Qəzənfər KAZIMOV, professor
S ö z b i r l ə ş m ə s i iki və daha artıq müstəqil sözün mə`na və qrammatik cəhətdən birləşməsi əsasında formalaşan sintaktik vahiddir.
Söz birləşmələrindən danışılarkən komponentlərin həm mə`naca, həm də forma-quruluş baxımından bağlılığı eyni dərəcədə əsas götürülür. Bu o deməkdir ki, hər bir söz birləşməsində struktur-semantik bütövlük olur. Qeyd edilən cəhətlərdən (forma və məzmun məsələləri) birinə üstünlük verib, digərini unutmaq olmaz. Məsələn, dilimizdə mavi göylər birləşməsi təbii səslənir, ona görə ki asılı tərəf (mavi sözü) əsas tərəflə (göylər sözü ilə) qrammatik cəhətdən bağlı olduğu kimi, tərəflər arasında real semantik əlaqə də vardır: mavi sözü göylərin rəngini düzgün əks etdirir. Lakin, məsələn, mavi günəş birləşməsi işlətmirik, çünki mavi sözü günəş parlaqlığını əks etdirə bilmir, günəşin öz tə`yinləri var.
Söz birləşmələrinin statusu (dildə, dilçilikdə yeri) barədə fikir ayrılıqları da mövcuddur. F.F.Fortunatov, A.M.Peşkovski, M.N.Peterson, V.M.Suxotin kimi görkəmli alimlərin fikrinə görə, sintaksisin əsas tədqiq obyekti söz birləşmələri olmalı, cümlə problemi də “söz birləşməsi” adı altında öyrənilməlidir. Bu ideyanın tərəfdarları mə`na və qrammatik cəhətdən bağlı olan hər cür iki sözü söz birləşməsi hesab edir, söz birləşmələrini predikativ və qeyri-predikativ olmaqla iki növə ayırır və predikativ birləşmələr adı altında cümləni nəzərdə tuturlar. Elə buna görə də, məsələn, A.A.Şaxmatov vaxtilə söz birləşmələrini “bitmiş” (cümlə şəklində olan) və “bitməmiş” olmaqla iki növə ayırırdı. Bunların əksinə olaraq, A.A.Potebnya, V.V.Vinoqradov, N.V.Şvedova kimi alimlər cümləni sintaksisin əsas vahidi saymışlar. Dilçilikdə bu ikinci baxış üstün yer tutur.14
İkinci qrup dilçilərin istiqaməti başqa bir mühüm məsələyə də müəyyən dərəcə aydınlıq gətirir. Söz birləşmələri də sözlər və ifadələr kimi nominativlik (əşya, hərəkət və hadisələri adlandırma) xüsusiyyətinə malikdir. Lakin sözlərdən, ifadələrdən fərqli olaraq, söz birləşmələri dilin lüğət tərkibində hazır şəkildə deyildir. Dildə söz birləşmələrinin özləri deyil, quruluş modelləri vardır və danışanın məqsədindən asılı olaraq, nitq prosesində müvafiq sözlər, ifadələr seçilir və həmin modellər əsasında söz birləşmələri yaradılaraq cümləyə daxil edilir.
Söz birləşmələrinin ən çox istifadə olunan modellərindən biri asılı tərəfi atributiv xarakterdə olan substantiv birləşmələr modelidir. Bu modeldə isim, sifət, say, işarə əvəzlikləri və fe”li sifətlər heç bir morfoloji əlamətə ehtiyac olmadan atributiv şəkildə bu və ya digər bir ismə (və ya isimləşmiş sözə) yanaşır və birləşmə əmələ gətirir. Biz əşya adı bildirən hər hansı bir sözü müxtəlif cəhətdən səciyyələndirməklə bu model əsasında rəngarəng birləşmələr yarada bilərik. Məsələn, dilimizdə ş ə h ə r sözünün iştirakı ilə: qoca şəhər, qədim şəhər, böyük şəhər, gözəl şəhər, təzə şəhər, balaca şəhər, o şəhər, bu şəhər, həmin şəhər, zəngin şəhər, abad şəhər, azad şəhər, işıqlı şəhər, bir neçə şəhər, məşhur şəhər, paytaxt şəhər, yaşıllaşan şəhər və s. kimi birləşmələr işlənir Yaxud bьtövlükdə substantiv birləşmə modeli vardır: birinci tərəfi yiyəlik hal, ikinci tərəfi mənsubiyyət şəkilçili. Semantik cəhətdən əlaqələnə bilən hər cür isimləri (və isimləşmiş sözləri) bu model əsasında əlaqələndirmək və birləşmə yaratmaq mümkündür. Məsələn, yiyəlik halda e v sözünü evlə bağlı anlayışları ifadə edən müxtəlif sözlərlə əlaqələndirə bilərik: e v i n qapısı, pəncərəsi, döşəməsi, tavanı, divarı, suvağı, rəngi, havası, çardağı, mebeli, həyəti, darvazası, eyvanı, adamı, sahibi, yaraşığı və s. (Modellər haqqında bir qədər sonra ətraflı mə’lumat veriləcəkdir).
