9 il əvvəl dostlardan biri yazmışdı ki, bu misranı becə tərcümə etmək olar: “Назначь мне свиданье среди слез…”. Anna Axmatovanın olduğunu deyirdi. Axmatovaya aid olduğunu təsdiq edən mənbə tapmadım, amma həmin misranı əvvəlcə tərcümə etdim, sonra bənd oldu, sonra bir az da böyüdü…
Mənə “həri” demişdi o gün araq içəndə,
Atanı ilan vurub qarğıdalı biçəndə,
Gözümdən sellər axır könlümdən sən keçəndə,
Heç şeir yazmamışdım bu üslübda, bu çəmdə,
Mənə görüş təyin et göz yaşının içində.
Atan yaxşı kişiydi, düzdü, bir az sərt idi,
İçəndə yumşalırdı, həm də ki comərd idi,
Mən nişan düşünürdüm, ah, bu necə dərd idi?
Bu, bizim yasımızdı – mənim üçün fərdidi,
İnboksuma yazarsan qəbir daşı seçəndə,
Mənə görüş təyin et göz yaşının içində.
Gecə səhərə kimi, planları ələdim,
Yol Xəritəsi yazdım, hər şeyi incələdim,
Düz bir il yas tutacam – “konuyu güncəllədim”,
Axşam dəstəmaz alıb, yasini höccələdim,
Göydə bir ulduz sönür yerdən biri köçəndə
Mənə görüş təyin et göz yaşının içində.
Allah yerdə qalana sağlıq qismət eləsin,
Anana təskinlik ver, qoyma xiffət eləsin,
Sabah orucluq gəlir, axşam niyyət eləsin,
Atan başqa kişiydi, Allah rəhmət eləsin,
Tərəddüd də etmədi, damadını seçəndə…
Mənə görüş təyin et göz yaşının içində.
Mərhumun nəyi var ki? Nə mülk, nə daş-qaş qalıb,
Dost-aşnası qırılıb, bir neçə əyyaş qalıb,
Malları satıb içib, qoyun 5-3 baş qalıb,
On iki sot torpaqda bir cındır dam-daş qalıb…
Xalq “bismillah” deyir hər yanından keçəndə
Mənə görüş təyin et göz yaşının içində.
Ehsanı bol etməsək, giley-güzar olacaq,
Bircə yağış yağmasın, yağsa, iş zor olacaq,
Xətmi mollaya dedim, “Olrayt, dear” – olacaq,
Göz basıb “Okey, – dedi, – Şənbə-bazar olacaq”
Axşam vatsapa yazıb, qırxa hazır olacaq,
Deyir ki, “çox şot verib, əvvəllər mən içəndə”,
Mənə görüş təyin et göz yaşının içində…
Çox da fikir verməyin – hər çənə bir laf deyir,
Bir sürü yaltaq çıxıb, boz təpəyə Qaf deyir,
Paçka basır sandığa, seçkiyə şəffaf deyir.
Mona da gəlib yasa, “Əfv edər Allah” deyir,
Gedib fətir yaymağa, Arada bir “ah” deyir.
Lopada güləşmişdim, Liza gəlin köçəndə,
Mənə görüş təyin et göz yaşının içində…
Mən onsuz da yazacam – nə əvvəldi, nə sondu,
Susursan, “lal” deyirlər, yazırsan: “Farmazondu”,
Solo yoxa çıxıbdı, hər tərəf unisondu,
Muza dondurma yeyib, ensefalit fasondu.
Deyir: “Mənsiz yazarsan daha şeir yazanda”.
– Sənsiz anarxiyadır, qız, başımın içində,
Mənə görüş təyin et, göz yaşının içində!