Məhəmməd Əli
(esse)
Təpələr uzun müddət idi ki, gözləyirdi təkamül nəticəsində böyüyüb Dağ olacaqlar. Çox gözlədilər, bir nəticə hasil olmadı, əksinə, əsən sərt küləklər, yağan yağışlar onları erroziyaya uğratdı. Böyümək əvəzinə kiçilməyə başladılar. Dağlara qarşı qəlblərindəki həsəd, paxıllıq hissləri Dağların Dağ vüqarına, Dağ əzəmətinə, Dağ duruşuna, Dağ böyüklüyünə və Dağ ucalığına qısqanclıqla baxan Təpələrin səbr kasası dolmuşdur, daha dözə bilmirdilər. Bu yandan da varlıqları gözə çarpmadığından özlərinə yer tapa bilmirdilər.
Təpələr toplanıb gizli məşvərət iclası keçirir. Dağları xalqın gözündən salmaq, onlara qara yaxmaq, nüfuzlarına xələl gətirmək və beləliklə, həm də özlərini gündəmə salmaq üçün baş sındırırdılar. Çox götür-qoy etdikdən sonra çıxış yolu tapdılar.
Bizə məlumat verən mənbəyə görə, xaricdən gətirilmiş tör-töküntülərdən yaranan Zibilli Kiçik Təpə yerli Təpələrin Dağlara qarşı olan qısqanclığını duyan kimi onlara qoşulur. Yerli Təpələr öz çirkin niyyətlərinə çatmaq üçün onun vasitəsi və köməyi ilə telekanallardan birində “Dağların Dağ olması” başlığı altında müzakirələrin aparılmasına efir vaxtı alırlar.
Mənbə onu da bildirir ki, Təpələr vaxtı itirmədən işə başlayırlar. Təyin olunmuş vaxtda veriliş aparan Donqar Təpə əvvəlcə bu müzakirələrin əhəmiyyətindən, Dağların həqiqi Dağ olması, onların Dağ kimi tarixə düşməsi, bu zaman bəzi Dağların isə Dağ adından istifadə edib, bu adın arxasında öz qara niyyətlərinin gizlədilməsi faktlarının olduğunu bildirir. Xüsusi olaraq vurğulayır ki, bizim məqsədimiz düzü düz, əyrini əyri, necə deyərlər, kimin kim olduğunu olduğu kimi xalqa çatdırmaqdır. Qoy, xalq həqiqəti, necə var, incəliklərinə qədər bilsin.
“Dağların Dağ olması” müzakirənin birinci canlı efir yayımında Bazar Düzü Dağının Dağ olması məsələsi gündəmə çıxarılır və müzakirəyə qoyulur. Donqar Təpə birbaşa mətləbə keçir:
-Bildiyiniz kimi, cənablar və xanımlar, bu gün biz günün çox aktual məsələlərindən birinə toxunuruq. Onu müzakirə edəcəyik. Mən əvvəlcədən bildirməliyəm ki, bu müzakirələr zamanı mənə qarşı sərt danışanlar olacaq. “Bu nə mövzudur müzakirəyə çıxarmısınız?” – deyib soruşanlar da tapılacaq. Mən sizi əmin edirəm ki, müzakirələrdən sonra siz mənim haqlı olduğumu dəstəkləyəcəksiniz. Vaxtınızı çox almaq istəmirəm. keçirəm əsas mətləbə. Bu günkü müzakirəmizin mövzusu Bazar Düzü Dağının Dağ olması haqqındadır. Özünüz diqqət yetirin: Bazar Düzü və Dağ. Düz hara, Dağ hara? Özü də adi düz yox, Bazar Düzü. Adından göründüyü kimi, Bazar Düzü Dağ sözünün arxasında gizlənərək özünü Dağ adlandırır. Mən əminəm ki, hörmətli Təpələr bu mövzu ətrafında öz mülahizə və fikirlərini açıq deyəcəklər.
