İmpressionizm (“impression” sözündən olub təəssürat deməkdir) incəsənətin XIX əsrin 60-cı illərinin sonlarında Fransada yaranan istiqamətidir. Onun nümayəndələri – fransız rəssamlar Klod Mone, Kamil Pisarro, Alfred Sisley, Pyer Ogüst Renuar və başqaları daim hərəkət edən və dəyişən gerçək dünyanı daha təbii və qərəzsiz əks etdirməyə, ani təəssüratlarını tabloya köçürməyə çalışıblar. Onların əsərlərində rəngin və işığın əks olunmasına xüsusi diqqət yetirilib.
“İmpressionizm” sözü təsviri sənət üslubu kimi Klod Monenin 1874-cü ildə sərgidə nümayiş etdirilən “Təəssürat. Günəşin doğuşu” (“Impression. Soleil levant”) əsərinin adından əmələ gəlib. O dövrdə bir o qədər də tanınmayan jurnalist Lui Lerua həmin sərgidə əsərləri nümayiş etdirilən rəssamları aşağılamaq üçün onları öz jurnal məqaləsində “impressionist” adlandırıb. Bu ad qəbul olunub və zaman keçdikcə ilkin mənfi mənasını itirib.
İnpressionistlərin ilk mühüm sərgisi 1874-cü il mayın 15-də fotoqraf Nadarın emalatxanasında olub. Orada 30 rəssamın 165 əsəri təqdim olunub. Gənc rəssamları natamamlıqda və səliqəsizlikdə, zövqsüzlükdə və mənasızlıqda, “əsl incəsənətə qəsd etməkdə”, qiyamçı əhval-ruhiyyədə və hətta mənəviyyatsızlıqda qınayırdılar.
İmpressionizmin aparıcı nümayəndələri Klod Mone, Kamil Pisarro, Berta Morizo, Alfred Sisley və Frederik Bazildir. Onlarla bərabər, Eduard Mane və Edqar Deqa da öz əsərlərini sərgiləyiblər. Ceyms Uistler, Hoakim Sorolya, Konstantin Korovin də impresionist rəssamlar sayılır.
Şəhər həyatı mənzərələri və səhnələri impressionist rəngkarlığın bəlkə də ən səciyyəvi janrlarıdır. Bu əsərlər irəlicədən hazırlanmış eskizlər əsasında deyil, təbiətin qoynunda, açıq havada, yəni bilavasitə naturadan çəkilirdi. İmpressionistlər diqqətlə naturaya baxır, adi gözlə görünməyən boyaları və rəng çalarlarını, məsələn, kölgədə olan göy rəngi görməyə çalışırdılar.
Bu rəssamların bədii metodu mürəkkəb tonları onları təşkil edən xalis spektr rənglərinə ayırmaqdan ibarət idi. Nəticədə rəngli kölgələr və təmiz, işıqlı, təsirli rəngkarlıq əsəri alınırdı. İmpresionistlər boyaları ayrı-ayrı yaxmalar şəklində qoyurdular, bəzən şəklin bir hissəsində kontrast tonlardan istifadə edirdilər. Rənglərin canlı sayrışması effekti impresionistlərin əsərlərinin əsas cəhətidir.
İmpressionistlər əşyanın rəngdən-rəngə düşməsi təəssüratını yaratmaq üçün bir-birini gücləndirən rənglərdən, məsələn, qırmızı və yaşıl, sarı və bənövşəyi, narıncı və mavi rənglərdən istifadə etməyə üstünlük veriblər. Davamlı kontrast effektini də məhz bu rənglər yaradır. Əgər müəyyən müddət qırmızı rəngə baxsaq, sonra nəzərlərimizi ağ rəngə çevirsək, onda ağ rəng yaşımtıl kimi görünəcək.
İmpressionizm fəlsəvi problemlər qaldırmayıb, hətta təsvir edilənlərin “dərinliyinə” varmağa çalışmayıb. Rəsmi akademizmə xas olan Bibliya, ədəbi, mifoloji və tarixi süjetlər kənara qoyulub. Əvəzində adiliyi və müasirliyi görmək imkanı yaranıb. Rəssamlar insanları çox vaxt hərəkət edən, əylənən və ya istirahət edən vəziyyətdə çəkir, müəyyən yerin görünüşünü müəyyən işıqlandırma fonunda təsvir edirdilər. Onların əsərlərinin əsas mövzularından biri də təbiət idi. İmpressionistlər həyatın yalnız müsbət tərəflərini göstərir, kəskin sosial problemlərə toxunmurdular. Rəqs edən, kafe və teatrda oturan insanlar, qayıq gəzintiləri, çimərliklər, bağlar (Renuar, Mane və Klod Monenin bir sıra əsərləri) impressionistlərin sevimli süjetləri olub. Onlar öz əsərlərini emalatxanada deyil, açıq havada çəkməyə başlayan ilk rəssamlardan olublar.
İmpressionaizm təsviri sənətdə zəngin irs qoyub. Bu, ilk növbədə rəng problemlərinə və qeyri-standart texnikalara maraqdır. Bu üslubda yaratmış böyük rəssamların əsərlərinə baxanda uzun müddət onların təsirindən ayrıla bilmirsən. Bu əsərlərdə sanki mücərrəd, ani, heç bir vəchlə tuta bilməyəcəyin harmonik bir aləm var.
Təsviri sənətdə impressionizm istiqamətinin üslub və prinsiplərini hazırda müasir impressionistlər davam və inkişaf etdirirlər. Axı insanın gözəllik, məhəbbət, xoşbəxtlik haqqında arzuları əzəli bir hissdir. İnsan yaşadıqca, içindəki həyat eşqi də yaşayır. Müasir impressionistlər də öz əsərlərində insanın həyata bağlılığını çox parlaq və təsirli şəkildə canlandırırlar.
portal.azertag.az