- Köşə

Şuşanın dağları – başı dumanlı….

 

Gülyaz ƏLİYEVA

Mən ağdamlıyam. Ağdamda doğulub böyümüşəm. Qarabağın saf, təmiz havası, uca dağları, geniş düzənləri (zümrüd meşələri yazmıram) təsir edib mənə, mənim xarakterimin formalaşmasına, özümün kamilləşməyimə …Bütün sadə insanlar kimi mən də öz doğulub-böyüdüyüm, ilk qədəmlərimi basdığım torpağı çox sevirəm! Biz ağdamlılar, əsasən, yayı Şuşada keçirərdik. O vaxtlar Şuşa SSRİ məkanında tanınmış kurort zonalarından biri idi. Yayda Şuşa o dövrün ziyalılarının, incəsənət və mədəniyyət xadimlırinin istirahət və görüş yerləri idi.

Bu zaman Bakının elm, incəsənət və mədəniyyət xadımləri Şuşaya axışırdı. Bu da şəhərin ümumi atmosferinə və ədəbi həyatına təsir edən amillərdən idi. Sərin, hətta soyuq yay gecələrində şəhər əhalisi və gəlmələr qəşəng geyinib-keçinib rəngbərəng, nadir gülləri ilə məşhur “Güllü park” deyilən yerə həm istirahət etməyə, həm də o dövrün məşhur adamlarını görməyə yığışardılar. Konsertlər, müxtəlif tədbirlər və mütləq Cıdır düzündə “Vaqif günləri” keçirilərdi hər yay. Cavanların ilk görüş yeri, sevgi etiraflarının məkanı idi həm də Şuşa !..
Şuşanın çay daşları döşənmiş qədim əyri-üyrü küçələri, dolanbacları mənə sehrli nağıllar aləmini xatırladırdı, hələ oradan keçən qotazlı faytonları demirəm. Belə qalıb mənim yadımda Şuşa – çal-çağırlı, təmtəraqlı, mədəniyyət mərkəzi, musiqi və sevgi beşiyi kimi!.. Lap nağıl kimi!…

…Mən Ağdama – Qarabağa, vətənimə çox bağlıyam! Amma, nədənsə, Qarabağ adı çəkiləndə mənim gözlərim qarşısına Ağdam deyil, Şuşa gəlir! Şuşa üçün daha çox darıxır, oranın həsrətini daha çox çəkirəm! Yuxularıma Ağdam yox, məhz Şuşa girir tez -tez! ….Tül pərdəyə bürünmüş kimi görünən Şuşanın başı dumanlı dağları, Cıdır düzündə – yaşıl çəmənlikdə yığışıb 2 bir – 3 bir gəzən gözəl qız-gəlinləri, orada ənənəvi olaraq keçirilən at yarışmaları, İsa bulağı, üstündən əskik olmayan musiqi sədaları, çal-çağır mənə daha doğma, daha əziz idi!

….Yayı Şuşada qalardıq. Şənbə-bazar olanda atam da yanımıza gəlib bizimlə birlikdə dağlara çıxardı. Bizim qızlarla birlikdə xınalı qayalardakı xına daşında əllərimizə xına qoymağımız, kəkotu, qantəpər toplamağımız, titrəmərcan, meşəçiyələyi yığmağımız bir kino lenti kimi hərdən gözümün qarşısından keçir, oranın saf havasından ötrü burnumun ucu göynəyir!
Doğrudanmı, biz o yerləri – o gözəl Cənnət məkanı əldən verdik?!

