- Dil

Ürəyimi  gey əyninə ..

-Ben burada hazina arıyorum. Bir azdan bulacağım. O hazineni  dedem buraya koymuş.

Ayağımı saxlayıb baxıram. Beş-altı yaşlı qəşəng bir uşaqdır. Dostu ilə bağçanın həyətində, qum təpəciyinin üstündə oynayırlar.

-Adın nədir?-deyə soruşuram.

-Orxan.

-Bəs dostunun adı nədir?

-Hikmet,- deyir.

-Sən nə üçün  türkiyə türkcəsi ilə danışırsan,  Azərbaycan dilində niyə danışmırsan?

-Ben Türkiyeyi de, türkce konuşmayı da seviyorum,-deyir.

– Sən ananı sevirsənmi?

-Evet, -deyir.

-Bəs Hikmətin anasını necə, sevirsənmi?

Təəccüblə üzümə baxır. Nə hə, nə də yox deyir.

-Bax sənin anan sənin doğma dilin-Azərbaycan dilidir. Hikmətin anası isə Türkiyə türkcəsidir.  Dostunun anasını sevirsənsə, sev, olar. Ancaq öz doğma ananı daha çox, lap çox sevməlisən, deyilmi? Əgər sən başqa dili doğma dilindən çox sevirsənsə,  bu o deməkdir ki, Hikmətin anasını öz anandan çox istəyirsən.  Belə olarmı?  Dostunun  anası sənin anandan əzizdirmi?-  deyə soruşuram..

Gah dostuna,  gah mənə baxır. Dinmir.  Onun saf, uşaq gözlərindəki  ifadəni tutmağa çalışır, sözlərimin necə təsir etdiyini  bilmək istəyirəm. Bu kiçik vətəndaşımız  böyüyüb azərbaycanlı olmalıdır axı . Bu uşaq indidən doğma dilə belə ogey baxırsa,  ondan əsl azərbaycanlı olmağı gözləmək çətindir.

On-on beş ilin söhbətidir. ANS televiziyasına dəvət almışdım.  Hörmətli alimimiz Firudin Cəlilov, Yunis Oğuz, Əkrəm Əylili və BDU-nin bir  qup tələbələri ilə dilin saflaşdırılıması və varvarizmlərə qarşı mübariə yollarından danışrdıq. Orada  Ə.Əylisli:

-Heç kimi məcbur eləmək olmaz ki, başqa dildəki sözləri (varvarizmləri)  danışığında işlətməsin. O sözlər işlənəcəkdir. Bunun qarşısını almaq çətindir və mümkün də deyil.

Bu fikrə qarşı orada münasibətimizi belə bildirdik ki, ölünü də özbaşına qoymurlar ki, kəfəni yırtıb çıxmasın. Okean okeandır, o da hədsiz çirklənəndə özünü təmizləmə qüdrətini itirir.

Ə.Əylisli , bəlkə də, millətin ümumi psixologiyasını nəzərə alıb belə deyirdi. Həqiqətən bu, bizdə o qədər əcaib  haldır ki, səbəbini tam açıqlamaq  çətindir. Uzun əsrlər boyu fars-ərəb istilasından bizə külli miqdarda o millətlərin sözləri yadigar qaldı. Özümüzün doğma, bal kimi sözlərimiz bir kənarda qaldı, çoxu unuduldu. Ruslardan da məlum səbəblərə görə rus sözləri keçdi dilimizə. Bəs indi bu ingilisə nə gəldi ki, okeanın o tayından bəri  bağrımıza basıb onların dilini əzizləyir, özümüzün gül kimi, hamıdan gözəl, saf, bəlağətli, incə, dünya gözəli sözlərimiz qalıb bir qıraqda? Bəlkə, idarə və müəssisələrdə ingils dilini bilənləri işə götürməkdə ütünlük verildiyi üçün belədir?  Doğma dili danışanı hələ heç kim nə  öldürüb, nə də tənə edib,  və yaxud da suçlamayıb.  Nə üçün bizim dosdoğma “dürmək”, “yaxmac” sözləri əvəzinə,  dilimizə yatmayan “buterborod, qamburqer” ifadələri işlənsin axı? İnsan nə qədər satqın və nankor olar ki, öz  dilini  yadlara satsın?  Bu, doğma ananı satmaq qədər nankorluqdur, şərəfsizlikdir:

