- Ədəbiyyat

At familiyası

Anton Çexov

İstefaya çıxmış general-mayor Buldeyevin dişi ağrıyırdı. O ağzını araq və konyakla yaxalayır, ağrıyan dişinə müştük qırı, tiryək, skipidar, neft qoyur, üzünə yod sürtür, qulaqlarına spirtli pambıq tıxayırdı. Lakin bunların heç biri köməyi olmurdu, artıq ağrı onun ürəyini bulandırırdı. Həkim gəldi. Buldeyevin dişini qurdaladı, kinə yazdı, lakin bu da kömək etmirdi. Ağrıyan dişin çıxarılması təklifinə də general razı olmadı. Evdəkilərin hamısı – generalın arvadı, uşaqları, qulluqçusu, hətta aşpaz Petka da diş ağrısına qarşı öz təkliflərini söylədilər. Buldeyevin darğası İvan Yevseiç də onun yanında gəlib diş ağrısını ovsunla müalicə etməyi məsləhət gördü.

Dedi ki:

– Zati-aliləri on il bundan əvvəl bizim qəzada Yakov Vasiliç adlı bir vergiyığan qulluq edirdi. Dişləri ovsunla sağaltmaqda o çox mahirdi. Bir də gördün ki, üzünü pəncərəyə tutub pıçıldayır, tüpürür, elə o dəqiqə də dişin ağrısı kəsilirdi. Ona belə bir vergi verilmişdi?

– O indi hardadır?

– O vergi idarəsindən çıxarıldıqdan sonra Saratovda qayınanasının yanında yaşayır. İndi ancaq diş müalicə etməklə dolanır. Bir adamın dişi ağrıyan kimi onun yanına gedir, köməyi də olur. Saratovluları öz evində qəbul edir, başqa şəhərlərdə yaşayanları isə teleqrafla müalicə edir. Zati-aliləri, ona teleqram vurun… Yazın ki, bir allah bəndəsinin dişləri ağrıyır, müalicə etmənizi xahiş edirəm. Müalicə pulunu da poçtla göndərərsiniz.

– Bu boş sözdür! Fırıldaqçılıqdır!

– Zat aliləri, siz bir təşəbbüs edin. Arağa çox hərisdir. Özü də arvadı ilə deyil, bir alman qadını ilə yaşayır. Söyüş söyəndi, amma heç belə məharətli cənab olmaz!

Generalın arvadı dilləndi:

– Alyoşa, teleqram vur. Sən inanmırsan, amma mən bunu özümdə sınaqdan çıxarmışam. Sən buna inanmasan da xəbər göndərməyə nə var ki! Bundan əl-ayağın qurumaz ki!

Buldeyev onlarla razılaşdı:

– Yaxşı da, siz deyən olsun. Belə bir vaxtda adam nəinki vergiyığana, hətta şeytanın özünə də teleqram göndərər… Uf, daha tab gətirə bilmirəm! Yaxşı, de görüm, sənin o vergiyığanın harada yaşayır? Ona nə yazaq?

General stolun arxasında oturub qələmi əlinə aldı.

Darğa dedi:

– Saratovda onu it də tanıyır. Zat-aliləri, buyurub yazırsınız ki, Saratov şəhərində, deməli ki… Hörmətli ağa Yakov Vasiliçə… Vasiliçə…

– Sonra?

– Vasiliçə… Yakov Vasiliçə… Familyası isə… Familyasını unutmuşam!.. Vasiliçə… Zəhrimar… Onun familyası necədir? Buraya gələnədək yadıma idi… İcazə verin…

İvan Yevseiç gözlərini tavana zilləyib fikirləşdi: onun dodaqları tərpənirdi. Buldeyevlə arvadı səbirsizliklə gözləyirdilər.

– Hə, nə oldu? Tez ol görək!

– Bu saat… Vasiliçə… Yakov Vasiliçə… Yadımdan çıxıb… Özü çox sadə familiyadır… elə bil at familiyasıdır. Madyanov? Yox, Madyanov deyil. Dayanın, dayanın… Yoxsa Ayğırovdur? Yox, Ayğırov da deyil Onu bilirəm ki, ata məxsus bir şeydir, ancaq nədir, – yadımdan çıxıb.

– Dayçazadə?

– Yox,yox! Dayanın, dayanın… Madyanlı, Madyanzadə. Qancıqov…

– Bu daha at familiyası deyil, it familiyası oldu. Dayçayev!

– Yox, Dayçayev də deyil… Atov…Atlızadə… Dayçalı… Yox, bunlar da deyil!

– Yaxşı, bəs mən ona necə yazım? Sən bir fikirləş!

– Bu saat! Qulanov… Qulanlı… Qulanzadə…

Generalın arvadı soruşdu:

– Bəlkə Yabızadədir?

– Yox, elə deyil! Alaşayev… Yox, bu da deyil! Yadımdan çıxıb!

General acıqlandı:

– Ay səni öküz vursun, yadından çıxıbsa, bəs nə üçün baş-beynimizi aparırsan? Rədd ol burdan!