərək onu sorğu-suala çəkəndə, yaxşıca hazırlıqlı olasan… 

– İşim, peşəmlə əlaqədar olaraq, çox mövzudan xəbərdaram bəlkə də buna görə, belə düşünürlər. Amma məncə yanılırlar (gülür) Bilirsiniz, maraqlı mühitdə böyümüşəm. Və formalaşmağımda ailəmin, sonradan elm-sənət aləminin mühüm rolu var. Erkən gəncliyimdən böyük şəxsiyyətlər, görkəmli sənətkarlarla ünsiyyətdə olmuşam. Xoşbəxtəm ki, onları görüb tanımışam.

– Siz, sənətşünas və jurnalist kimi fəaliyyət göstərirsiniz. Bu iki sahənin hansında özünüzü daha çox realizə edə bilmisiniz? 

– Hər iki fəaliyyət istiqaməti mənim üçün qiymətlidir. Jurnalist kimi ilk addımlarımı “Bakı” və “Mədəniyyət” qəzetləri ilə başlamışam. Bu gün ara-sıra yazıram. Açığı, indi mətbuatın maddi durumu ürəkaçan deyil. Özüm də yazmağa həvəssizəm, can atmıram. Çünki yaş ötdükcə sənətin məsuliyyətini, ağırlığını daha çox dərk edirəm. Ola bilər ki, gənc yazarlar o dərinlikdə fikirləşmir deyə, sədd görmürlər. Mənim üçünsə nə, niyə və neçə yazmaq sualından doğan məsələ var qarşımda. Oxuyan adamın imzama baxıb “niyə bu kişi əvvəllər daha yaxşı yazırdı, indi yerində sayır” deməsini istəmərəm. Bax bu şeylərə görə dayanmalı, düşünməli olursan. Az, amma yaddaqalan yazmaq yaxşıdır. İndi mənim üçün çox görünmək bir o qədər maraqlı deyil.
Əlbəttə, az yazıb, yadda qalmaq məsələnin mənəvi tərəfidir. Təəssüf ki, yaxşı və ya pis yazı, peşəkarlıq ümumi götürsək, bu gün eyni cür qiymətləndirilir. Bazarda seçim imkanı yoxdur. İndiki reallıqda məsələ sovet dövründəkindən fərqlidir. Amma sərbəstlik varsa da dəyərləndirməni heç də o illərdəkindən yaxşı hesab etmək olmur. Kapitalizmin tələbləri hələ öz yerini tam almayıb.

– Hansı müsahibiniz sizə daha çox örnək olub? Onlardan  nələr öyrənmisiniz?

– Müsahibimlərimin hamısına həmişə hörmət və ehtiramla yanaşıram. Onlardan öyrəndiyim çox şey var. Bayaq dediyim kimi, bəxtim onda gətirib ki, gənc yaşımdan qocaman və sözünü demiş insanların əhatəsinə düşmüşəm. Əksəriyyəti valideynlərim yox, baba-nənəm yaşında olub. Məsələn, Barat Şəkinskaya ilə evində dəfələrlə görüşüb müsahibə, açıqlamalar almışam. Yaşlı, xəstəhal idi, gözləri də zəif görürdü, amma qayğıkeşliyini əsirgəməzdi. Mənə çox hörməti vardı, hətta hər dəfə evinə gedəndə ac olub-olmadığımı soruşar, çay-çörəyə qonaq edərdi. Qulam Məmmədli, Leyla Bədirbəyli, Məhluqə Sadıqova, Sofya Bəsirzadə, Həsən Məmmədov, Şahmar Ələkbərov, Həsən Turabov, Səyavuş Aslan, Həsən Əbluc, Mikayıl Mirzə, Hamlet Qurbanov, Fuad Poladov, Hamlet Xanızadə, Yaşar Nuri, Əjdər İbrahimov, Tofiq Tağızadə, Şamil Mahmudbəyov, Maqsud və Rüstəm İbrahimbəyovlar, Ceyhun Mirzəyev, Niyazi Bədəlov, Tofiq Quliyev, Cövdət Hacıyev, Arif Məlikov, Vasif Adıgözəlov, Azər Rzayev, Şəfiqə Axundova, Rəşid Şəfəq, Sara Qədimova, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Habil Əliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Əlibaba Məmmədov, Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Böyükağa Mirzəzadə, Cəlal Qaryağdı, Kazım Kazımzadə, Mirvarid Dilbazi, Söhrab Tahir, İsa Hüseynov, Sabir Əhmədli, Hüseyn Abbaszadə, Yusif və Vaqif Səmədoğlular, Gülhüseyn Hüseynoğlu, Əzizə Cəfərzadə, Məmməd Araz, Xəlil Rza, Fikrət Qoca, Əfqan, Ələkbər Salahzadə, Zəlimxam Yaqub, Tofiq Abdin və daha kimlərlə  apardığım söhbətlər xoş xatirəyə dönüb. Allah onlara rəhmət eləsin!

