- Dil, Manşet

Karvan-karvan qəm yüklü…

Karvan-karvan qəm yüklü,
Həzin-həzin laylalı,
Dastan-dastan danışan,
Şölə-şölə alışan,
Yanğılı Ana dilim.

Əslində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı başqa bir səpkili yazı yazmaq istəyirdim… amma dünən naşir Şahbaz Xuduoğlunun feysbuk səhifəsindəki “Bir millət, bir dil…”   paylaşımı yazımın məcrasını dəyişdirdi, bütün fikrlərimi alt-üst etdi. Heç vaxt inanmazdım ki, 21-ci əsrdə, müstəqillik dövründə elə bir şəxs tapılar ki, öz ana dilinə bir biznesmen gözü ilə baxa, başqa bir dillə dəyişmək həvəsinə düşə. Arqumenti də o ola ki, bəs bizim kitab bazarında ana dilində kitab satışımız zəifdir, ana dilində kitab az oxunur, az satılır, türk, rus və ingilis dilində çox oxunur…. Yəni, bu necə bir düşüncə tərzidir? Hansı millətin oxumuşu, özünü ziyalı sananı belə bir fikrə düşə bilər axı? Necə yəni bizim dildə kitab oxunmur, türk dilində oxunur, gəlin xalqın milli-mənəvi sərvətini, varoluşunun bir nömrəli təsdiqi olan dilini dəyişək, Türkiyə türkcəsində danışaq və təhsil də bu dildə olsun? Bu, normal adam düşüncəsidir?! Bu xalqa xəyanət deyilsə, bəs nədir? “… kitab bazarında rusca, türkcə, ingiliscə kitabların həcmi artmaqda davam edir…”.

Sözügedən naşir “kitab bazarı” dedi, Anarın “Evləri köndələn yar” teletamaşasındakı Bazarkom Nadir yadıma düşdü (yeri gəlmişkən, o da nəsə satırdı, kitabı çox “sevirdi” və kitaba bir pul dağarcığı kimi baxırdı – “Hellas”ı “oxumağı” tövsiyə edirdi.) Tamaşada onun belə bir  sözü vardı: “İndi sən bir dəfə toyda sındıra-sındıra süzəcəksən deyə, mənim ömrüm dığ-bığla keçməlidir?” Onun sözü olmasın, hörmətli Şahbaz bəy, indi Siz şıdırğı kitab satıb çoxlu pul qazanmaq istəyirsiniz deyə bir xalqı öz ana dilindən məhrum etməkmi istəyirsiniz? Dilə də heç bazarkom gözü ilə, biznes maraqlarından baxmaq olarmı?

Elə dili biznesin ayağına verdiyimizdəndir ki, bu gün Bakı küçələrində reklam və obyekt adlarında “endirim, açıqdır, ucuzdur” sözlərindən başqa bir kəlmə ana dilində sözə rast gəlinmir. Sabah bir biznesmən desə ki, gəlin dövlət dili kimi ingilis dilinə keçək, çünki Bakıda və bölgələrdə bütün reklam yazıları hamısı ingiliscədir, sadə Azərbaycan vətəndaşı heç nə başa düşmür, mən əsla buna təəccüblənmərəm. İndi ana dilində kitabın satışının az olmasının qarşısını almağın çözümünü dili dəyişməkdəmi görürsünüz? Bəlkə, tərcüməni elə edirsiniz ki, adam oxumaq  istəmir? Bəlkə, ayna sənin üzünü ləkəli göstərirsə, çözüm aynanı qırmaqda deyil, üzdəki ləkəni təmizləməkdədir?

Bir kitab mənim doğma ana dilimdə olmayacaqsa, yazıçı və şairlərimizin və ya elm adamlarının bədii və ya elmi-fəlsəfi təxəyyülünün nəticəsi olaraq dilimin inkişafına, zənginləşməsinə, yeni sözlərin yaranmasına xidmət etməyəcəksə, o kitabın oxunub-oxunmaması xalqa fayda baxımından heç vacib də deyil. “… kitab bazarında rusca, türkcə, ingiliscə kitabların həcmi artmaqda davam edir. Bakıda rusca daha çox oxunur. Regionlarımız, gənclik isə türkcə oxumağa üstünlük verirlər. Müasir oxucular Dostoyevski, Tolstoy, Çexovu, Turgenovu və sair rus klassiklərini türkcə oxuyurlar. Müstəqilliyin tarixi 30 ili keçsə də, dilimizin xüsusi nailiyyəti yoxdur”.

