- Köşə

Adındakı “Uğur”

Doğulduğum “Bağlar diyarı“ adlanan Quba Azərbaycan elminə, incəsənətinə, mədəniyyətinə bir sıra görkəmli nümayəndələr bəxş etmişdir. Fətəli xan, Camo bəy və Mehdi bəy Hacinski qardaşları, akademik Əliheydər Orucov, professor Kübra Fərəcova, Cabbar Bağırov, Leyla Məmmədbəyova, memar Kamal Məmmədbəyov, Nazim İbrahimov, Şahin Fazil Fərzəlibəyli, Yusif Həsənbəy və başqaları. Əlbəttə, siyahını uzatmaq da olar. Lakin doğulduğum yurdun Azərbaycan jurnalistikasında, mətbuat salnaməsində xüsusi iz buraxan bir parlaq siması var – Tofiq Rüstəmov. 1936-cı ildə Qubada anadan olmuşdu professor. Fətəli xanın yurdu olan Qubanın bir spesifik xüsusuiyyəti var: bakılılar üçün içərişəhərli nə deməkdirsə, Quba regionu üçün də qubalılar eyni məzmun daşıyırlar.

Tofiq sözü ərəbcədə “taufiq” uğur, müvəffəqiyyət deməkdir. O, adı ilə təkcə özünə deyil, xalqına, millətinə uğur gətirdi. Onun uğurunun kökündə, mayəsində insanlığa sevgi və xidmət dayanırdı. Professor , “qızıl qələm sahibi” olmazdan əvvəl qızıl ürək sahibi Tofiq Rüstəmov Azərbaycan xalqının dil, millət qəhrəmanı idi.

Mən həmyerlim Tofiq Rüstəmovun doğulduğu ailəni yaxşı tanıyıram. Atası el ağsaqqalı, ruhani Hacı Tağı Rüstəmov Hacı Cəfər məscidinin icma sədri idi. Onun ölümündən əvvəlki günü də yaxşı xatırlayıram. Məhərrəmlik mərasimi yay fəslinə düşmüşdü, məscidin ikinci mərtəbəsində qadınlar üçün ayrılmış yuxarı hissədə əyləşib dinləyirdik. Hacı Tağı mikrofona yaxınlaşdı və Azərbaycan mərsiyə ədəbiyyatının ölməz ustası Hacı Əbülhəsən Racinin “ Ya Hüseyn kim sən kimi öz xanimanından keçər” mərsiyəsini şövqlə oxudu. Səhərisi isə Quba rayonuna onun ölüm xəbəri yayıldı. Nə xoş bir sonluq.

Qeyd edim ki, akademik Əliheydər Orucovun da atası Məşədi Əlabbas kişi Qubanın öndə gedən mənəvi simalarından biri olmuş,m mərsiyəxan olmaqla bərabər Aşura hadisəsinə aid “ Bu gecə göydə mələklər ağlar” mətləli mərsiyə yazmışdır.

 Yeri gəlmişkən, şərqşünas alim Vasim Məmmədəliyev magistr dissertasiyamın müdafiəsi zamanı mənim Qubanın harasında yaşadığımla maraqlandı. Mən də Hacı Cəfər məscidinin yanında olduğumu bildirdim. O saat: “ Mən o məsciddə olmuşam, çox böyük və yaraşıqlı məsciddir. O zaman oranın sədri Hacı Tağı ilə də görüşmüşəm, Tofiq Rüstəmovun atası idi” – dedi.

Belə bir mənəvi ailədə dünyaya göz açan Tofiq Rüstəmovun vətənpərvərliyi, Azərbaycan dilinin təəssübkeşliyi, tələbələrə uzanan dəstək əli, aydın nitqi və peşəkar qələm ustadı olmağı təsadüf deyildi.

Bəli, o indi “ Xalq” adlanan o zamankı Kommunist qəzetinin baş redaktoru idi. O, sözə layiqincə xidmət etdi, o milli sözün fədaisi olmağı bacardı və bu missiyası ilə örnək şəxsiyyətə çevrildi. Tofiq Rüstəmov təkcə qələmi ilə deyil, qələmin ucundan daha çevik qəlbi ilə Azərbaycan gəncliyinin təfəkkürünə milli sözün keşiyində durmağı  həkk etməyə nail oldu. Bir ziyalının aydın düşüncəsinin sürəti işıq sürətindən daha cəld xalqa yayılır.

