Jurnalist, pedaqoq bacım Tamella Həmidqızı “Oxunan dualar” kitabıma ön sözündə yazır: “Dünyanı yazmaq dünyanı görmək qədər lazımmış… Yazmaq həyatı sevməkdən yaranan ehtiyacdır. Bu sevgi bəzən kədərlə, bəzən sevinclə doludur. Ancaq (və həm də nə yaxşı ki – V.O.) doludur, boş deyil”…
Yaşından, səriştəsindən asılı olmayaraq həyatda gördüklərini obyektiv təsvir etmək bacarığı, dahi Sabir kimi düzü düz, əyrini əyri söyləmək cəsarəti olan, ürəyi ilə qələminin nəbzi birgə vuran söz sahiblərinə söz ustası deyirlər. Bu cümlənin yaranmasına səbəb “Yazdıqlarım”dır. Mənim yox, qələminə, təxəyyülünə, istedadına böyük dəyər verdiyim Pərvanə Bayramqızının yazdıqları. Bu silsilədə həyatın müxtəlif anları əks olunmuşdur.
Pərvanə Bayramqızı yazır ki, yazmaq mənim üçün əbədi və ədəbi ehtiyacdır. Bəli, həqiqəti yaza bilmək bacarığın varsa ürəyinin bu mənəvi ehtiyacından imtina edə bilməzsən. Yazıçı kitablarından birinə “Yaza bilməyən yazıçı” adını qoyub. Bilmirəm Pərvanə xanım kimi nəzərdə tutub bu adla. Əgər təvəzökarlıq edib özünü nəzərdə tutursa, buna qəti etiraz edirəm! Təvəzökarlığın da ölçüsünü itirmək olmaz. “Yazdıqlarım”dan belə nəticəyə gəldim ki, “əgər yalan danışa bilmirsənsə, deməli azad insansan” (A.Kamyu). Bir də Volter deyirdi ki, fikir azadlığı olmadan heç bir azadlıq ola bilməz…
Pərvanə xanım gəncdir, yazdıqları isə qosqoca. O, azadfikirlidir, geniş dünyagörüşlüdür, erudisiyası, mütaliəsi imkan verir ki, müxtəlif mövzuları çözə bilsin. Milli ruhumuzun yaxşısını, pisini çəkinmədən söyləmək, yazmaq cəsarətini özündə tapmaq bu gün qəhrəmanlıqdır. Bu yazılara “eh, sənin işin, gücün yoxmu?” mızıldayan 3-5 nadan tapılsa da, minlərlə bunları alqışlayanlar var. Alqışlayanlardan biri də mənəm.
Pərvanə Bayramqızı bu günümüzün ədəbiyyatının “pis əsgər”i deyil. Düzdür, ədəbiyyatın generalı olmaq arzusu da yoxdur. Yaxşı əsgər Vətənin, torpağın, həm də sözün ön cəbhəsində həmişə sayıq dayanır, bəzi generallardan fərqli olaraq. Hamı general olarsa, bəs əsgəri haradan tapaq. Amma general Polad Həşimov sən demə, ən yaxşı əsgər imiş. Səngərdəki əsgər. Heyf ki, belə general əsgərlər bir əlimin barmaqlarının sayı qədər deyil. Ruhu Azərbaycan bütöv olanda şad olacaq…
Pərvanə xanımın “əbədi və ədəbi ehtiyacı nədir?”: “İş görən hər adama usta deməzlər. Usta gərək usta olsun. (Allah naşısından saxlasın). Ədəbiyyatın da söz ustaları var. Hazırcavablığı ilə seçilənə, məntiqi fikir söyləyənə xalq özü verir bu adı. Yazıçı da söz ustasıdır. Daş kimi sözlərlə işləmək elə də asan deyil, gərək onları daşyonan balta ilə (redaktə) elə düzəldəsən ki, ürəyə yata”…
Onun yazılarında Azərbaycan söz sənətində ümdə yer tutan publisistikanın nəhəng dayaqlarının – Üzeyir bəy Hacıbəylinin, Həsən bəy Zərdabinin, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun və çağdaş həmfikirlərinin söz bulağından heç olmasa bir qurtum içmək uğrunda çabalar var, böyük ustadların yazı manevri, tərzi, nəfəsi, ən əsası həqiqəti yazmaq cürəti hiss olunur. Gənc yazıçı-publisistin bu yolu uğurla davam etdirərək istedadını, təxəyyülünü cilalayıb parladacağına əminəm.
