Gələcəyimizi ovcumuzun içi kimi bilirikmi?
İnsan öldüyü an ovcunun içindəki xəttlər silinir
Biz taleyə, qismətə baş əyəndə «alnıma yazılıb» deyirik. Amma hindlilər «ovcuma yazılıb» deyirlər. Bu ifadənin Hindistanda bir neçə minillik tarixi var. Çünki xiromantiya, yəni əldə fala baxma Hindistanda doğulub. Sonra başqa Asiya ölkələrinə, Aralıq dənizi ətrafına, Çinə yayılıb. Amma xirpomantiya yunan sözüdür, «xeyr» – əl, «mantiya»- fala baxmaq deməkdir.
«Xiromantiya elmdi, yoxsa xürafat?»
Bu suala savab vermək o qədər də asan deyil. Çünki burda söhbət taleyin, müqəddəratın, xəstəliklərin hamısının əllərin içində yazıldığından gedir. Amma xiromantiyanın əsrlərdən bəri uzanan nailiyyətlərini inkar eləmək də olmur. Dünyanın ağıllı kişilərindən Pifaqor, Aristotel, Platon, Qalen, İbn-Sina, Yan Furkinson da xiromantiyaya inanıb onunla məşğul olublar.
Fizioloqlar bu nəticəyə çoxdan gəliblər – bütün canlıların bədən quruluşu onların instinktinə uyğun biçilib. Bu o deməkdi ki, həmin bədən quruluşunu öyrənməklə onların instinktlərini də öyrənmək olar. Qədim insanların «işarə», «eyham» adlandırdığı formalar təkcə sifətdə, kəllə sümüyündə deyil, bütün bədən boyu düzülüb. İnsan xasiyyətini o cür gözəl ifədə etməyi, qələm tutub yazmağı, hisslərini vərəqə köçürməyi bacaran əl özü insanın daxili aləminin güzgüsü ola bilər.
Balzak yazırdı: «Əgər Allah hər bir insanın gələcəyini üzündə yaza bilir və bəzi insanlar bu məlumatı oxumağı bacarırsa, əl, ovucun içi sifətin demək istədiyinə nöqtə qoya bilməzmi? Axı, əl insan hərəkətlərinin hisslərinin dolğun, bəlkə də yeganə ifadəçisidi». İnsanın keçmiş və gələcəyini oxumaq yalnız öngəgörənlərin, vergili insanların bəxtinə düşübsə, əl izləri əsasında hər birimiz çox şey öyrənə bilərik. Yəni öncəgörənlər kimi ekstaza gəlib hər hansı görünməz qüvvəyə, duyulmaz dünyaya müdaxilə eləmədən də informasiya almaq olar. Xiromantiyanı öyrənmək mümkündüsə, deməli o, elmdi.
Əl izi ana bətnində yazılır
Hamının əlinin içində xətt, düyün, müxtəlif rəsmlər var. Hər birimiz öz ovcumuza xiromantiya haqqında eşitməmişdən əvvəl, bəlkə də körpə vaxtı «çumur-çumur» oynayanda baxmışıq. Amma alimlər deyir ki, ovcumuzdakı rəsmlər daha tez, yəni doğulmamışdan əvvəl əmələ gəlir. Ana bətnindəki 18 həftəlik uşağın barmaq izlərini götürmək olar və bu izlər ömür boyu dəyişməz qalır. Papilyar xəttlərin naxışı, unikal qravür kimi ömürlük vizit kartına çevrilir.
Yəqin, hamını maraqlandırar: əlimizdəki xəttlərin müəllifi kimdir? Qərb xiromanitları «yazıya poxu yoxdur» deyən müsəlmanlarla razılaşmırlar. Onların fikrincə, qəzavü-qədəri, insanı gözləyən bədbəxt hadisələri qabaqcadan görməklə təhlükədən nisbətən yan keçmək olar. Qərb xiromantları xiromantiyanın insan taleyində rolunu rəsədxana, yaxud metereoloji xidmətlə müqayisə edirlər. Necə ki, dənizdə 8 gün sonra gözlənən tufandan xəbər tutan dənizçilər səbrlərini basıb sahildə gözləyirlər, o cür də gələcəyindən xəbər tutan insan onunçün təhlükəli vaxtlarda «sahildə» lövbər salsa, axırı yaxşı ola bilər. Metereoloqların göstərdiyi 8 gün də gələcəkdir. Gələcəyini bilən insan günah işlətmir, sadəcə ehtiyatlı olmağı öyrənir.
