- Köşə

“AZƏRBAYCAN MÜƏLLİMİ” QƏZETİNİN  REDAKSİYA HEYƏTİNİN DİQQƏTİNƏ!

Könül Aydın Nəhmətova,
Filologiya üzrə fəlsəfə doktoru

Hörmətli redaksiya heyəti! “Azərbaycan müəllimi” qəzetinin Feysbuk səhifəsində yerləşdirilmiş məqalədən parçanı oxuyun, qeydlərimə əsasən mətnə təkrar baxın, zəhmət olmasa.

Aşağıda verilmiş mətn parçasının  yarımbaşlığı, təhsil ekspertinin nitqinə keçid abzası və müsahibin nitqinin məzmunu arasında uyğunluğu tapmağa çalışdım. Nə demək istəyiblər, hansı tezisi isbat etməyə çalışıblar, amma alınmayıb ki, anlamağa çətinlik çəkirəm?

Yarimbaşlıqdan görünür ki, tək pedaqoji bacarığın məktəb direktorluğu üçün yetərli sayılmadığı isbat olunmalıdır. Mövzuya keçid abzasında isə vurğulanır ki, inzibatçılıq qabiliyyəti direktor olmaq üçün kifayət deyildir.

Müsahibin nitqində isə qoyulmuş problem budur ki, yaxşı pedaqoq olmaq məktəb idarəçiliyi üçün kifayət deyil. Amma bu fikir əsaslandırılmır, sadəcə, idarəçilik üçün lazım olan bacarıqlar sadalanır. Direktorun liderlik bacarıqları müəyyən qədər sadalandıqdan sonra bir cümlə ilə inzibati işlərə toxunulur və qeyd edilir ki, yalnız inzibatçılıq da deyil, məktəb direktorunun əsas rolu liderlikdir.

Gorundüyü kimi, mətndə qoyulmuş  problemin həll olunmaması ilə yanaşı, fikirlərin  məntiqi əlaqəsi gözlənilməmiş və bunlar da ciddi struktur pozuntusu yaratmış, məzmunun aydınlığına xələl gətirmişdir.

Gənc jurnalistlərlə əməkdaşlıq etmək lazımdır, amma onları öyrədərək. Bunun üçün redaksiyada peşəkar redaktorlara ehtiyac vardır. Əks təqdirdə, nə jurnalist yetişəcək, nə bu mətnləri oxuyanlar ondan faydalanacaqlar.

Qəzetçilikdə mühüm olan digər məsələ isə budur ki, müsahib öz nitqində dağınıqlığa, kənaraçıxmalara yol verəndə jurnalist onu istiqamətləndirib əsas mətləbin üstünə gətirməli və fikrin əsaslandirulmasina nail olmalıdır. Ekspertin fikirlərini reportajda təqdim edərkən olduğu səliqəsizliklə deyil, məqsədəuyğun şəkildə işlənərək  oxucuya aydın şəkildə çatdırmaq lazımdır.

Bir məsələni təhsil idarəçiləri həmişə əllərində bayraq edirlər: cəmiyyətin oxuyub-anlama səviyyəsi aşağıdır. Niyə aşağıdır?  Ona görə ki, su (bilik!) buralarda bulanır.

Təhlilə cəlb edilmiş mətn parçası:

“Yaxşı pedaqoq olmaq yaxşı idarəçi olmaq demək deyil”

E.Əzimli təhsil məsələlərini yaxından izləyən bir mütəxəssis kimi hesab edir ki, müasir direktorun əsas vəzifəsi təkcə inzibati işləri idarə etmək deyil:

“Yaxşı pedaqoq olmaq avtomatik olaraq yaxşı idarəçi olmaq demək deyil. Müasir dövrün tələblərinə uyğun olaraq idarəçilik bacarıqlarının təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. O, məktəbin inkişaf istiqamətini müəyyən edən, müəllimləri ruhlandıran, şagirdlər üçün sağlam və təhlükəsiz mühit yaradan bir lider olmalıdır. Tədrisin keyfiyyəti, müəllimlərin peşəkar inkişafı, valideynlərlə əməkdaşlıq və məktəbdə formalaşan ümumi mühit daim onun diqqət mərkəzində olmalıdır. Eyni zamanda hesabatlılıq anlayışı yalnız sənədləşmə və yuxarı orqanlar qarşısında formal öhdəliklərlə məhdudlaşmamalı, daha çox mənəvi və ictimai məsuliyyət kimi dərk olunmalıdır.

Bu ümumi çərçivəyə baxdıqda, bir məsələni də xüsusi vurğulamaq istərdim: məktəb direktorlarının liderlik bacarıqlarının inkişafı. Müasir məktəb rəhbərliyi artıq yalnız inzibati təcrübə ilə məhdudlaşmır; bu, eyni zamanda strateji düşünmə, komanda idarəetməsi, kommunikasiya və dəyişiklikləri idarə etmək bacarığı tələb edən bir liderlik roludur”.