Onun bir neçə hekayəsini, şeirlərini oxuyub təəssüratlarımı da bildirmişəm. Həmin yazılarında uğur qığılcımlarının köz olacağını vurğulamışam. Məsələn, əl içi boyda “Qanlı əl” hekayəsi nəhəng mətləblərdən xəbər verir. Onun sözü qənaətlə, üfürə-üfürə işlətməsi, öz sözünə qısqanc münasibəti diqqətəlayiqdir.
P.Bayramqızının “Yazdıqlarım” silsiləsi özünə təvəzökarlıqla “yaza bilməyən yazıçı” titulu verən müəllifin çağdaş publisistikada seçilən ədəbi nümunələrdir desəm, yanılmaram. Bu gün xalqımız necə və hansı hava ilə nəfəs alır, əxlaqi meyarlar necə və niyə dəyişir, mənəvi dünyamızdakı sapmaların səbəbi nədir? Onun hər “Yazdıqlarım”ından bir neçə cümlə seçsək xeyli yeni aforzim yaranar. Məsələn, “xoşbəxtliklə bədbəxtlik yanaşı otaq kimidir – birindən o birinə keçmək çox asandır”, “Ölüm haqqdır” deyirik. Amma heç kəs haqqa qovuşmaq istəmir”, “Qocaların gözündə köhnəlmiş dünya gənclərin nəzərində “vaxtına hələ var”, “Sevənlərin yar dərdi var – peşman oluncaya qədər axtarır”. Belə seçmələri çox edə bilərəm.
Pərvanə xanım həssas gözlü yazıçı, hətta psixoloq kimi əmindir ki, bir insanın üç tərəfi var, özü – olduğu kimi, saxta tərəfi və bir də ətrafdakıların onu olmağa məcbur etdiyi tərəfləri. Maraqlı yanaşmadır. Biz özümüz kimi olmağı bacarmayanlardanıq. Böyük Mövlana demişkən, özümüz kimi olmağı bacarmadıqca, saxtalığımız üzə çıxır. Bizim milli mentallığımızın bir çox xoşagəlməz tərəfləri bizə olduğumuz kimi görünməyə əngəllər yaradır. “Kənardan baxanlar nə deyər?” “fəlsəfə”si məncə, ancaq bizim xalqın düşüncəsinə hakimdir.
“Yazdıqlarım” Pərvanə Bayramqızının “özünü təqdimetmə”sidir. O, çox özünəməxsus təqdim etməyə çalışır özünü ədəbi mühitə. “Ağır mövzuların altına zərif çiynini verib “əbədi və ədəbi yük daşıyır”: “Çabalamişam illərlə… yazmaq mənim üçün asan olmayıb. İstedadla iş bitmir. Heç zəhmətin də bəzən rolu olmur. Yazmaq üçün əsas yanlış məkandan, yanlış insanlardan uzaq durmaq vacib imiş”.