Sözlər arasında əlaqə birləşmələrin əsas komponentinin mə”nasının dəqiqləşməsinə, konkretləşməsinə, daralmasına, sözün ifadə etdiyi məfhuma konkret olaraq hansı baxımdan yanaşıldığını başa düşməyə imkan verir. Yuxarıdakı birləşmələrin əsas tərəfinin asılı tərəflər hesabına mə”na tutumuna görə necə daraldığını, necə konkretləşdiyini müşahidə etmək çətin deyildir.
Söz birləşmələrini cümlədən ayırıb çıxarmaq və müəyyən model əsasında qurulmuş birləşmənin paradiqmalarını yaratmaq mümkündür. Məsələn, Hər göyün ulduzu bir asimandır (S. Vurğun) – misrasından göyün ulduzu birləşməsini ayırmaq və rəngarəng formalarda (göylərin ulduzu, göyün ulduzları, göylərin ulduzları, göylərin ulduzlarını, göylərin ulduzlarında və s.) işlətmək mümkündür. Bunlardan göyün ulduzu b a ş l a n ğ ı c formadır, qalanı həmin birləşmənin paradiqmalarıdır. Başlanğıc formasının və paradiqmalarının olması o demək deyildir ki, söz birləşmələri cümlədən kənar hazır şəkildə mövcuddur. Lakin eyni zamanda bu həm də o demək deyildir ki, söz birləşmələri cümlədən kənar qeyri-mümkündür, əşya və hadisələri adlandırma məqamında onlardan istifadə edilə bilməz.
Söz birləşmələrinin paradiqması əsas komponentin paradiqmasından ibarətdir. Ona görə də söz birləşmələri öyrənilərkən əsas komponentin morfoloji xüsusiyyətlərinin öyrənilməsinə daha geniş yer verilir.
Söz birləşmələrinin qurulmasında söz sırasının mühüm rolu vardır. Əksər modellərdə əsas tərəf asılı tərəfdən sonra, bə`zilərində asılı tərəfdən əvvəl işlənir. “Atributiv tərəf + substantiv tərəf” modelində (daş divar) ikinci tərəfin mə’nası, “substantiv tərəf + atributiv tərəf” modelində (ağzı örtülü) birinci tərəfin mə’nası dəqiqləşdirilir, daraldılır. Bu hal əsas və asılı tərəflərin nitq hissələri ilə ifadəsindən, birləşmələrin komponentlərini əlaqələndirən leksik-qrammatik vasitələrdən və sintaktik əlaqə üsullarından asılıdır. Söz birləşmələrinin tədqiqi prosesində bu cəhətlərə xüsusi diqqət yetirilir.
Dil və nitq vahidləri aşağıdan yuxarı qata doğru, sadədən mürəkkəbə istiqamətində düzülmüş şəkildə təsəvvür olunur: səs – heca – söz – söz birləşməsi – sadə cümlə – genişlənmiş sadə cümlə -mürəkkəb cümlə – qarışıq tipli mürəkkəb cümlə – sintaktik bütöv – mürəkkəb sintaktik bütöv. Nitq zəncirinin bu həlqəciklərindən hansı vahid hansılarla həmsərhəddirsə, həmin vahidlərlə oxşar-ortaqlı və fərqli cəhətlərə malikdir. Bu baxımdan söz birləşmələri aşağı qatda sözlə, yuxarı qatda cümlə ilə həmsərhəddir, ona görə də həm sözlə, həm də cümlə ilə oxşar və fərqli cəhətlərə malikdir.
