Həm Vətən müharibəsinə həsr olunmuş, həm də digər sahələrlə bağlı layihələr davam etdirilir. Misal olaraq qeyd edim ki, Mirsadıq Ağazadə “Eviniz abad” adlı bədii film çəkmişdi. Bu filmin çəkiliş materiallarından “Köşk” adlı 5 seriyadan ibarət mini-serial hazırlayırıq. Film noyabr ayına qədər yekunlaşacaq. Artıq serial səsləndirmə mərhələsindədir.
AZƏRTAC xəbər verir ki, bunu C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.
“Daha bir layihəmiz Bakı Media Mərkəzi ilə birgə hazırladığımız “Biz” adlı sənədli filmdir. Bu filmin layihəsi 44 günlük Vətən müharibəsi dönəmində öz telefonlarında videoçəkilişləri ilə trendə düşmüş insanlardır. Artıq çəkilişlər sona çatıb. Rejissoru Orman Əliyev olan sənədli film montaj prosesindədir və noyabr ayınadək təhvil verməyi düşünürük. Elçin Musaoğlunun “Məryəm” filmi də istehsaldadır. İlin sonuna qədər bu film də təhvil veriləcək. Bundan əlavə, rejissor Vaqif Mustafayevə “Fəryad–2” filminin ssenarisini sifariş etmişik və həmin filmin də istehsalı ilə bağlı Mədəniyyət Nazirliyi ilə danışıqlar gedir”,- deyə Fariz Əhmədov bildirib.
Qeyd edib ki, İctimai Televiziya ilə həftəlik birgə layihə də reallaşdırılır: “İctimai Televiziya bizim yayım dəstəkçimiz olmaqla 24 buraxılışdan ibarət “Bizim kino” adlı verilişi tamaşaçılara təqdim edir. 6 ay efirdə olacaq layihənin artıq 4 verilişi yayımlanıb. Bu layihə 15-20 dəqiqə olmaqla sənədli film formasında kinonun 24 müxtəlif sahəsinə həsr olunmuş silsilə verilişlərdir. Həmçinin 17 klassik Azərbaycan filminin subtitrlərinin hazırlanması ilə məşğuluq. Bu prosesdən sonra ingilisdilli tamaşaçılar filmlərimizi rahat şəkildə izləyə biləcəklər”.
Ötən il İctimai Televiziya ilə “Anamın kitabı” layihəsini reallaşdırdıqlarını bildirən kinostudiyanın direktoru deyib ki, bu il “Nizami Gəncəvi İli” ilə əlaqədar artıq bir müqaviləni imzalamaq üzrədirlər. Bu, 12 seriyadan ibarət film olacaq. Seriallarla bağlı hazırda AzTV ilə danışıqlarımız davam edir.