- Mədəniyyət

UNESCO: Beynəlxalq Ana Dili Günü çərçivəsində Azərbaycan dili haqqında təqdimat

Banqladeşin Fransadakı səfirliyinin təşəbbüsü, bu səfirliyin və UNESCO-nun Katibliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü virtual tədbirlə qeyd edilib. Ölkəmizin qurum yanındakı Daimi Nümayəndəliyi tədbirdə “Şuşa İli” çərçivəsində Azərbaycan dili ilə bağlı videotəqdimatla iştirak edib.

AZƏRTAC xəbər verir ki, Ana Dili Günü virtual tədbirində Azərbaycan da daxil olmaqla, UNESCO-ya üzv 24 ölkə iştirak edib. UNESCO baş direktorunun təhsil üzrə müavini Stefania Cianni çıxış edərək, ana dili haqqında, təhsil və bu gün COVID-19 pandemiyasının təhsilə mənfi təsirlərindən söz açıb. Sonra ölkələrin Ana Dili Günü münasibətilə hazırladıqları videolar yayımlanıb.

Daimi Nümayəndəliyimizin hazırladığı videotəqdimatda Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan edilməsi barədə imzaladığı müvafiq Sərəncama uyğun olaraq, 2021-ci ildə yenidən təşkil edilmiş “Xarıbülbül” musiqi festivalı çərçivəsində gənc istedadlı musiqiçimizin ifasında UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş muğamın “Bayatı –Şiraz” dəstgahı təqdim olunub. Virtual tədbirdə Azərbaycanın musiqi beşiyi, mədəniyyət paytaxtı –Şuşada, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalında səsləndirilmiş “Qarabağ şikəstəsi” yayımlanıb.