Böyük bacısı Hacı Tamilla  hər dəfə mənimlə söhbətləşəndə sözü ondan salardı. Və deyərdi qardaşım Tofiq 7 mayda doğulub, Radio günündə. Nə gözəl təsadüf, həyatı da radio ilə, televiziya ilə bağlı oldu. Quba rayon Təhsil Şöbəsində işlədiyim zaman metodist müəllim Möhübbət Mehrəliyev Tofiq Rüstəmovun televiziyadakı “ Məzun hardasam?” verilişini xatırlayar və onun yorulmaz fəaliyyətindən danışardı.

Tofiq Rüstəmovun həyat uğurlarından ən böyüyü onun ailəsi ilə bağlı idi. O, Qubanı Azərbaycan Xalq Cümhuriyyətinin milli parlamentində təmsil edən Mürtəza Axundzadənin qız nəvəsi ilə evlənmişdi. Qızı Sevinc Məmmədovanın düşdüyü ailədə aldığı alqış və tərif də onun ata kimi verdiyi tərbiyəsinin uğurudur.  89 yaşlı el ağbirçəyi Hacı Kimya xanımın gəlinindən etdiyi razılıq bu gün sosial mühitimiz üçün bir gəlin örnəyidir.

Jurnalist Aytəkin Alxaslının mavi ekranda onu xatırlayarkən həmişə ayağa qalxıb ruhu önündə baş əydiyinin şahidi olmuşam. Niyə də yox? Çünki bu həyatın ona qaytardığı əvəz-əvəz mükafatıdır. Çünki Tofiq Rüstəmov ali mükafatlara, elmi titullara sahib olsa belə, ona orta məktəbdə dərs demiş sinif müəllimi İsa Məmmədovu ( Abdinbəyov) unutmamışdı. İsa müəllimin qızı 82 yaşlı Gülsümxanım onun  hər Qubaya gəlişində atasına sovqat gətirməsindən bu gün də ağız dolusu danışır.

Bu il professor Tofiq Rüstəmovun 90 illiyidir. Qohumların, tanış-bilişlərin xeyrindən, şərindən qalmayan, gərgin işin içində olsa belə, özünü doğma yurda yetirib təvazökar xisləti ilə məclisləri bəzəyən professorla söhbətləşmək qismət olmadı mənə. Mən 1997-ci ildə orta məktəbi bitirib Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil oldum. Biz eyni tədris binasında idik, jurnalistika fakültəsi 5-ci mərtəbədə idi. Güman edirdim ki, onunla rastlaşıb söhbət edəcəyəm. 1-ci kursun qış semestri idi, sonuncu imtahanımız 22 yanvarda dilçiliyə giriş fənnindən idi, professor Əbülfəz Rəcəbova imtahan verirdim. Həmin gün binaya daxil olanda foyedəki şəkli görüb səksəndim. Bu onun şəkli idi Tofiq Rüstəmovun. Müəllim və tələbələr nurani çöhrəsinə baxıb köks ötürür, onun qəfil gedişinə təəssüflənirdilər.  O, yanvarın 20-də dünyasını dəyişmişdi, şəklin altına düzülən qərənfillərsə 20 yanvarda Şəhidlər qəbrinə düzülən güllərin əhval-ruhiyyəsinə bürünmüşdülər. Qərənfillər matəmə qərq olsa belə, Tofiq Rüstəmovun üzü gülürdü. Bu surətsə onun cismi deyil, ruhi şadlığının təcəssümü idi.

Həyatı boyu elmə, savada, intellektə, humanizmə üstünlük verən Tofiq Rüstəmov fakültədə işlədiyi vaxt tələbələrə qarşı haqsızlıqlara göz yuma bilmir, haqq sözünü deyirdi. Ədalət alimliyə yaraşan ən gözəl xislət kimi adındakı uğurla taraz idi.

Mənim qısa yazım professor Tofiq Rüstəmovun vətənə, xalqa xidmətlərinin qarşısında adi bir xatırlamadır. Yazdım ki, Qubanın elm, insanlıq adına uğur, yaraşıq gətirən qürur duyduğum həmyerlimin ruhuna bir hədiyyə olsun.

Natəvan KƏNAN