Bəli, Pərvanə xanım, söz adamları həmişə onu anlamayanlardan, anlamaq istəməyənlərindən əziyyət çəkib. Min il əvvəl də, bu gün də, yəqin ki, sabah da. Bruno kimi tonqala atılıb, Nəsimi kimi dərisi soyulub, Cavid kimi Sibirin qandonduran şaxtasında dondurulub, Hadi kimi, Müşfiq kimi məzara da həsrət qalıb, tərki –vətən, repressiya qurbanı olub. Amma illər keçsə də nadanlar, sözdən qorxanlar azalmır ki, azalmır. Hər dövrün dürlü-dürlü nadanları yaranır. Ancaq ilahi söz əbədi yaşayır, yaşayacaq da. Sözün Prometeyləri də…
Yazmaq üslubu müxtəlifdir. Bunun yazmağa əslində dəxli yoxdur. Pərvanə xanım vurğulayır ki, oxşarlıqlar aparmaq müxtəlif xalqlarda doğru sayılmır. Yazıçı xanımın təxminən onacan “Yazdıqlarım”ı ilə tanış olmuşam. Bu tanışlıqdan sonra tam əmin oldum ki, yazmaq üçün ən başlıca məsələ cəsarətdir.
Bir çox yaxından tanıdığım söz adamları kimi Pərvanə xanımın da uğurlu yazılarının təməlində yorulmaq bilməyən mütaliə dayanır. O, Azərbaycan ədəbiyyatı ilə yanaşı dünya ədəbi incilərindən də xəbərdardır, Yəqin ki sevimli peşəsi də buna kömək olub. “Yazdıqlarım”da fikirlərini dünya söz sənətinin inciləri ilə möhkəmləndirir. Bu mənim də sevdiyim yazı üslubudur. Məşhurların deyimləri münasibət bildirmək, müqayisə aparmaq, polemika və diskussiyalarla həqiqəti üzə çıxarmaq üçün sınanmış vasitədir. Azərbaycan elminin fədaisi Azad Mirzəcanzadənin “İxtisasa giriş” kitabı bu cəhətdən əvəzedilməz incidir.
“ƏR EVİNDƏ XOŞBƏXT OLMAĞIN YOLU SÖYÜŞDƏN KEÇİR”
A.Şopenhauer deyirdi ki, evlənmək hüquqları ikiyə bölmək, vəzifələri isə ikiyə vurmaq deməkdir. Pərvanə xanım “Nəsillərin söyüş nəsihəti”ndə “qanımıza hopmuş bir neçə gərəksiz xüsusiyyətlərimizdən – “böyüyə hörmət bizə babalarımızdan qalıb” deyə bu mənəvi mirasla öyünsək də, ömür-gün yoldaşının atasına söymək vərdişindən əl çəkməyən kişilərin böyüyə “hörmət”i təəssüf hissi ilə qələmə alınıb. Atasına hər gün söyülən qadının təsadüfən oğluna əzizləmə anlamında “ay köpək oğlu” deməsi ilə evdə atəşkəs pozulur, müharibə şəraiti yaranır. Ər anlamır ki, hörmət qarşılıqlı olmalıdır. Heç kimin böyüyü, lap elə kiçiyi də təhqir olunmamalıdır. Bu “Nəsillərin söyüş nəsihəti”nin qayəsidir. Heç kim ata-anasının, nəsil-nəcabətinin, qohum-əqrəbasının, şəxsiyyətinin təhqir edilməsinə təbəssümlə dözməməlidir. Ailədə övladların da tərbiyəsinə bizim “zarafat” və “adi” saydığımız “vərdiş”lər mənfi təsir göstərir. Bəzən atalar körpə oğluna ana nənəsini və babasını söyməyi öyrədir və bundan həzz alır. Unuduruq ki, söyüş və təhqir acizləriə xas “tərbiyə”dir, küləyə qarşı tüpürməkdir, bumeranq kimi söyüş söyənin üzünə qayıdır…
Bəzən qızın valideynləri gəlin köçən qızına ər evində söyüşə, təhqirə qarşı dözümlü olmaq, dinməmək nəsihəti edirlər. Unudurlar ki, ər evində xoşbəxt olmağın yolu söyüş yox, qarşılıqlı sevgidir. Evdə sevgi olmayanda soyadını dəyişib “xoşbəxt” olan bədbəxtlər günbəgün çoxalır.