– Sən gələn yollara qurban olum.. Anan başına dönsün, bala.. Ürəyim sənə qurban, yaxşısanmı? ..Allah səni dost-düşmən qarşısında xəcalətli eləməsin.. Ev-eşiyimin yaraşığı balam…   Bayy, qadan alım, əziyyət çəkmə sən… Sənə gələn qada-bala canıma gəlsin, bala… Səni verən Allaha qurban olum… Anan çiynində getsin qəbiristanlığa, balam…Evimin yaraşığı, başımın tacı… Ağ günlü, ağ çörəkli olasan… Neyliyim, necə eliyim deməyəsən..

Bu sözləri hansı dilə çevirib bir zərbaycanlıya deyə bilərsən?  Heç bir başqa  dildə deyilən söz sənin qəlbinin ən incə tellərini bu qədər titrədə bilməz.

Soyuqdur, küləkdir, ay oğul balam.

Vaxtında çayın iç, ye yeməyini.

Məndən uzaqdasan,  bilməm,  necəsən

Üşüsən, əyninə gey ürəyimi.

Ürəyimizə, qəlbimizə yaxın, doğma olanın qədrini bilməliyik. Onu qorumalıyıq,  yadı yox.  Ağzında yad deyirsən. Dodaq da dodağa dəymir.

Orta məktəbdə bizim bir ənənəmiz vardı. “Təmiz danışanlar hərəkatı” adlandırmışdq. Şagirdlər bir-birinin danışığında varvarizm tutsaydılar,  dərhal yerindəcə islah edir, qarşı tərəfi  o sözün doğma dildə qarışığını deməyə məcbur edirdilər. Hər kəsin ayrıca varvarizm dəftəri vardı. Rast gəldikcə dilimzdə kütləvi şəkildə işlənən rus və ingilis sözlərinin siyahısını çıxarırdılar.  Bu ənənəni canlandırıb bütün orta  məktəblərdə tətbiq etməklə dilə sevgi  və məhəbbbəti  alovlandırmaq, varvarizmlərdən qorumaq olar.  Bu mövzunu da televiziya verilişlərinin birinə çıxarmışdıq.

İndi Bakı şəhərinin ingilis sözləri tərəfindən işğalına qarşı geniş bir hərəkatın yüksək səviyyədə başlaması böyük ümidlər doğurur.  Hörmətli Vasif Sadiqlinin başçılığı ilə  FADMM  qrupunun üzvləri gecə-gündüz bilmədən  çalışır, yüksək instansiyalara məktublar ünvanlayır,  imza kompaniyasını genişləndirirlər. İmzalara baxanda aydın olur ki, ölkənin ən  nüfuzlu və tanınmış  alimlərini,  ziyalılarını, yazıçı və şairlərini, sıravi vətəndaşlarını  bu məsələ  ciddi narahat edir, düşündürür.  Bütün xalqın narazı olduğu bir  nöqsanlı işi hansı üzlə davam etdirəcəklər o müəssisə rəhbərləri?  Bu işdə kəskin mühafizəkar mövqe tutmağın vaxtı çoxdan çatmışdır.

Ümid edirik ki, nəticə gözlədiyimiz kimi olacaq. Doğma paytaxtımıza gəzməyə çıxanda gözümiz öz sözlərimizə sataşsın, ürəyimiz açılsın, könlümüz sevinsin. İnşallah.

HƏCƏR

20 iyun 2020.