Ömər Eldarov, Firəngiz Əlizadə, Arif Babayev, Fərhad Bədəlbəyli, Azərpaşa Nemətov, Fərhad Xəlilov, Fuad Salayev, Alim Qasımov, Anar, Ramiz Rövşən, Vidadi Babanlı, Zahid Xəlil, İntiqam Qasımzadə, Fidan və Xuraman Qasımovalar, İlham Rəhimli, Aydın Kazımzadə və vaxt qıtlığından adlarını çəkə bilmədiyim neçə dəyərli sənətkarımıza, alimimizə Uca Yaradandan can sağlığı diləyirəm.

– Yaradıcı adamların fəaliyyəti uğurlu alınsa da çox zaman şəxsi həyatlarında bunun əksini görür, eşidirik. Sizcə, səbəb nədir?

– Bu məsələyə münasibət bildirmək çətindir. Yaradıcı şəxslər ruh adamlarıdır, obrazlı desək, havalıdırlar, ayaqları yerə dəymir, göylərdə uçurlar. Onların gözəllik aşiqi olub, tez-tez vurulmaqları yəgin ki, bir tərəfdən təbiidir. Çünki ilhamlanmaq, stimul almaq onlar üçün vacibdir. Təbii ki, bu situasiya hamı üçün eyni deyil, konkret şəxsə görə dəyişə bilir.

– Bir sənətşünas və jurnalist olaraq sənət adamları haqqında son zamanların yazı üslubuna, şou xarakterli materiallara, başlıqlara münasibətiniz necədir?

– Mənim üçün açıq olmayan mövzulardan biri ailə ilə bağlıdır. Ailə sirr dolu bir qaladır. İçəridə gedən söhbətlər gizli qalmalı, kənara çıxmamalıdır. Hər adam gəlib, müdaxilə edib, söz öyrənə bilirsə, o daha nə oldu? Bəli, məşhurların şəxsi həyatı ictimaiyyəti, daha doğrusu adi adamları maraqlandırır. Ona görə də haqlarında, ailələri və ya özləri ilə bağlı müxtəlif başlıqda xəbərlərin yayılması sanki sosial sifarişdir. Amma təbii ki, yalan, aldadıcı xəbərlər, başlıqlar yolverilməzdir. Adətən bu günün tamaşaçısı, oxucusu və dinləyicisini yalnız bu tip xəbərlər maraqlandırdığını düşünənlər yumşaq desək, yanılırlar. Gənc nəslin içərisində klassik sənətlə, milli-mənəvi dəyərlərlə maraqlanan, ondan zövq alan yetərincə adam var. Bu məsələdə, tərbiyə, mühit xüsusi rol oynayır. Yeri gəlmişkən, bizdə əksəriyyət incəsənətlə mədəniyyətin fərqini bilmir.

Amma belə deyil, incəsənət sahədir. Mədəniyyət isə elmi əsasları, təməl prinsipləri olan anlayış, dəyərlər sistemidir. Teatrı əyləncə yeri hesab edənlər də yanılırlar. Çünki tamaşa bir neçə sahənin vəhdətindən yaranır. Tamaşada ədəbiyyat, tarix, musiqi, təsviri sənət, psixologiya, fəlsəfə, məntiq və sairdən yararlanırlar. Bir sözlə, teatr elmə söykənən sənət növüdür.
Bəzən tanışlarım deyir ki, yaxşı peşəniz var, daim deyib-gülürsünüz, dərd-sərdən, qayğıdan uzaqsınız. Amma onlar komediya aktyorlarının, məzhəkəçilərin həyatda ən qəmli, kədərli adamlar olduğunu bilsələr, məəttəl qalarlar.

Sənətkar hünərini səhnədə göstərir. Həyatda artistlik etməyin mənası yoxdur. Hərçənd indi çoxunun yeri dəyişik düşüb. Peşəsi başqa olsa da, həyatda özünü artistliyə qoyanlarla tez-tez üz-üzə gəlirik. Mədəniyyətin dərki prosesi fərdin doğuluşundan, hətta ana bətnindən başlayır, desək, yanılmarıq. Bu uzun, daim inkişaf yolu keçən məsələdir. İzahı, çözülməsi ayrıca söhbətdir.

– Siz əslən Şuşadansınız. İşğaldan azad olduqdan sonra Şuşaya getmisiniz?