Sizin fikrinizcə, “dilimizin xüsusi nailliyəti yoxdur”sa, onu rədd edək? Başqa bir dilə dəyişək? Bumu Sizin milli-mənəvi dəyərlərə hörmətiniz? Bumu Sizin düşüncəniz? Məgər bilmirsiniz ki, dünyada pulla satılmayan, pulla ölçülməyən dəyərlər də var?  Məsələn, kim öz anasını artıq qocaldığı üçün başqasının daha cavan anası ilə dəyişə bilər? Belə bir şey mümkünmü? İkinci ana olmadığı kimi ikinci bir dili də özümüzə ana dili edə bilmərik. Düzdür, xala ananın bacısıdır, eyni qandandırlar, bacılar eyni evdə tərbiyə alıblar. Xala da uşağa ana qədər yanımcıldır, amma nə qədər qayğıkeş olsa da, o, ana deyil. Ananı və ana dilini heç kəslə və heç nə ilə dəyişmək, əvəz etmək olmaz. Yeri gəlmişkən, onu da qeyd edim ki, bizim dilimiz türk dilləri içərisində Türkiyə türkcəsindən daha çox kökünə  bağlı olan bir dildir və elmi qrammmatikası da bu baxımdan daha çox tədqiq olunub-işlənmiş bir dildir.

Bu dilə bir kitab biznesmenin gözü ilə baxmaq gözlərinin nurunu bu dili tədqiq etməyə həsr etmiş Ə.Dəmirçizadəyə, M.Şirəliyevə, T. Hacıyevə, S.Cəfərova, M.Hüseynzadəyə, A.Axundova, bu dilin daşıyıcısı olan xalqa qarşı hörmətsizlik deyil? Axı dilə sadəcə, ünsiyyət vasitəsi, kitab biznesi vasitəsi kimi baxmaq da olmaz. Xalqın taleyi, tarixi, ədəbiyyatı birbaşa o dillə bağlıdır.  Bizim dilimiz də türk dilləri ailəsinə mənsub bir dildir. Vaxtilə Şah İsmayıl Xətai ilə Sultan Səlim bir-biri ilə eyni dildə yazışırdı. Lakin o dillə hazırda Türkiyə türklərinin danışdığı türkcə eyni deyil, ondan çox uzaqlaşıb. Atatürkün hakimiyyıti illərində erməni Akop Dilaçar tərəfindən türk dilinə dəyişikliklər edildi, dilə xeyli fransız, alman sözləri qatdılar. Deyirsiniz ki, indi biz öz əsl türkcəmizdən imtina edək?

Müasir türk dilində ərəb və fars sözləri, bəlkə də, bizdəkindən də çoxdur. Bunu misallarla göstərə bilərdim, amma ehtiyac duymuram. Bəlkə, elə farsdilli klassiklərimizi də başqalarına pay-pülüş edib, 20-ci əsrin proletkultçuları kimi hamısına “doloy” deyib, Türkiyə türkcəsi ilə yenidən dil, ədəbiyyat yaratmağa başlayaq?! H.Zərdabi,  C.Məmmədquluzadə, 19-cu əsr maarifçiləri, 20-ci əsr realistləri əbəs yerəmi ana dilinin saflığı, təmizliyi uğrunda mübarizə aparıblar, dilimizi bizə miras qoyublar? Məgər biz müstəqilliyi ona görə qazanmışıq ki, öz dilimizdən imtina edək, onu  dəyişək? Bu nə zərərli bir düşüncədir axı? Əlifbada bir neçə hərfi dəyişdirmık istəyənlərin düşüncəsinə təhəmmül edə bilmədiyimiz, onun fəsadlarının miqyasını xəyal belə edə bilməyəcəyimiz halda Siz lap baltanı kökündən vurursunuz ki… Bu “horuz” banı eşitməmiş kreativ təklifləriniz qarşısında bilmədik “hırıldayaq”, ya xırıldayaq. Boğulduğumuzu hiss edib, boğazımızı sıxan “kravatı” bir az boşaltmağa çalışdıq, olmadı. Elə hırıldaya-hırıldaya da qaldıq….