Droidin deyimini çoxdan əzbərləmişəm:”Əgər kişilərin özləri əxlaqlı olsaydı, qadınların çadralı gəzməsinə ehtiyac olmazdı”. “Sevən qadının fədakarlığı ölçüyə gəlməz” (Alfons Dode), qadını təhqir etmək kişini alçaldır…
“DİLİMDƏKİ SEVİMLİ NƏĞMƏMİ ÜRƏYİMƏ ÖTÜRDÜM”
“Küçədən öz ritmiylə – “şifrələnmiş” mahnısıyla keçən” Pərvanə xanımın sevimli melodiyasına küçədə şütüyən maşının pəncərəsindən bir “mahnı” “hücum”a keçdi. Pərvanə xanım sevimli mahnısını ucuz söz yığımından qoruyan ana kimi ürəyində gizləyir. Söhbət milli ruhun qidası mahnılarımızdan gedir. İndi – çağdaş texnologiyanın “istedad”ı ilə musiqisi, mənasız və bayağı sözlərlə mətni yaranan “nəğmə”lərin evimizə, şadlıq evlərinə soxulduğu, beynimizi yağır etdiyi zamanda “sən mənim ürəyimsən, canımsan, ən çox sevdiyim xanımsan, damarımda qanımsan” qışqıranlar xalqın “sevimli”sinə, “sənətkar”ına çevrilib. Flora xanım Xəlilzadənin fikirlərindən bəhrələnən Pərvanə xanım musiqimizin yaralarını hər gün dağlayan “musiqi”lərin və sənətciklərin zövqümüzə təcavüzündən ürək ağrısı ilə yazır. Məhz buna görə də ana intuisiyası ilə öz sevimli nəğməsini yad çığr-bağırdan qoruyur, ürəyində gizlədir Pərvanə xanım.
Dahi Üzeyir bəy, nə yaxşı ki, bu günkü şou-biznes adlı biabırçılıqdan xəbərin olmadı, buna ürəyin dözməzdi…
“YALTAQ QONŞUDANSA PAXIL QONŞU YAXŞIDIR. BİRİNƏ ALDANIB MƏHV OLURSAN, O BİRİ İSƏ SƏNİ HƏMİŞƏ EHTİYATLI OLMAĞA MƏCBUR EDİR”
Pərvanə Bayramqızı bir təzaddan yazır: “bu adam yaltaqlana-yaltaqlana qürurlu olub”. Bu təzad “Yaltağın qüruru”yazısındandır. Elə yazının adı da maraqlı təzaddır. Ünlü filosof-yazıçı Əlisa Nicatın deyimi cəmiyyətin barometridir: “Yaltaqlıq saxta pul kimidir. Bu günkü vəziyyətimizə görə dövrədədir”. Amma unutmayaq ki, “səmimilikdən çətin, yaltaqlıqdan asan heç nə ola bilməz” (F.Dostoyevski).
Pərvanə xanım yazısının əvvəlində bizi “yaltaqlıqla qürurun vəhdəti” ilə tanış edir. Hətta təəccüblə təkcə bizə yox, özünə də sual verir ki, “yaltaqlıqdan söhbət gedirsə, qürurun buna nə aidiyyatı var?”. Bunu bir tanıdığı məmurun timsalında sübut edir ki, bəli, aidiyyatı varmış.
Milli ruhumuzun (burada “ruh” sözündən üzr istəyirəm) eybəcər nəsnələrindən biri qürurunu itə atıb “böyüyən”lərə çoxumuzun həsəd aparmasıdır. Əslində dərisi bir qara qəpiyə dəyməyənlərin yaltaqlana-yaltaqlana sərvət sahibinə çevrilməsində günahkar özümüzük. Biz onları yuxarı başa keçirmişik, hətta yaltaqcasına qarşısında baş əymişik. Mənəvi çürükləri – “həcdən gələn tülkülər”i qarşımızda aslana çevirən də bizlərik. Pərvanə xanım yazır ki, belələri “yaltaqlıqla bərabər qüruru necə qorumalı olmağın yollarını övladlarına da öyrədir”, estafeti onlara ötürürlər. Beləliklə, yeni nəsil yaltaqlar və “qürurlular” yetişir – sürünə-sürünə “böyüyənlər”.