– Şuşanı uşaq ikən görmüşəm. Ora getməyi çox arzulayıram. Bu il Şuşa Türk dünyasının mədəniyyət paytaxtı elan olunub. Allah təki nəsib etsin, az qala yarım əsrdən sonra gedim oraları görüm. Bilmirəm, sentimentallıqdır, ya nədir, yaş ötdükcə insan kövrəkləşir və sanki torpaq onu çəkir. Bir məqama toxunum. Bakıda böyüyüb formalaşmış adam kimi inanmazdım ki, rayonda yaşaya bilərəm. Düşünürdüm ki, özümü realizə etmək üçün orada şərait olmaz. Amma qismətimdə əllidən sonra paytaxtdan bölgəyə yollanmaq və bir müddət yaşamaq da varmış. Mədəniyyət nazirliyi iş təklif edəndə qərar verib getdim və bacardım…

– Qax Dövlət Kukla Teatrının direktoru kimi fəaliyyətinizdə hansı dəyişikliklər baş verdi? Ümumiyyətlə rayon camaatının teatra, tamaşaya münasibəti necədir?

– Mən bildiyiniz kimi, əvvəllər də Mədəniyyət Nazirliyi şəbəkəsində çalışmışam. Yaradıcılıqla yanaşı, on altı ildən artıq müddətdə nazirliyin Məlumat-reklam müssisəsinə rəhbərlik etmişəm. Ötən il Qax teatrı ilə bağlı təklif gələndə, ixtisasım və fəaliyyətim, idarəçilik səriştəm üçün uyğun yer hesab eləyib razılaşdım. Onu da deyim ki, Qax Azərbaycanda iki dövlət teatrının mövcud olduğu yeganə rayondur. Qısa müddətdə – altı aya yaxın vaxtda mən o teatrda kollektivlə birlikdə xeyli iş gördüm. Səhnəni, tamaşaçı salonunu, yardımçı otaqları təmir etdirib yenilədik.

İki loja düzəltdib, tamaşaçı salonuna kondisioner, inzibati korpusa kombi quraşdırdıb istilik sistemini ərsəyə gətirdik. Həmçinin teatrın içməli su, qaz və üç faza elektrik xəttiyylə təchizat problemini həll etdik. Ən vacib isə, teatrda ciddi nizam-intizam yaratdım. Bütün bunlar təbii ki, asan olmadı. Direktor kimi çalışdığım vaxtda  məşqlərlə yanaşı, oktyabr-noyabr aylarında hər şənbə və bazar günlərində müntəzəm olaraq, açıq kassadan bilet satışı ilə tamaşalar oynandı.

Bir-iki tamaşadan sonra sanki rayona səs yayıldı, gələnlərin sayı artmağa başladı. Yeni təmir olunmuş zal və tamaşaların müntəzəm nümayişi onların diqqətini çəkmişdi. “Bu gün gələn beş nəfər, sabah daha beş nəfərin cəlb edilməsidir” qənaətiylə addım atdım  və bu belə də oldu. Adamlarda teatr sevgisinin, vərdişinin yaranmasını görmək çox xoşdur. Bu mənzərədən məmnunuydum.  Hazırda müqavilə müddətim bitib və yenidən sərəncamı gözləyirəm. İnanıram ki, nazir əvəzi Adil müəllim məni bir peşəkar kimi layiqincə dəyərləndirəcək.

– Sizin estrada aktyoru kimi istedadınızdan da xəbərdarıq. Bununla bağlı hansı maraqlı xatirəniz var?

– Rəhmətlik Telman Adıgözəlov, Ələkbər Hüseynov, Nataliya Tağıyeva və Allah ömür versin Cəfər Namiq Kamal, Qorxmaz Əlili, Naibə Allahverdiyeva, İlham Əziz, İqrar Salamov, Rauf Şahsuvarov kimi aktyorlarla bir yerdə dəfələrlə səhnəyə çıxmışam.

Zəlimxan Yaqubla yaxın ünsiyyətim, dostluq münasibətim olub. Evlərinə dəfələrlə gedib-gəlmişəm. Gördüyüm adamlar içərisində Rəfiq Zəka və o güclü yaddaşı ilə seçilirdi. 1999-cu ildə aprelin 1- də Xalq şairi Zəlimxan Yaqubun səsi ilə o vaxtki Press-klubun icraçı direktoru Çingiz Sultansoyla zarafat etmişəm. Demək, hadisə belə baş verdi. Martın 31-i iş gününün sonunda Çingiz bəyə zəng vurub, səhəri gün vacib mətbuat konfransı keçirtmək istədiyimi bildirdim. O da telefonda şairlə danışdığına tam inanıb, sifarişi götürdü. Söylənənə görə, aprelin 1-i axşamüstü saat 5-də 16 qəzetin əməkdaşı gəlibmiş. Və təbii ki, tədbir baş tutmadı. Səhəri gün bir qism jurnalist yazdı ki, Zəlimxan Yaqub jurnalistlərlə zarafatlaşdı. Bəziləri də bu zarafatı Çingiz Sultansoyun özünün düzüb-qoşması kimi qələmə vermişdi. Heç kimin ağlına gəlməmişdi ki, kənardan kimsə belə bir şey edər.