Əşya və hadisələri adlandırma, cümləyə tikinti materialı şəklində daxil olma imkanlarına və başlanğıc formaya malik olmasına görə söz birləşmələri ilə sözlər arasında yaxınlıq vardır. Lakin bu yaxınlıq onların tamamilə fərqli dil vahidləri olduğunu inkar etmir. Söz birləşmələri ilə sözlər arasında aşağıdakı mühüm fərqlər vardır:
– söz leksik, söz birləşməsi sintaktik vahiddir; yə`ni sözlər əşya və hədisələri təklikdə, söz birləşməsi isə qrammatik əlaqə yolu ilə ifadə edir;
– söz təklikdə ümumi və geniş mə’naya malik olur; məcazilik, çoxmə’nalılıq və omonimlik əsasında yaranmış bütün mə’naları özündə cəmləşdirir, lakin birləşmə daxilində sözün mə’nası daralır, konkretləşir, dəqiqləşir, mümkün olan mə’nalardan biri nəzərdə tutulur; məs.: bal – arı balı, kitab – dərs kitabı, şəhər – Bakı şəhəri və s. Ona görə də çox zaman dərslik və monoqrafiyaların adları, kitablarda böyük fəsillər bir sözdən ibarət olur: “Qrammatika”, “Ədəbiyyat”, “İsim”, “Fe”l” və s. Söz birləşməsi şəklinə salmaqla həmin sözlərin mə’nasını xeyli konkretləşdirmək, daraltmaq olur: Azərbaycan dilinin qrammatikası, Azərbaycan ədəbiyyatı, sadə isimlər, düzəltmə fe”llər və s.;
Q e y d. Az hallarda söz metaforik söz birləşmələrinə nisbətən daha konkret mə’na ifadə edir; məs.: evin böyüyü – kişi, yaz ayı – aprel və s.
– sözlərdən fərqli olaraq, birləşmələrin əsas və asılı tərəfləri olur; məs.: baharı gözləmək, dağlardan uca, ən uzaq ulduz, günəş kimi parlaq və s. birləşmələrin birinci tərəfi asılı, ikinci tərəfi əsas tərəfdir;
– söz səslərdən, söz birləşməsi isə sözlərdən yaranır, buna görə də söz birləşmələrində asılı tərəf əsas tərəfi konkretləşdirmək və müəyyən cəhətdən dəqiqləşdirməklə bitkinliyin yaranması üçün dil materialını müəyyən mərhələyə qədər hərəkətə gətirmiş olur.
Bütün bunlar göstərir ki, sözlərlə söz birləşmələrini fərqləndirmək o qədər də çətin deyildir. Lakin sözlərin elə bir qrupu vardır ki, onlar söz birləşmələrinə daha yaxındır. Həmin söz qrupu m ü r ə k k ə b sözlərdən ibarətdir. Söz birləşmələri ilə mürəkkəb sözlər arasında yaxınlıq daha çoxdur:
– həm söz birləşmələri, həm də mürəkkəb sözlər ən azı iki müstəqil sözün birləşməsi yolu ilə əmələ gəlir;
– söz birləşmələri və mürəkkəb sözlər eyni nitq hissələrindən formalaşır;
– söz birləşmələri və mürəkkəb sözlər eyni sintaktik əlaqələrlə formalaşır;
– və, nəhayət, hər ikisində söz sırası eyni olur.
Bu cür yaxınlığa səbəb söz birləşmələrinin mürəkkəb sözlər üçün baza rolunu oynamasıdır, yə`ni mürəkkəb sözlər söz birləşmələrinin bə`zi quruluş modelləri əsasında formalaşır. Uzun saç, uca boy, su qabı, insan oğlu, evə baxan, yer şumlayan və s. tipli birləşmələrlə uzunsaç (qadın), ucaboy (kişi), ayaqqabı, qardaşoğlu, günəbaxan, toxumsəpən tipli mürəkkəb sözlərin müqayisəsi də bunu aydın göstərir. Bu hal söz birləşmələri ilə mürəkkəb sözləri fərqləndirməkdə bə”zən çətinliklər törədir.
