- Mədəniyyət

Türkiyənin nüfuzlu HECE jurnalının Dostoyevskiyə həsr olunmuş xüsusi buraxılışı işıq üzü görüb

Türkiyənin   nüfuzlu  HECE  jurnalının  böyük rus yazıçısı F. M . Dostoyevskinin 200 illik yubileyinə həsr olunmuş  xüsusi buraxılışı işıq üzü görmüşdür. İSBN nömrəsi  olan bu  nəşr  iki cilddən və 1231 səhifədən ibarət böyük bir tədqiqat kitabıdır.

Türkiyə,  Rusiya, Bolqarıstan, Ukrayna, Amerika, İran, Çin, Ermənistandan 84  tədqiqatçının  məqalələrindən ibarət bu kitabda böyük rus ədibinin tərcümeyi-halı, bədii, fəlsəfi görüşləri, müxtəlif mədəniyyətlərlə əlaqəsi, müqayisəli ədəbiyyat, tərcümə məsələləri  və s. mövzularla bağlı  altı  fərqli bölüm öz əksini tapmışdır.  İngilis, ispan, osmanlı türkcəsi, urdu, hind, bolqar, rus, erməni dilində təqdim olunan bəzi məqalələr 16 türk tərcüməçisi tərəfindən nəşrə hazırlanmışdır.

Dostoyevski yaradıcılığını  geniş çərçivədə araşdıran  bu  mötəbər ədəbiyyat  jurnalında Azərbaycanı  Bakı Slavyan universitetinin  Rus ədəbiyyatı tarixi kafedrasının dosenti Kəmalə Umudova təmsil etmişdir (“Dostoyevski mətnlərinin interpretasiya problemi:  insan yoxsa  kiçik insan ?” // HECE Dostoyevski Özel Sayısı, 2022, Ocak, № 43, C.2. S. 794-807). HECE Dostoyevski  jurnalının  xüsusi buraxılışı  Ankara Universitetinin  professoru Birsən Karaca tərəfindən  iki il müddətində nəşrə hazırlanmışdır.  F. M. Dostoyevskiyə həsr olunmuş xüsusi buraxılışın rəsmi rəyçiləri   Moskva Dövlət universitetinin professorları, tanınmış ədəbiyyatşünaş-alimlər M.M. Repenkova və  A.S. Krinitsındır.