“Gündəlik həyatımızın diktəsinə qulaq asmaq zamanıdır. Təhsilimizi və ədəbi dilimizi dəyişməliyik. İndi beş-altı yazıçı çıxıb deyə bilər ki, bəs bizim klassiklər, bizim gözəl dilimiz… Demək, onlar gələcəyi görə bilmirlər. Bu gedişlə bu dil bir azdan heç meyxana dili də olmayacaq.”

Bəli biz:” bizim gözəl dilimiz, klassiklərimiz” deyirik və gələcəyi də görə bilirik. M.F Axundovu misal çəkirsiniz. Mənim yadıma “Aldanmış kəvakib” əsərinin personajlarından olan Sərdar Zaman xan düşür. O da müharibə təhlükəsinin qarşısını almaq üçün kəndləri boş qoymaq, körpüləri dağıtmaq, zəmiləri yandırmaq təklifi irəli sürmüşdü ki, təcavüz edən tərəf əlinə heç bir qənimətin keçmədiyini, boşalmış kəndləri, yanmış zəmiləri, dağıdılmış körpüləri görüb geri qayıtsın. O bu əməlini çözüm bilirdi və bunu  fəxrlə deyirdi. Müharibənin qarşısını almaqda özünü ağıllı sanan Sərdar Zaman xana çatmırdı ki, elə müharibə dəhşətlərini özü törədib də. Qonşu dövlətin hücumuna ehtiyac qalmayıb. İndi: “bu gedişlə dilimiz meyxana dili də olmayacaq”sa, gəlin biz də bəri başdan Türkiyə türkcəsinə keçək. Əcəb Sərdar Zamanxansayağı təklifdir!

Məlumdur ki, dünyada bir neçə dil ailələri var. Nə əcəb onların “oxumuş”larının  belə bir təklifdə bulunmaq ağıllarına gəlməyib? Lap elə götürək, Slavyan dilləri ailəsini. Məgər onlar da bu təklifdən yararlana bilməzlər? Dillər ləğv olunub tarixin qaranlığına atılar və ancaq hər dil ailəsindən bir hegemon dil işləklik qazanar. Əhsən! Çox gözəl təklifdir.

“Dilimiz böyükdür deyirik, amma öz dilimizdə oxumuruq”.

Bəli, dilimiz böyükdür də deyirik, dünyanın ən gözəl, ən ahəngdar dilidir və öz kökünə ən çox bağlı olan dildir də deyirik. Bizim dilimizdə çox möhkəm ahəng qanunu var. Vaxtilə Orxon-Yenisey abidələrinin məhz türk dilləri ailəsinə mənsub olduğunu təsdiqləyən ən mühüm dil qanunu olan ahəng qanunu məhz bizim dildə gözlənilir, Türkiyə türkcısində yox. Vaxtilə Sabir Rüstəmxanlı: “Əlifbada dilin bütün səslərinin şəkil bulması xam xəyaldır. Burada optimal yol axtarmaq və  bunun optimal yolunun Azırbaycanla Türkiyənin vahid əlifbadan istifadəsinə nail olmaq lazım idi. Bu artıq alimlərin mülahizələri ilə yox siyasi qərarla həll olunmalı məsələdir…”, – deyirdi. S.Rüstəmxanlı 3 hərfdən imtina edib Türkiyədə işlənən əlifbaya keçməyi təklif edirdisə, Siz daha da irəli gedərək: “Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik – Bir millət, bir dil…”- deyirsiniz! Sözüm çoxdur. Ancaq son olaraq Sizə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 18.1 maddəsuni xatırlatmaq istəyirəm. Orada deyilir:

“… bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhdı etmək qadağandır” (maddə 18.1).