Mə”lumdur ki, dil daim inkişaf edir və tədricən dəyişir. Dilimizdə keçid prosesində olan, vurğunun dəyişməsi ilə asanlıqla söz birləşməsindən mürəkkəb sözə çevrilən sintaktik vahidlər çoxdur. Məsələn: Onun gözləri önündə yenə də qara qaşlı, qara gözlü balaca Sabir canlanırdı (S.Rəhimov) – cümləsindəki qara qaşlı, qara gözlü birləşmələrinin mürəkkəb sözə çevrilməsi üçün tərəflərinin birlikdə bir vurğu ilə tələffüzü kifayətdir: Onun gözləri önündə yenə də qaraqaşlı, qaragözlü balaca Sabir canlanırdı.
Bu cür hallar və ümumən “mürəkkəb söz” me`yarının dəqiq müəyyənləşdirilməməsi təhlil prosesində mübahisələrə səbəb ola bilir. Bunlara baxmayaraq, ümumən mürəkkəb sözlərlə söz birləşmələrini fərqləndirmək mümkündür:
-söz birləşmələrinin tərəfləri müstəqil leksik-qrammatik mə`naya malik olur; məsələn: xoş söz, məktəbə gedən; mürəkkəb sözlərin tərəfləri birlikdə bir mə`na, bir məfhum ifadə edir; məsələn: xoşbəxt, ağlabatan və s.;
– söz birləşmələrinin tərəfləri arasında sintaktik əlaqələr canlı və mütəhərrikdir, mürəkkəb sözlərdə isə sintaktik əlaqələr öz əhəmiyyətini itirmiş olur; məsələn: xoş söz birləşməsində yanaşma, məktəbə gedən birləşməsində idarə əlaqəsi göz önündədir, lakin müasir dil baxımından xoşbəxt sözündə yanaşmadan, ağlabatan sözündə idarədən danışmağa ehtiyac yoxdur (mürəkkəb sözlərdə sintaktik əlaqələr haqqında etimoloji baxımdan danışmaq olar);
-söz birləşmələrinin tərəflərinin hər biri müstəqil sintaktik suala cavab verir: xoş söz (necə? nə?); mürəkkəb sözün tərəfləri birlikdə bir suala cavab verir: xoşbəxt (necə?), ağlabatan (necə?);
– söz birləşmələrinin tərəfləri müstəqil vurğuya malik olur: xoş söz, məktəbə gedən; mürəkkəb sözün tərəfləri birlikdə bir vurğu ilə tələffüz edilir: xoşbəxt, ağlabatan.
Beləliklə, sintaksisin əsas vahidlərindən biri olan söz birləşmələri mahiyyət e`tibarilə söz-formalara yaxın olub, sözlərin g e n i ş l ə n m ə, d ə q i q l ə ş m ə modelidir.
Mürəkkəb sözlərin bir qrupunu q o ş a s ö z l ə r təşkil edir. Qoşa sözlər də söz birləşmələrinin ibtidai və ilkin strukturuna yaxındır. Qoşa sözlər iki komponentdən ibarət olur və komponentlər əksərən sinonimlik və ya antonimlik əsasında qurulur. Bunların əsas xüsusiyyəti tərəflərinin fonetik cəhətdən uyğun olması, birlikdə bir mə’na, bir məfhum ifadə etməsidir; məs.: :qada-bala, səs-küy, var-yox, get-gəl. vur-tut, can-ciyər, çör-çöp, dava-dərman, azar-bezar, kələ-kötür, iş-güc, əvvəl-axır, gec-tez, söz-sov və s. Dilimizdə səs tərkibini öndən dəyişməklə hər bir sözün qoşasını yaratmaq mümkündür; məs.: qara-qura, ət-mət, az-maz, kağız-kuğuz, kitab-mitab, bel-mel, qəzet-məzet, Əli-Məli, cındır-mındır və s. Qoşa sözlərin komponentləri arasında söz birləşmələrinin tərəfləri arasındakına nisbətən az fasilə edilir. Bu hal onu söz birləşmələrindən fərqləndirir. Tərəflərinin birlikdə bir məfhum ifadə etməsi və tərəflərdən birinin bə”zən mə’na ifadə etməməsi ilə də (kələ-kötür, cındır-mındır, kitab-mitab və s. ) qoşa sözlər söz birləşmələrindən fərqlənir. Bu cəhətdən qoşa sözlər mürəkkəb sözlərə daha yaxındır. Lakin tərəflərdən birinin müstəqil leksik vahid prototipi olmaması ilə qoşa sözlər mürəkkəb sözlərlə tam eyniyyət təşkil edə bilmir və mürəkkəb söz daxilində xüsusi bir qrup kimi öyrənilir.