Donqar Təpənin giriş çıxışından sonra müzakirəyə qoşulan Uçuq Təpə çox alovlu danışdı. Sözünün sonunda:
-Təpələr, – dedi. – Dağ dağdır. Düz sözü Dağın Dağ olmasına şübhə yaradır. Dağların adına ləkə gətirir. Mən təklif edirəm ki, bu gündən Bazar Düzü Dağının adından Dağ sözü götürülsün. Həqiqətdə olduğu kimi Bazar Düzü adlansın. Çünki bura keçmişdə alış-veriş yeri olub. Bu adı da buna görə veriblər. Baxmayaraq ki, bu yer, yəni Bazar Düzü ölkəmizdə ən uca zirvə sayılır, bu bizə haqq qazandırmır ki, alış-veriş Düzünə Dağ deyək. Nə vaxtadək həqiqəti olduğu kimi qəbul etməməliyik? Gec də olsa haqq-ədalət bərpa olunmalıdır. Qoy, hamı bu həqiqəti bilsin: Bazar Düzü Dağı Dağ deyil, alış-veriş yeri olan Bazar Düzüdür.
Müzakirələrdə iştirak edən Çopur Təpə təlaş və həyəcanla yerindən qalxır. Uçuq Təpənin dediklərini alqışlayır. Onun sözlərinə qüvvət verərək, bu müzakirənin məqsədi və məramının kiməsə qara yaxmaq olmadığını vurğulayır. Uçuq Təpənin dedikləri ilə tam razılaşdığını, onun, yəni Uçuq Təpənin Bazar Düzü Dağının qaranlıq səhifələrini böyük ustalıqla və dahiyana üzə çıxartdığı üçün ona təşəkkürünü bildirir. Sonra da Çopur Təpə özünəməxsus bir əda ilə:
-Bazar Düzü Dağının adından Dağ sözü götürülsün, onun adı Bazar Düzü adlandırılsın! – deyir.
Müzakirələrdə iştirak edən mənbəmizin məlumatına görə, bundan sonra Kiçik Dağlardan biri söz alır. Bazar Düzü Dağının Dağ olması haqqında inkar olunmaz dəlil və sübutlar gətirir. Bazar Düzü Dağının ölkəmizdə ən uca Dağ zirvəsi olmasından, əsl Dağlara xas bütün xüsusiyyətlərin onda olmasından, onun səfalı yaylaq və oylaqlarından, xallı yamaclarından, dərin dərələrinin gözəlliyindən, gecə-gündüz çağlayan coşqun bulaqlarından, qartallar yuvası olan şiş qayalarından, yaşıl-yaşıl ormanlarından söz açır. Təpələrə bildirir ki, siz Təpəsiniz. Bazar Düzü Dağının Dağ olmasını görə bilməzsiniz. Boyunuz çox alçaqdır. Bu gün sizin belə bir mövzunu müzakirəyə çıxartmağınız absurddur. Belə müzakirələri eşidənlər bizə gülərlər. Unutmayın, tarixin sərt sınaqlarından çıxmış Bazar Düzü Dağı Dağ adını özünə əbədi həkk edibdir.
Həmin mənbənin sözlərinə görə, Təpələr Kiçik Dağın sözünü ağzında yarımçıq qoyurlar. Ona danışmağa imkan vermirlər. Hətta üstünə yeriyib hücum çəkənlər də tapıldı. Ara qarışır, məzhəb itir. “Bazar Düzü Dağının adından Dağ sözü götürülsün” şüarları səslənir.
Bu ara müzakirəyə qoşulan Qanqallı Yoxuş daha ucadan, var səsi ilə Bazar Düzü Dağının Dağ kimi qəbul edilməsinin yolverilməzliyini bildirir.
-Buraxılmış tarixi səhvi düzəltməsək, tarix bunu bizə bağışlamayacaqdır. – deyir.
Bizə məlumat verən mənbə bu müzakirələrin elə-belə aparılmadığını da söylədi. Onun sözlərinə görə, Dağların nüfuzu, əzəməti bəzi yuxarı dairələrin canına vəlvələ salıbdır. Ona görə də onlar Təpələrin Dağlara olan qısqanclığından səmərəli bəhrələnib, Təpələri bu müzakirələrə qoşub və onlara kənardan himayədarlıq edirlər.
Son məlumata görə, canlı efir vasitəsi ilə yayılan müzakirələrə gələn sms-ləri nəzərə alsaq, Bazar Düzü Dağının Dağ olması haqqında ikili fikirlər yaranıbdır. Bazar Düzünün Dağ olmasına şübhə ilə yanaşanların sayı durmadan artır. Təpələr öz işini görməkdədir.
“Dağların Dağ olması”nın növbəti müzakirəsində Təpələr Şah Dağının Dağ olması məsələsini müzakirə edəcəklər.
25-27.08.2016
Xırdalan şəhəri