Yaxud, başqa bir əhvalat. Adını açıqlamaq istəmədiyim bir nazirlə görüşmək lazımıydı. Di gəl, qəbuluna düşmək müşkülə dönmüşdü. O vaxt da mətbuatda çalışdığım dövr idi. Həmin nazirin Zəlimxan Yaqubla xoş, mehriban münasibəti olduğunu bilirdim. Ona görə də zəng vurub şairin səsi ilə danışdım. Katibə tez calaşdırdı. Özüm özümü nazirə tapşırdım, dedim ki, yanınıza filankəs gələcək. O da dedi, buyursun, gözüm üstə yeri var. Doğrudur, o iş düzəlmədi, amma nazir mənim təklifimlə bağlı işçisinə göstəriş vermişdi (gülür).

Rəhmətlik Heydər Əliyevi də imitasiya edə bilirəm. Çıxışlarını dəqiqliklə izləmişəm, düşüncə tərzinə, leksikonuna bələdəm. Bu çox vacib məqamdır. Harada, nəyi necə danışa bilərdi onu yaratmağı bacarıram. Mənə rəhmətlik haqqında çəkilmiş filmdə onun rolunu səsləndirmək təklifi də olmuşdu. Hərçənd filmin aqibəti bəlli deyil…

Başqa istedad və bacarıqlarım var. Yaxşı idman məşqçisi, təhlükəsizlik generalı, memar, heykəltəraş ola bilərdim. İnşallah bunlar barədə ayrı vaxtda danışarıq…

– İki övladınız var, onlar sizin peşənizi davam etdirmək istəyir, yoxsa?

– Hər iki övladım bakalavr və magistr dərəcələri alıb. Qızım bizim sahəyə nisbətən yaxındır. O, ingilis dili üzrə tərcüməçidir. Necə deyərlər, ikinci dili alman dilidir. Eyni zamanda menecmentlik ixtisasına yiyələnib. Hazırda dövlət qulluqçusudur və gözəl ailəsi var.  Açığı, qızımın, nəsibi daha çox məhrumiyyət və qədir-qiymətsizlik olan incəsənət sahəsində çalışmamağına sevinirəm.

Peşə seçimində müdaxilə etmədim. Hüquqşünaslığa meylliydi. Sadəcə, istiqamət verdim ki, tərcüməçiliyin perspektivi daha böyükdür, razılaşdı. İkinci övladım oğlumdur, texniki sahə üzrə ixtisaslaşıb. Hazırda Qarabağda əlində silah vətənimizin keşiyindədir.  Övladlarım balaca olanda mənimlə fəxr edirdilər. İndi vaxt-vədə yetişib, mən onlarla qürur duyuram. Allah hamını övladlarından sevindirsin, valideyn üçün onları sağlam, uğurlu görməkdən gözəl heç nə yoxdur. Mən taleyimdən razı, şükranlı adamam. Adam nə qədər az şeylə kifayətlənsə, xoşbəxtlik bir o qədər əlçatan olur. Həyatı belə kəsdirmişəm və verdiyi hər şeyə görə Uca Yaradana minnətdaram. Babayam, rəhmətlik atamdan sonra böyük bir ailənin ağsaqqalıyam.

Sağlamlığım, insaf-mürvətlə qazandığım bir parça çörəyim, gözəl ailəm, dost-tanışlarım, az-çox savadım, istedadım, tanınmağım və abır-həya ilə yaşadığım ömür yolum var. İndidən sonra heç nə eləməsəm belə, Allahdan aşağı yaratdığım iki əsərə – övladlarıma görə rahatam. Amma nigarançılığım Vətənimi bütöv, azad, millətimi sağlam, bəxtiyar, dövlətimi qüdrətli, sarsılmaz görməkdən yanadır. Allah bunu görməyi bizə nəsib etsin. Amin!

– Seymur müəllim, maraqlı müsahibə üçün təşəkkür edirik!

– Mən də dəvətiniz və yaratdığınız şəraitə görə minnətdaram! Var olasınız!

Səkinə Yusibli, Bizim.Media