Söz birləşmələri bə`zən s i n t a q m l a r l a qarışdırılır. Sintaqm anlayışı dilçilikdə müxtəlif şəkildə izah edilir. Sintaqmın L.V.Şerba tərəfindən izahı fonetik sintaqmlara aiddir. Bu tə`limə əsasən sintaqm nitqin mə`na bütövlüyünə malik ritmik bölümlərindən ibarət olan fonetik vahidlərdir. Sintaktik sintaqmlar haqqında tə”lim bundan fərqli olub, F. de Sössür, Ş.Balli, V.V.Vinoqradov, F.Mikuş və başqaları tərəfindən hazırlanmışdır.
Sintaqm (yunanca syntagma sözündən olub, birləşmə əvəzi, qurulma mə`nasındadır) cümlədə sintaktik əlaqələrlə birləşən və vahid tam kimi fəaliyyət göstərən söz birləşməsi və söz qruplarından ibarətdir. Sintaqmlar əlaqə tipindən asılı olaraq fərqlənir və predikativ sintaqmlar, atributiv sintaqmlar kimi növlərə ayrılır. Adətən, binar xarakterdə, yə`ni ikiüzvlü olur. Sintaqmlar söz birləşmələri ilə oxşar cəhətlərə malik olsa da, əhatə dairəsinə və bə`zi xüsusiyyətlərinə görə onlardan fərqləndirilir. Söz birləşmələri sintaktik əlaqə tipinə və əsas komponentin kateqorial səciyyəsinə görə, sintaqmlar isə komponentlər arasındakı sintaktik münasibətlərə, əlaqə tiplərinə görə təhlil edilir. Söz birləşmələrindən fərqli olaraq, sintaqmların komponentlərini başqa sözlərlə əvəz etmək olur və mə`na dəyişmir. Bə”zi dilçilər söz birləşmələrinin statik keyfiyyətə malik dil faktı olduğunu, sintaqmların isə nitq faktı olmaqla dinamikliyə malik olduğunu qeyd edirlər: söz birləşməsi – özünü mə’nalı iki vahidin statik-qrammatik birləşməsi kimi göstərən birləşmədir, sintaqm isə sözlərin nitqdə və ya cümlədə aktiv funksiya yerinə yetirən birləşməsidir.15 Məsələn, Xacə Ənvər bardaş qurub hökmdarın ayaqları altında, xalçanın üstündə oturdu (Y.Səmədoğlu) – cümləsində hökmdarın ayaqları altında, xalçanın üstündə statik birləşmələr, Xacə Ənvər oturdu, bardaş qurub oturdu, hökmdarın ayaqları altında oturdu, xalçanın üstündə oturdu birləşmələri dinamik birləşmələr – sintaqmlardır. Söz birləşmələrindən fərqli olaraq, sintaqmlara predikativ münasibət də aiddir. Ş.Ballinin fikrinə görə, ola bilər ki, cümlədə mübtəda olmasın, lakin subyekt – predikat əlaqəsinin mövcudluğu zəruridir. Subyektin predikatla əlaqəsi tə”yinlə tə”yinlənənin, obyekt bildirən sözlə tə”sirli fe”lin əlaqəsi kimidir.16
Sintaqmın xarakter əlamətləri aşağıdakılardır:
– sintaqm binar xarakterdə (iki üzvlü) olub, mütləq özündə iki üzvü birləşdirir;
– sintaqmın bu və ya digər üzvü başqa sintaqma da aid ola bilər;
– sintaqmlar komponentləri arasında tabelilik əlaqəsinin olması ilə xarakterizə edilir.17
Gənc həkim xəstəni diqqətlə müayinə etdi – cümləsində: gənc həkim, həkim müayinə etdi, xəstəni müayinə etdi, diqqətlə müayinə etdi kimi sintaqmlar vardır. Bunlardan birincisi atributiv əlaqə, ikincisi predikativ əlaqə, üçüncüsü obyekt əlaqəsi, dördüncüsü relyativ əlaqə əsasında qurulmuş sintaqmlardır. Göründüyü kimi, qeyd etdiyimiz sintaqmların hamısı ikiüzvlüdür və tabelilik əsasında qurulmuşdur; həkim sözü iki, müayinə etdi sözü üç sintaqmın tərkibində iştirak etmişdir. Əhatə dairəsinin genişliyi ilə də sintaqmlar söz birləşmələrindən fərqlənir. Bu sintaqmlardan yalnız biri (gənc həkim) sintaktik birləşmələrlə eynidir. Predikativ birləşmələri də əhatə etməsi və cütüzvlü olması ilə sintaqmlar söz birləşmələri çərçivəsindən kənara çıxır.