…Şuşa deyiləndə həm də Cıdır düzündə yarışan o möhtəşəm Qarabağ atları, onların əzəmətli şahə qalxmaları, kişnərtisi qulaqlarımda cingildəyir. Və bir də Şuşa deyəngə hafizəmə hopmuş nakam bir sevgi dastanının acı xatirələri canlanır…

Çox-çox əvvəl bizim qonşuluğumuzda bir ana-bala yaşayırdı Ana kitabxanaçı idi. Lap cavan yaşlarından dul qalmış, bir üzü qız, bir üzü gəlin, saçlarını süpürgə edib öğul böyütmüşdü. Oğul da bir oğul idi – vuran-tutan, dəli-dolu! Adı İntiqam idi İntiqamgilin Şuşada da evləri vardı. Ora ancaq yaydan-yaya gedərdilər. Xan Şuşinskinin, Ü Hacıbəylinin evlərinin qonşuluğunda idi bu ikimərtəbəli, böyük, qədim ev. Geniş eyvanı vardı. Biz də yayda Şuşaya gedəndə onlarda qalardıq. Anası qohumumuz idi …
Mənə çox şey orada qəribə gələrdi. Bunlardan biri də su quyuları idi. Ağdamda sular ya bulaq, ya da artezian vasitəsi ilə gələrdi. Burada isə suyu quyudan çəkərdilər. Quyunu erməni qazmışdı, (onlar quyu qazmaqda mahirdilər axı ….) O quyulardan çox qorxurdum. Həmişə elə bilirdim ki, quyudan bir gün cin çıxacaq. O cin mütləq su üçün quyuya sallanın vedrənin içində oturub qaranlıq quyudan işıqlı dünyaya çıxacaq!
Odur ki, o quyulara yaxın düşə bilmirdim (həqiqətən də, zənnimdə yanılmamışdım, bir neçə illdən sonra ermənilərin Qarabağ zonasının hər tərəfində qazdıqları quyulardan amansız cinlər çıxacaqdı! Bu isə sonralar olacaqdı. İndisə mənim hələ onlardan xəbərim yox idi! Xoşbəxt, qayğısız, sevincli, atalı-analı uşaqlığımı yaşayırdım!…

Quyudan suyu bizimçün də İntiqam çəkirdi, bizi Şuşanın görməli yerlərinə – Turşsuya, Cıdır düzünə, “Güllü park”a gəzməyə aparardı… Biz uşaqların hər nazına dözür, nə desək, edirdi. Bəlkə də, bunların hamısını kiməsə görə edərdi, amma biz hələ ki heç nə bilmirdik. Bir yay heç yadımızdan çıxmaz.. Həmin il İntiqamın atının Cıdır yarışlarında 1-ci olması onu bizim gözümüzdə qəhrəman etmiş, daha da hörmətə mindirmişdi. .İntiqamı görəndə hamımız onun yanına qaçar, atı haqqında yağış kimi suallar yağdırardıq. O da qamçısı əlində, atının yalını sığallayar, cavab əvəzinə bizə cibindən qovrulmuş noxud çıxarıb verərdi… O noxudlar çox dadlı olardı, indi heç eləsi yoxdu ..

İntiqam öz sinif yoldaşı – uzun hörüklü Tünzaləni sevirdi. Tünzalə bizim riyaziyyat müəllimimizin qızı idi, atası da, anası da riyaziyyatçı idi. Tünzalə həm çox gözəl, həm ağıllı, həm də tərbiyəli qız idi. Gözəlliyinə və tərbiyəsinə görə çoxları ona elçi düşmüşdü. Amma Tünzalə razılıq verməmişdi. İntiqam Tünzaləni hamı kimi yox, dəlicəsinə sevirdi, Tünzalə də İntiqamı! O, Tünzaləyə sevgi məktubları yazırdı, uşaqlardan yollayar, özü isə lap kənarda – ağacın dalında gizlənib doqqaza çıxan Tünzaləyə, onun məktubu necə almağına baxardı, hər şeyi gözləri ilə görərdi. Amma yenə də uşağı çağırıb soruşardı:
– Məktubu verdinmi? Aldı? Nə dedi? və s .