Fəhlənin ovcunda üç xəttdən başqa heç nə olmur
19-cu əsrin sonunda londonlu təbib Bentley insan bədənindəki sinirləri elektrik teleqrafına, arteriyyaları dəmir yoluna bənzədirdi. Çünki bu kanallarla bədənin künc-bucağına (əyalətlərə) məlumat və enerji daşınır. Onda beyin (paytaxt) bu enerji və məlumatları toplayan informasiya çəninə bənzəyir. Qəlbin, ruhun 4 agenti – görmə, eşitmə, dadbilmə və iybilmə duyğularının hamısı beyində mərkəzləşib. Təkcə beşinci hiss orqanı (lamisə) əsas kompüterdən uzaqdadı. Amma bu demək deyil ki, onun beyində əlaqəsi başqa hiss orqanlarından zəifdi. Fizioloqlar deyir ki, əgər barmaqlar hərəki duyğularla bağlıdısa qızdıranda istiləşən, həyəcanlananda tərləyən ovucun içi birbaşa ruhi vəziyətlə əlaqəlidi. Dörd hiss orqanından hər biri öz məlumatını beyinə göndərir, amma onlar sanki bir-birindən təcrid olunmuş vəziyyətdədi. Əllərsə hər bir hiss orqanıyla münasibətdədi və onların funksiyasını özündə cəmləyə bilər. O, lal-kar «dilinə» də çevrilə bilər.
Beşinci hiss orqanı beyinin, ən vacibi isə fikrin əmrlərini yerinə yetirir. Təbiətdə dünyanın ən möhkəm predmeti (məsələn qranit) su damlalarının təsiri altında formasını dəyişdiyi kimi əl içindəki rəsmlər fikrin, duyğunun təsiri altında hər gün təzələnir və yenidən yazılır. Bəzi insanlar elə bilir ki, əldəki qırışlar əllə çox işləməkdən əmələ gəlir. Amma əllərinə ən çox zəhmət verən fəhlələrin ovcunda əsas büküşlərdən, yəni hamıya xas olan 3 dərin xətdən başqa xətt olmur. Peşəsindən asılı olmayaraq hissiyyatlı, duyğulu insanların əllərinin içində xəttlərin kəsmədiyi bir santimetr də qalmır. Dünyanın gözəlliklərini duymağı bacaran dəri məlumatı beyinə göndərdiyi kimi beyin də öz təssüratını, hiss və duyğularının izlərini ovucun içinə kökürür. Ona görə də əl insanın tale və duyğularının xəritəsi sayılır.
Hər irqin öz dəsti-xətti var
19-cu və 20-ci əsrlərin qovşağında başlanğıcını xiromantiyadan götürən, ancaq mistika və mövhumatı kənara atıb elm kimi formalaşmağa başlayan bir sahə əmələ gəldi. Dəridəki rəsmləri öyrənən bu elm sahəsi dermoqlifika adlandı. Bu adı ona 1926-cı ildə Amerika Anatomları Assosiasiyasının sessiyasında verdilər. Xiromantiya və dermoqlifikanın hər ikisi eyni predmeti – təbiətin əliylə nişanlanmış, bəzənmiş insan əlini öyrənir. Amma onların predmetə yanaşma tərzi fərqlidi. Dermoqlifika tədqiqatlarını dəri daraqcıqlarına, əl və ovucu örtən xəttlərə həsr edir. Xiromantiya isə həmin xətlərin, əl və barmaq quruluşunun verdiyi məlumatlar əsasında insan taleyini oxumağa çalışır.
Dermoqlifistlər barmaq izlərinə görə nəinki insanı tapa bilir, hətta onun hansı irqə, cinsə mənsubluğunu və hansı xəstəliklərə meylli olmasını da təyin edirlər. Bu sahədə yetişən mütəxəssislərçün əl izlərinə əsasən avropalı əlini zənci əlindən seçmək su içimi kimi bir şeydir. Çünki əldəki izlər nə qədər müxtəlif və fərqli olsa da Yer kürəsinə müəyyən qanunauyğunluğa tabe olaraq yayılıb. Məsələn avropalılar üçün ilmə şəkilli xəttlər, Şərq xalqlarına isə düyünlər xasdır. Zəncilərin əl naxışları avropalılara yaxın olsa da, ovucun relyefi çox fərqlənir. Çünki zəncilər tamam başqa instinklə yaşayır.