Söz birləşməsi yuxarı qatda c ü m l ə ilə ümumi və ortaqlı struktur cəhətlərə malikdir. Aydındır ki, cümlə özü də sözlərin birləşməsindən ibarətdir. Lakin dilçilikdə “söz birləşməsi” anlayışı ilə “sözlərin birləşməsi” anlayışı fərqləndirilir. Sözlərin birləşməsi nəticəsində sintaktik sərbəst birləşmələrlə yanaşı, sabit, dəyişməz, frazeoloji birləşmələr, sintaqmlar və predikativ birləşmələr də yaranır. Sintaksisin predmetinə daxil olan söz birləşmələri bunlardan sonuncusu ilə – predikativ birləşmələrlə kontur təşkil edir. Predikativ birləşmə mübtəda – xəbər əlaqəsi əsasında qurulur. Başqa sözlə, predikativ birləşmə cümlənin qrammatik əsası, bel sütunu, nüvəsidir. Ona görə də “predikativ birləşmə” və “cümlə” terminləri sinonim hesab olunur.
Sintaktik birləşmələrlə (həqiqi söz birləşmələri ilə) predikativ birləşmə, yə`ni cümlə arasında əlaqə və yaxınlıq çoxdur. Bunların hər ikisi obyektiv aləmlə bağlı münasibətlər əsasında formalaşır, eyni nitq hissələrindən və eyni sintaktik əlaqələrlə qurulur. Tə”yinlə tə”yinlənənin münasibətləri və ümumən söz sırası da bunlarda əksərən eyni olur. Lakin cümlə ünsiyyət vasitəsidir, bitmiş fikir ifadə edir. Söz birləşmələri isə yalnız nominativliyə – adlandırma imkanlarına malikdir, predikativlik və modallıq keyfiyyətlərindən məhrumdur. Heç bir söz birləşməsi predikativlik, modal-zaman münasibətləri qazanmayınca bitkin fikir ifadə edə bilməz. Cümlə kommunikativ xarakteri ilə yanaşı, nisbi bitkin fikir ifadə etməsi, predikativlik əlamətləri və xüsusi intonasiya ilə tələffüzünə görə də söz birləşmələrindən fərqlənir. Cümlədə tabesizlik əlaqəsindən – həmcins üzvlərdən istifadə edilir, söz birləşmələri isə yalnız tabelilik əsasında formalaşır. Söz birləşmələrindən fərqli olaraq, cümlədə ara sözlərdən, xitablardan, nidalardan, ədatlardan geniş istifadə edilir. Cümlənin quruluş sxemi çox genişdir. Cümlə kiçikdən böyüyə bütün dil vahidlərini özündə cəmləmiş olur və sintaktik bütövlərin əsasında durur. Dilçiliyin fonetika, leksikologiya, frazeologiya, derivatologiya, orfoqrafiya, orfoepiya, morfologiya, morfonologiya, sintaksis və üslubiyyat kimi bütün şö”bə və sahələrinin öyrənməsi üçün lazım olan hər cür fakt və hadisəyə cümlədə rast gəlmək olur. Buna görə də cümləyə dilçilik tədqiqatında daha geniş yer verilir. Söz birləşmələrinin semantik və qrammatik xüsusiyyətlərini cümlədən kənarda da öyrənmək olar, lakin onların əlamət və xüsusiyyətləri cümlə daxilində daha dəqiq müəyyənləşir, ona görə də sintaksisin bu ilkin vahidinin cümlə daxilində öyrənilməsi daha münasib sayılır.