Yaltaqlığı törədən, becərən amillərdən birincisi ətrafımızdakıların yaltaqlıqdan həzz almaq xislətidir. Yaltaqlıqdan həzz almaq mənəvi narkomanlıqdır, yaltaqlardan asılı vəziyyətə düşməkdir. Yaltaqlığı özünə sığışdırmayanlar qarşısındakı iyrənc sifətli yaltağın saxta tərifindən həzz ala bilməz. Cəmiyyətdə qanunlar işlək olarsa yaltaqlığa yer olmaz. Mənfəət üçün əyilmək yaltaqlığın əlifbasıdır.
Yazıçı Kamran Nəzirli bir incə mətləbə toxunur: “Əlbəttə, elə bir adam yoxdur ki,tərifi sevməsin. Axı kim ona deyilən xoş sözdən inciyər? Belə çıxmasın ki, xoş və səmimi sözün əleyhinəyəm. Əksinə, indiki durumda insanlara səmimi xoş sözlər demək daha çox lazımdır. Gərək həddi aşmayasan… Mədəni adam yaltaqlıq etməz”…
“DEYİRƏM Kİ, DÜNYADA ƏN BÖYÜK TƏMƏNNA VALİDEYNLƏRİN TƏMƏNNASIDIR”
Pərvanə xanımın “Yazdıqlarım”ının içərisində məncə, ən cəsarətlisi “Təmənna”dır. Müəllif hər kəsin onu qınaq obyektinə çevirəcəyini də bilir: “Hazırlaşın nifrinlərinizi yağdırmağa, əlinizə bəhanə verirəm. Bilirəm ki, yazıdakı həqiqəti ifadə edən qalacaq bir kənarda, məni nankorluqda qınayacaqsınız. Amma buna görə fikrimdən dönən deyiləm. Deyirəm ki, dünyada ən böyük təmənna valideynlərin təmənnasıdır”.
Bu yazı orta əsrlərdə yazılsaydı inkivizasiya məhkəməsi müəllifi yəqin ki, linç edərdi. Düzdür, üstündən 500 il keçsə də şüurca çox da irəli getməmişik. Bircə fərq var ki, bu gün Pərvanə xanımı Bruno kimi tonqala atmağa cəsarətimiz çatmaz. Ancaq bu günkü qeybətcil nadanlar gizlicə bir-birinin qulağına pıçıldayar: “nankor”.
Pərvanə xanım 6-7 il əvvəl televiziyadan eşitdiyi cümləyə – “yeganə adam valideyndir ki, bizə təmənnasız xidmət edir” fikrinə etiraz edir. Gəlin, əvvəlcədən onu qınamayaq. Yazını cümlə-cümlə oxuyaq. Onun arqumentlərini araşdıraq. Bəlkə doğru deyir? Biz şərq mollaları kimi şallağı hazır tutub asi axtarmayaq. Bir yazı ki, bizi dərindən fikirləşib nəticə çıxarmağa vadar edir, bunun nəyi pisdir? Gəlin bu cümlələri ayıq düşüncə ilə analiz edək:
“Bəzi valideynlər unudurlar ki, ona görə övad sahibi olmaq istəyiblər ki, gələcəyini sığortalasınlar, tənhalıqdan xilas olsunlar, bir gün qocalıb fiziki qüvvəsini itirəndə onlara qayğı göstərən olsun”. Bunu yazmaq cəsarəti çoxumuzda yoxdur. Lap elə məndə də. Gəlin etiraf edək. Etiraf ən böyük cəsarətdir. Söhbət belə təmənnadan gedir: “yaratdığı insana bunu minnət kimi yükləmək ədalətli deyil”. Pərvanə xanımın bu düşüncəsindən əlahəzrət həqiqətin ən alisi boylanmırmı? Həqiqəti söyləyən heç vaxt utanmır, nankor da ola bilməz.