Əldə atalığı sübut eləyən 60 iz!
İki nəfərin qan qohumluğunu müəyyənləşdirmək irqlər arasında qohumluğu təyin eləməkdən daha asandı. İnsan nə qədər qeyri-adi əl «qravürünə» sahib olsa da, yenə orda öz valideynlərinin nişanəsini daşıyır. Bu tezisi əsas götürüb tədqiqat aparan macar alimi Şandor Okryoz əldəki izlərə görə atalığı sübut edən 60 əlaməti ortaya çıxarıb. Hətta onun tədqiqatlarına əsaslanan min beş yüz məhkəmə işi də udulub. Hazırda əl izlərinin tədqiqatı təkcə kriminalistikaya kömək etməklə məşğul deyil. Ovucun qrafikası xəstəliklərin diaqnostikası sahəsinə də baş vurur. Bəzən simptomları eyni olan başqa-başqa xəstəliklərin izi əldə eyni olmadığından, ayrıca, fərqli işarə qoyduğundan onları qarışıq salmırlar.
Xəstəlik – ovucun içində
Əldəki yazıların da hamısı genin işidi. Gen gözün rəngini, saçın sıxlığını, hətta yanaqdakı xalı müəyyənləşdirirsə niyə əldəki izləri təbiətin boş vaxtında çəkdiyi təsadüfi rəsmlər saymalıyıq? Onlar həmin o görünməz genlərin zəhmətinin nəticəsidir. Gen aparatında nasazlıq olanda orqanizmin bütün inkişaf proqramı zərər çəkir. Bu vaxt həm də əl rəsmləri normadan çıxır, naxışlar hamıdakı kimi yox, tamam başqa istiqamətdə düzlənir. Məsələn, daun xəstəliyinin ən birinci əlaməti ovucun içinə yazılır. Uşaq bu xəbərdarlıqla doğulur. Xətlər xəstəlik barədə «çığırsa» da , biz onu eşitmirik. Hətta kiçik sapmaların izlərini tapıb, yetişməkdə olan xəstəliyi qabaqlamaq olar.
İnsanın solu qırmızı- sarı, sağı mavi rəngdədi
Maraqlıdır ki, insan ölən kimi ovcunun içindəki xətlər yoxu çıxır. Qolu iflic olmuş, yəni əliylə beyni arasındakı əlaqə pozulmuş adamların da ovcunun içində heç bir xətt olmur. Yaşanmamış ömür kimi, yazılmamış kağız kimi… Həqiqətən qəribədi, beyin insana bildirmək istədiyini niyə onun əlinə yazır? Bəlkə özü kəllə sümüyünün içindədi, üzün ifadəsi, mimikası yalan deyə bilər, ona görə? Əlin içi yalan deməz!
Hələ deyirlər ki, insan bədəninin sol tərəfə müsbət, sağ tərəfi mənfi enerji ilə yüklənib. İnsanın şüalandırdığı enerjini görməyi bacaran adamlar sol tərəfi qırmısı-sarı, sağ tərəfi mavi rəngdə görürlər. Ona görə əlin içindəki rəsmlər də bir-birindən fərqlənir. Sol ələ keçmiş, Allahın verdiyi istedad, tale, qismət yazılıbsa, sağ ələ insanın özünün qazandıqları köçürülür. İki əli müqayisə edib çox qiymətli nəticələrə gəlmək olar.
Xətlərin «zümzüməsi» nə deyir?
Həyat müəmmadır. Biz hardan gəlib hara getdiyimizi də bilmirik, yaşadığımız zindanın neçə il məhbusu olacağımızı da… Ona görə ala biləcəyimiz hər məlumatdan saman çöpü kimi yapışırıq. Xiromantiya isə iddia edir ki, neçə il yaşayacağımızı, həyat planlarımızı açıqlayacaq, bu barədə keçirdiyimiz ruhi və cismani narahatlıqdan, gərginlikdən bizi azad edəcək (?!).
Əlin xətlərinin qrammofon valının xəttlərinə oxşadırlar. Val xətlərinin arasından gələn ecazkar səslər kimi əl xətlərinin arasından da insanın daxili aləminin «melodiya»ları axır Belə «zümzümə»ni anlamaq və bu aləmdə azmamaqçün onun xəritəsini öyrənmək lazımdır. Bu «ölkə»nin öz yolları, körpüləri, dağları və çökəkləri var. Təpəciklər və yollar barədə gələn yazımızda…
Gülnarə Rəfiq