- Köşə

Vasif SADIQLI. «Bir şərab ver…»

 

Deyirlər, qripin dərmanlarından biri də çaxırdı. İçki içən olmasam da, bu zəhrimar xəstəlikdən qurtulmaq üçün getdim alım. Dükançıdan soruşdum ki, yaxşı çaxırın var?. Dedi, köhnə çaxırdı. «Bir şüşə ver». Dükançı qımışıb dedi: «Qonşu, deyəsən, sənətkarsan? On beş ildi, bu çaxır dükanda yatıb-qalıb. Burada yaşayanlar varlı-hallı adamlardı, deyirəm köhnə çaxır, üz-gözlərini turşudurlar: «Svejisi yoxdu?»

Mən içən deyiləm. Köhnə çaxırın yaxşı olduğunu isə ingilis məsəlindən bilirdim: «Hər şeyin təzəsi, çaxırın köhnəsi». Əgər burnum qızarıbsa, bu da qripdəndi… Amma deyəsən, dükançı hərif məni əyyaşa oxşatdı axı… Əlqərəz, bir stəkan süzək, bir sağlıq deyək: «Əziz eritrositlər, hörmətli leykositlər! Bu ölüm-dirim savaşında bir addım belə geri çəkilmək olmaz. Arxada O`Kamildi – sizin ümumcismani lideriniz, ulu öndəriniz – mən!. Sağ olun!». Oxqay, bəh-bəh, çaxır döyül, bəhməzdi.

«Şəbəstü şəmü şərabi-şirin,

Qənimət əst…»

Qənimət dedim yadıma düşdü, əvvəl bir istədim, aclıq keçirəm, bəlkə, viruslar qırıla. Amma çifayda, onlar zərrə qədər də narahat olmadılar, əksinə, başladılar mahnı oxumağa:

Yemirsən, heç yemə, qoy belə olsun,

Sənə ye deməyə nə cürətim var?

Mədə özünündür, özün bilərsən…

«Yox-yox, mən o Məcnunlardan deyiləm» – deyib girişdim yemək-içməyə. Orasını da deyim, çaxır çox xətərnak şeydi. Deyir, bir monax qış gecəsi gəlib çıxır bir kəndə. Nə illah eləyirsə, heç kəs qapını açmır. Bayırda isə itöldürən soyuq. Axır bir qadın qapısını açır, o da şərt qoyur: «Səni evə buraxıram. Amma gərək ya keçini kəsəsən, ya mənimlə şərab içəsən… Nə isə, lənət şeytana

…Sizin sağlığınıza, əziz hüceyrələrim. Məni möhkəm qoruyun. Vətən sərhədlərini … əstəğfürullah, tfu-tfu, nəbadə, iyirmi faizi bada verə bilmərəm, polis Azərbaycan hökumətini, seçki qutularını qoruyan kimi.

Qoy televizoru açım, görüm nə göstərirlər? Aha, sənsənmi aya? Bu ki, müxalifətdə idi? Neçə müddətdi görünmürdü. Xalq da narahat idi ki, görəsən, başına bir işmi gəldi?  Əəə qırışmal, bəs sən nə vaxt keçdin iqtidara? Camaatda fərasətə bax ee! Mən elə uşaqlıqdan əbləh olmuşam. Yaxşı yadımdadı, kəndin kənarından keçən kanala çimməyə gedərdim. Bir də baxırdım ki, Yetim Muxtarın oğlu çəkilirdi-çəkilirdi, suya zillənirdi. Girirdi suyun altına, bir müddət çıxmırdı, mən də elə bilirdim boğulur. Qışqırırdım: «Qoymayın, ay haray…» Yekə uşaqlar mənə baxıb bağırsaqları tökülənə qədər gülərdilər. Suya girən gədə çıxanda əməlli-başlı pərt olardım. Bu yandan da çimmək yadımdan çıxardı. Nə olacaq, ağ, nazik dəri… Evə qayıdandan sonra başlayardılar yanmış kürəyimi, qızarmış burnumu yarım saatdan bir qatıqlamağa… 

Həri. Bu siyasətdə nə qədər zəki və diribaş qəvvaslar var imiş! Bir də görürsən, «lüpp», buradan baş vurdu, gedib o dee, ordan çıxdı. Ordan da baş vurdu, getdi o biri partiyadan çıxdı. Bəzilərinin nəfəsi çatmır, əvvəlcə bir yarıiqtidar-yarımüxalifət partiyasının yanına çatanda sudan çıxır, yay günündə arxdan çıxmış it kimi çırpınıb suyunu dağıdır, nəfəsini dərir, sonra ciyərlərinə hava yığıb bir də suya baş vurur və bu dəfə gedib düz iqtidardan çıxır. O dee, oturub AzTV-də siyasət xırdalalyır, boyuna Varxiyan qamışı ölçüm, a beləsi…

…Nə isə, axırıncı stəkanı da içək, yataq. Əziz eritrosit və leykositlər, hörmətli kamikadzelərim. Heç bilmirəm, məni qoruyan hansınızdı? Biologiyanı pis bilirəm. Onu bilirəm ki, biriniz ağ, biriniz qırmızıdı. Siz qeyrətli hüceyrələrsiniz, sizin qeyrətinizə quzu kəsim. Sizin sağlığınıza. Həp-həp-həp-çiiiiiiiiii…

P.S. Köşədə yer olmadığından «çi»lərin mabədi gələn nömrədə.

“Bizim Yol”, 12 dekabr 2006