İntiqam mərd idi, qorxmaz idi, uşaqlıqdan atasız böyümüş, anasına hər işdə kömək etmiş, vaxtından əvvəl kişiləşmişdi. Cavan olsa da, ona hörmət edir, sayırdılar, ədalətsizliyə dözmür, köməksizlərə kömək durar, məhlənin qeyrətin çəkər, qocalara əl tutar, işlərinə yarıyardı. Kimin çətin bir işi olardısa, mütləq İntiqama deyərdi. Bax belə bir oğlan idi İntiqam. Tünzalə İntiqamı səssiz-səmirsiz, lal-dinməzcəsinə sevirdi. Onu görəndə yanağı allanar, kiprikləri aşağı enər, səsi güclə çıxardı…
Əsgərlik vaxtı çatanda İntiqam əsgərliyə, Tünzalə isə Bakıya oxumağa getdi. Əsgərlikdən gəlməyə az qalmış İntiqam ermənilərlə Qarabağ üstündə davaya düşmüş, günahı olmaya-olmaya ona Rusiyada 11il cəza kəsmişdilər ….

Bu illər ərzində Tünzalə institutu bitirmiş, daha da gözəlləşmişdi, qoşa hörükləri isə yenə də yeriyəndə topuğunu döyürdü, onları kəsdirməmişdi…
Tay-tuşları hamısı nişanlandı, toyları oldu. Tünzaləsə oturub İntiqamın yolunu gözlədi. Tünzaləni istəməyə gələnlərin hamısı o qapıdan əliboş qayıtdı. Tünzalə heç kəsə könül vermədi. O sanki öz sevgisini məktublara büküb o qaranlıq quyulara atmışdı. Onu oradan yalnız İntiqam çıxara bilərdi!…

O illər ərzində bu gözəl çöhrəli qızın üzünün bir dəfə də olsun güldüyün görmədim. Hamı Cıdır düzünə çıxıb deyib-güləndə bu qızın bir kənara çəkilib saatlarca sakitcə oturub o dağlardan gələn yollara qəmli-qəmli baxmağı, uşaq olsam da, diqqətimdən yayınmır, ürəyimdə ona qarşı sevgi dolu bir rəhm yaranırdı.

Nəhayət, uzun ayrılıqdan sonra bir gün İntiqam Beyrək dustaqlıqdan qayıdan kimi qayıtdı. Hamı sevindi, şadyanalıq etdi. İntiqamın anasının isə uçmağa burcə qanadları çatmırdı. Həmin yay, o ulduzlu axşam mənim heç vaxt yadımdan çıxmaz! O gecə sanki ulduzlar daha parlaq, qız-gəlinlər daha gözəl, qonşularsa daha mehriban idilər. Qonaqlığa anası ilə Tünzalə də gəlmişdi! Baxdım ki o, təsadüfdənmi, ya zərurətdənmi qırmızı kofta, yaşıl da yubka geyinib və bu qırmızı kofta ona çox yaraşır, koftanın qlrmızısı sanki onun ağ sifətinə işıq saçmışdı. O, məclisdə Tünzalə bir ulduz kimi parlayırdı…
Birdən İntiqam oxumağa başladı İntiqamın bu qədər gözəl səsinin olduğun o vaxta qədər heç kəs bilmirdi. O , həzin və kədərli səslə oxuyurdu:

Şuşanın dağları başı dumanlı ,
Qırmızı qoftalı, yaşıl tumanlı
Dərdindən ölməyə çoxu gümanlı…
Ay qiz, bu nə qaş-göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da, balam, barı gül!…

Bu hadisədən bir neçə gün sonra onlar nişanlandılar. İntiqam Tünzalə üçün yenə quyudan su çəkirdi. Qızın üzü sevincdən işıq saçırdı. O zaman mənə elə gəldi ki, neçə il bundan əvvəl Tünzalənin üzündəki bu parlaq sevinc sanki bu qaranlıq quyuya düşmüş, indi İntiqam o sevinci su ilə birlikdə çəkib Tünzaləyə qaytarmışdı.