Pərvanə xanım daha sonra yazır: “Qəribədir, ərini başqa qadınla bölüşməyən, bunu hər cür pis rəftarla qarşılayan qadın ana kimi övladını övladsız birinə ürəklə verir. Hansının – qadın, ya ana olmağın məsuliyyətinin çətin olduğunu mühafizəkarlar desinlər (eyni hal kişilər üçün də keçərlidir). Uşaqların böyüklərə xidmət üçün doğulduğu bu məqamda sübuta yetirilir. Yəni mənə də lazımsan, övladı olmayan biri də tək qalmamalıdır”.
Boşanmaların kütləvi hala çevrilməyə doğru getdiyi indiki zamanda yeni qurulan ailələrin xoşbəxtliyinə əksər hallarda gəlin-qaynana münasibətləri qənim kəsilib. Məşhur qaynana Cənnət nənənin “gəlin evin süpürgəsidir” hökmü də gəlinin yad ocağa ilahi sevgi üçün yox, qaynanaya xidmət üçün gəldiyini sübut edir.
Həqiqəti anladan cəsarətli fikirləri alqışlayanlar da olacaq, lənətləyənlər də Mən müəllifi alqışlayanlardanam…
“ELƏ EDİN Kİ, UŞAQLAR SİZİ İNSAN OLDUĞUNUZÇÜN SEVSİNLƏR, BİOLOJİ BAĞLILIĞIN MƏCBURİYYƏTİNDƏN YOX”
Pərvanə Bayramqızının “Yazdıqlarım”ını oxuyanda içimdə vurnuxan suallardan hövlləndim: “doğrudanmı mən də ağıllı və uzaqgörənəm?” Yazıçının hər “Yazdıqlarım”ından çox bəhərləndim və anladım ki, niyə uzaqgörən babalarımız “ağıl yaşda deyil, başdadır” deyiblər. İxtisasımdan, pedaqoji biliklərimdən mənə aydındır ki, tərbiyəsi özündən də əziz olan uşağın yetişdirilməsi çoxcəhətli prosesdir. Valideyn hərtərəfli insan – ata, ana, yaxşı dost, ədalətli yoldaş, səmimi sirdaş, istedadlı psixoloq olmalıdır.
Şərq despotizmi, qəlblərə tiranlıq, köntöylük bizim əxlaq kriteriyalarımıza bu gün də şahlıq edir: “Qəribədir, çoxu bu gün uşağı döyür-söyür, heysiyyatına toxunur, böyüyəndə isə onu qürurlu şəxsiyyət kimi görməyi arzulayır. Həmin qüruru bu gün – “burnun girməyən yerə başını soxma” deyərək öldürdüyünün fərqinə varmır”. Uşaqları qorxaqlığa, laqeydliyə, ancaq öz başının milçəyini qorumağa təhrik edəndə onun sabah çətinliklərə sinə gərib mübarizə aparmaq bacarığına ağır zərbə vurduğumuzu anlayanda geç olur. Başqa xalqlarda valideynlərin, pedaqoqların uşağa diqqətini, qayğısını, suallarına təmkinli və hərtərəfli cavabı bizə gülməli görünür. S.S.Axundovun “Qaraca qız” hekayəsində Xədicənin (Ağcanın) tərbiyəsinin alman dayənin öhdəsinə verilməsinin anlamı böyükdür. Tutunu (Qaraca qızı) tərbiyə edən Yusifləri isə mənfəət maraqlandırır. Əslində bu gün vəziyyət çox da dəyişməyib.
