General Polad Həşimovun xatirəsinə
Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər torpağını, xaıqını qoruyub işıqlı gələcəyimizə boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Heç kimə bənzəmədən öz ömrünü ömürlərə – Vətənə bağışlayan oğullardır.
Axı Vətən təkcə yurd deyil. Vətən mənəm, Vətən sənsən, Vətən bizik. Vətənin dünəninə, bu gününə, sabahına hamımız cavabdeh olmalıyıq. Kimdir vətənpərvər? Vətənini, yurdunu sevən, dövlətini ,üçrəngli bayrağını uca tutan cəsur oğullar! Azərbaycanın qürur mənbəyi Poladlardır vətənpərvər!
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu gün Vətən Sənə oğul deyib bağrına basdı, şəhidim!
Valideynlərinin sənə verdiyi adı doğrultdun, necə ki ananla sonuncu dəfə danışanda demişdin: ”Mənim adım Poladdır, mən əyilməyəcəyəm, sınmayacağam, məndən nigaran qalmayın, mən ölməyəcəyəm!”
Sən ölmədin, sən Vətən naminə sinəsini sipər edən Mübarizlərin, Çingizlərin mərtəbəsinə yüksəldin! Sən döyüşlərdə qəhrəmanlıq nümunəsi olan H.Aslanovun yolunu keçdin, döyüş meydanında ön cəbhələrdə getdin, əsgərlərinə ata oldun, döyüş yoldaşı oldun. Tariximizə yeni bir qəhrəmanlıq salnaməsi yazdın! 10 milyonluq xalqı ayağa qaldırdın, düşmənə xalqının gücünü, qüvvətini göstərdin, sənin arxandan bu xalq birləşdi, bir yumruq oldu, Qarabağa azadlıq istədi.
Yer də, göy də sənə göz yaşı tökdü! Tovuzdan Qəbələyə, Qəbələdən Sumqayıta, Sumqayıtdan Bakıya xalq sənin ardınca gəldi. Murov daha bir qartalını itirdi, ancaq başını dik tutdu, düşmənə aman vermədi bir qarış torpağını almağa.
Sənin necə bir şəxsiyyət olduğundan danışdı yoldaşların. Uşaqdan böyüyə hamı tanıdı səni, yeni doğulan körpələrə verildi adın.
Əsgərlərdən biri yazır:
-Evdən yenicə qayıtmağıma baxmayaraq, mənə evə əlavə göndəriş yazıldı, general Həşimov tərəfindən məni xüsusi taksi evimə çatdırdı, sürücüdən ayrılanda mənə bir zərf uzatdı, zərfi açdım: ”Ata olmusan, əsgər, təbrik edirəm”. Zərfin arasında 170 manat pul vardı, gözlərim doldu. Bu idi Polad Həşimov! Əsgərinə ata idi, qardaş idi.
Dünyada sənin kimi insanlar az-az olur, şəhidim! Səni tanıdıqca sayı-hesabı olmayan yaxşılıqlarını da tanıdıq. Sənə verilən evi şəhid ailəsinə bağışlamısan, maşınını satıb hərbi hissəyə xərcləmisən, Bakıya gələndə maşınını nazirlikdə qoyub metro ilə işinə getmisən.
Son nəfəsinə kimi səngərdə, əsgərinin yanında olmusan, onunla çiyin-çiyinə vuruşmusan! Hanı, dünyada varmı döyüşdə şəhid olan, general? Yoxdur, bunu təkcə ürəyi vətənlə çırpınan Azərbaycan oğulları edə bilər!
Sən Vətən üçün döyüşdün, özünü Vətəninə qurban verdin. Aprel döyüşlərində torpağını mənfur düşməndən təmizlədin, dostlarınla birlikdə ilk dəfə Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycana qələbə sevincini yaşatdın, güclü, yenilməz orduya sahib olduğumuzu göstərdin bizə! Uğurunda canından keçdiyin Vətən bu gün səninlə qürür duyur, qəhrəman oğul!
Bundan belə şagirdlərimizə sevə-sevə səndən danışacağıq, gələcək nəsilləri sənin kimi qəhrəman, vətənpərvər ruhda böyüdüb tərbiyə edəcəyik! Tariximizin hər səhifəsində sənin adın çəkəcəyik, gənclər sən olmaq, Polad olmaq üçün yarışa girəcək. Tarix səndən yazmadı, sən tarix yazdın şərəfli ölümünlə!
Bundan sonra bir amalımız var, o da qələbə!
Bu günümüzün necə olmasından asılı olmayaraq, bizim sabahımız sülhdür. (V. Hüqo)
Rahat uyu, şəhidim! Gün gələcək sinən üstə çiçək açmış bayrağın Qarabağın yüksək təpələrində dalğalanacaq,Vətən torpağının bir qarışı da yağı düşməndə qalmayacaq, balaca Poladın atası əlindən tutub Şuşa dağlarında, İsa bulağında gəzdirəcək, ona babasının qəhrəmanlığından danışacaq. O gün gələcək, biz buna heç şübhə etmirik, Sən qalib gələcəksən!
Biz qalib gələcəyik!
Bizi Vətən gözləyir,
Silahları işə sal.
İrəli get, dayanma
Namərdlərdən qisas al.
Polad kimi cəsur ol,
Aman vermə düşmənə.
Sən də elə arxa ol,
Polad kimi qəhrəman,
Polad kimi igid ol!