Bu sevincin böyük bir hissəsini də İntiqam güclü qolları ilə anası üçün çıxarmışdı ….Ana uzun ayrılıqdan sonra var gücü ilə toya hazırlaşırdı! 88-ci il idi. Ermənilər çox pis başlamışdılar! Namərdcəsinə, xaincəsinə! Belə bir vaxtda İntiqam evdə otura bilməzdi! Odur ki, o da könüllü dəstəyə qoşulub Vətənin keşiyini çəkirdi.
O vaxtlar kişilər məhlə-məhlə toplanıb, gecələri hərə öz yurdunun keşiyində durardı. Kiminin qoşalülə tüfəngi, kiminin baltası, kiminin dəhrəsi, kiminin də babasından qalma xəncəri vardı…
Ermənilər yalquzaq canavar kimi gecələr fəaliyyətdə olur, Ağdamı, Şuşanı Xankəndidən “komendant saatında” rusların onlara verdikləri “Qrad” qurğuları ilə atəşə tuturdular!
Bizim cavanlar da cavabsız qalmırdılar. İntiqam Şuşada könüllü batalyona yazılmışdı. O, əsgərliyi Rusiyada çəkmiş, hər cür hərbi texnikadan, silah-sursatdan baş çıxarırdı.
İndi o, at yox, tank sürürdü…

Bizim riyaziyyat müəlliminin də oğlu könüllü batalyonda vuruşurdu. Bir gecə Gülablı tərəfdən erməni kəndlərinə kəşfiyyata gedərkən ermənilər onu girov götürmüşdülər. Aman-zaman bir oğlunun əsir kimi götürülməsinə ata heç cür dözə bilmirdi! Yadımdadır, o zaman İntiqam gecə ilə təkbaşına erməni kəndinə keçmiş, 3 nəfər erməni muzdlu əsgər və bir erməni qadın döyüşçünü əsir götürmüşdü və gətirib ataya təhvil vermişdi (O vaxtlar dövlət bu işləri başlı-başına buraxmışdı Bakının bunlardan xəbəri yox idi. Burada girovlar, şəhidlər artdıqca Bakıda da restoranlar, şadlıq sarayları artırdı). Gözüyaşlı ata həmin gecə humanistlik edərək qadını azad etdirib öz kəndlərinə yola saldı və tapşırdı ki, onun oğlunu bu 3 erməni ilə dəyişsinlər.

…Ermənilər bizim əsgəri 3 erməni muzdlusu ilə, bir qədər də benzinin müqabilində dəyişməyə razılıq verdillər. İntiqam erməniləri təhvil verdi. Amma onlar riyaziyyat müəlliminin oğlunu yox, onun meyidini verdilər! Xaincəsinə öldürülmüş əsgərimizin 7-si çıxandan sonra hay düşdü ki, İntiqam yoxdu. Anası saçını-başını yoldu, dadü-fəğan qıldı. İntiqamı tapmadılar…. Səhəri məlum oldu ki, İntiqam gecə ilə əsgərimizin öldürüldüyü erməni kəndinə girib, oların postunda duran ermənilərdən bizim əsgərin intiqamını alıb, postu yerlə yeksan edib, özünü yaralı halda güclə axır nəfəsdə olsa da, biz tərəfə çatdırmışdı!
… Əsgərlər son nəfəsində onu tankdan çıxarırlar! İntiqamın cibindən Tünzalənin şəkli və bir də məktub düşür: “Əziz ana, məni bağışla, nə sənə , nə də Vətənə layiqli oğul ola bilmədim, qurbanın olum, ağlama! Məni basdırarkən qəbrimin üstündə “Şuşanın dağları ..” mahnısını çaldırarsız!”…

….İntiqam Qarabağ uğrunda gedən vuruşların ilk şəhidlərindən idi! Onun tabutuna bütün Ağdam və Şuşa camaatı girdi və nəşini “Şuşanın dağları başı dumanlı ” mahnısı ilə götürdülər!….

….O vaxtdan mən bu mahnıya qulaq asa bilmirəm!!!…..
Şuşanın dağlarından hələ də duman çəkilməyib!..