P.Bayramqızı ürək ağrısı ilə yazır ki, çoxları özünü öyür ki, uşağına yaxşı tərbiyə verib, yəni adam ödürməməyi, əxlaqsızlıq etməməyi tövsiyə edib. Amma uşağına deməyib ki, “heç kəsin cibinə gözünü dikmə, ucuz şöhrət dalınca qaçma”. Uşağını hüquq fakultəsində oxumağını istəyənlərin gələcək planı rahat pul qazanmaqdır. Bunun halal və haramlığı onları maraqlandırmır. “Körpə vaxtlarında övladlarına “sən ye, yoxsa başqası yeyəcək” xəbərdarlığı edənlər uşaqları tamahkarlığa, acgözlyə, paxıllığa öyrədirlər”.
Unutmayaq ki, “əsl tərbiyə İNSAN yetişdirməkdir”…
“BİLİRSƏN Kİ, “DİRİ ÜÇÜN İYNƏ BOYDA” YAXŞILIQ ÖLÜ ÜÇÜN EDİLƏN HƏR ŞEYDƏN VACİBDİR”
“Yazdıqlarım”a yazdığım yazının sonunda Pərvanə xanımın atasına yazdığı məktubdakı bəzi məqamlara toxunacağam. “Bu yazını yazmaqla övladlıq yox, insanlıq borcundan çıxmaq istəyən” müəllif möhtəşəm azadfikirli ata obrazı yaradıb, sağlığında atasına heykəl qoyub. Ata “övladlıq borcu” ifadəsinin əleyhinədir, ata ilə qızı yaxın və səmimi dostlardır. Pərvanə xanım kiçik demokratik cəmiyyətdə – numunə ola biləcək ailədə doğulub boya-başa çatmağından məmnundur. Bu övlad üçün möhkəm mənəvi dayaqdır. Pərvanə xanımın fikrinə görə, belə olanda övlad valideynlərin böyüklüyünü anlayır və onunla fəxr edir. Bilir ki, uğurlarının yolu açıqdır. Ata qızını “övladlıq borcunuz yoxdur” deyərək mənəvi yükdən xilas edir.
Müəllif yazır: “Atacan! Verdiyin mənəvi sərbəstlikdən irəli gələn cəsarətimlə bu yazını sənə sağ ikən yazıram! Bilirsən də ağı deməyi bacarmıram. Bunu heç sən də istəmirsən. Nekroloqlar da gedənləri qaytarmır. Odur ki, sənə olan hörmətimdən, layiq olduğun məhəbbətimdən indi agah olmağını istəyirəm. Rəftarınla qəlbimdə özünə elə bir məkan seçmisən ki, nə sən narahat olursan, nə də mən ömrüm boyu səni beləcə daşımağa hazıram. Elə güman edirəm ki, bununla “ovucda gəzdirmək” ifadəsini gerçəkləşdirirəm. Qeyri-adi düşüncələrini tərbiyənə qatıb elə davrandın ki, “atadan qorxmaq” ifadəsi bizə yad oldu”.
Müxtəlif zamanlarda məşhurların övladlarının valideynlərinə yazdığı məktubları, xatirələri maraqla, mənəvi doymazlıqla oxumuşam. Bu məktub da məşhur məktublar qədər məni duyğulandırdı, heyrətləndirdi. Səmimi ədəbi incilərin bu gün də yarandığına sevindim. Pərvanə xanım sözün qüdrətiylə sağlığında atasına abidə ucaldıb. Bu möhtəşəm abidənin bünövrəsi səmimi ata sevgisi ilə möhkəmlənmişdir…
Və sonda Pərvanə xanımdan bu günümüzün statusu: “Azadlıq əlimizdən alındı, hava da icazəli oldu, yaz-yay fəslini “karantin fəsli” əvəz etdi, ömrümüzü karantin-karantin itiririk”…
VAQİF OSMANOV. Avqust 2020.