- Köşə, Manşet

Vasif SADIQLI. “İndi bizdə kampaniyadır, get iki dəfə də elə…”

Deyir, qulaq gündə bir söz eşitməsə, kar olar. Yəqin, göz gündə bir dəfə nəsə görməsə, dil danışmasa və burun da qoxulamasa, nəsə olar və ya, bəlkə də, olmaz. Düzünü oftalmoloqlar və otolarinqoloqlar bilər. Dünən qarşıma bir video çıxdı. Bir əmmaməli zat, deyəsən, hədis (ya da rəvayət) danışır. Əsas odur ki, hansısa imamın adından dini hökm verir: “Həzrət su istədi. Gətirdim, içdi, ağladı. Sonra dedi: “Kim su içəndə Hüseyni zikr etsə, onun qatilinə lənət oxusa, ona 100 min savab yazılacaq, 100 min də günahı silinəcək. 100 min mərtəbə də məqamı yüksəldiləcək”. Daha sonra dedi ki, axirətdə o adamın üzü nurlanacaq və VİP qapıdan birbaşa cənnətə girəcək.

Bu sözləri danışan höccətül-İslam adlanan Seyid Əliəkbər Ocaqnejad adlı şəxs idi. Xatirinizdə olar o vücud, təmsil etdiyi hökumət 30 il ermənilərin bir nömrəli iqtisadi tərəfdaşı oldu, amma Qarabağ alınanda Şuşada şeyxin önünə keçib imamlıq edirdi. Bu “hədisi” eşidəndə yadıma bir lətifə düşdü. Oxuculardan və yazıcılardan üzr istəyib həmin lətifəni danışmaq istəyirəm. Deyir, bir gün keşiş ravvinə deyir ki, qardaş, mənə kömək edərsənmi? Məni bir günlüyə qonşu kəndə çağırıblar. Əvəz elə, gedim orda tövbələri qəbul edim, ya da  nəsə…

Ravvin də qayıdır ki, mən kilsədə nə edəcəyimi bilmirəm axı. Keşiş deyir, asandı, öyrədərəm. Əlqərəz, ravvin gəlir kilsəyə, keşiş deyir, keç o pərdənin arxasından qulaq as, gör necə olur.  Bir qədər keçir, bir qadın gəlir:
– Keşiş ata, tövbə etməyə gəlmişəm
– Yaxşı edibsən. Tövbə edən günah etməmiş kimi təmiz olar. Nə günah etmisən, mənim balam?
– Üç dəfə zina etmişəm.
– Mənim balam, üzünü tut Yerusəlimə, Məryəm ananı göz önünə gətir, dua edib, ondan bağışlanmanı istə, çıxanda dəhlizdə sağ tərəfdəki qutuya 100 dollar at.
Qadın deyiləni edir.
Bir qədər keçir, yenə bir qadın gəlir.
– Keşiş ata, tövbə etməyə gəlmişəm
– Yaxşı edibsən. Tövbə edən günah etməmiş kimi təmiz olar. Nə günah etmisən, mənim balam?
– Üç dəfə zina etmişəm.
Bunu da eyni qayda ilə yola salır. Sonra üçüncü qadın, bu da 3 dəfə zina edib, eyni qaydada tövbə edib gedir.
Keşiş ravvinə deyir:
– Yadında qaldı? Çətin deyil?
– Yox, hər şey qaydasındadır.
Səhəri gün ravvin keşişin paltarını geyinir, xaçı asıb gəlir kilsəyə. Bir qədər keçəndən sonra bir qadın gəlir:
– Keşiş ata, tövbə etməyə gəlmişəm
– Yaxşı edibsən. Tövbə edən günah etməmiş kimi təmiz olar. Nə günah etmisən, mənim balam?
– Zina
– Neçə dəfə?
– Bircə dəfə.
-… Mənim balam, indi bizdə kampaniyadır. Get iki dəfə də zina elə, sonra gəl bura. Üzünü tut Yerusəlimə, Məryəm ananı göz önünə gətir, dua edib. ondan bağışlanmanı istə, çıxanda dəhlizdə sağ tərəfdəki qutuya 100 dollar at…

Göründüyü kimi, höccətülislam ravvindən da yaxşı qəlb sahibidir. Ravvin qadının önündə 2 zinalıq, höccət 200 min günahlıq bir üfüq açır. Yəni su içəndə məlum prosedura əməl elə, ondan sonra it ol, qurd ol, hər yaramazlığı elə, “xeyri yoxdu” – cənnətliksən. Çünki ortada 100 minlik savab resursu, 100 min günahın isə silinməsi zəmanəti var. 197 min günahmı edibsən? İmkan var, get 3 min də elə, sonra gəl.. Sonra suyunu iç, üzünü tut Kərbəlaya, Hüseyni yada sal, su verməyənləri lənətlə. Vəssalam, namə tamam… Lətifədəki ilə arasında bircə fərq var. Lətifədə əvvəlcə günah edilir, sonra tövbə proseduru, burda əvvəlcədən profilə savab və məğfirət yüklənir… 100 dolların da cibində qalır…

Xeyirli bazar ertələri

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova