- Dil, Manşet

Vasif SADIQLI. Öz dilində danış və ya “çırmanırıq keçməyə çay gəlməmiş”

Ötən əsrin 90-cı illəri ölkəmizin böyük bir imperiyanın tərkibindən çıxıb suverenliyə doğru can atması, eyni zamanda, bir ideologiyadan digərinə – sosializmdən kapitalizmə keçidi ilə xarakterizə olunur. Azadlıq təşnəsi olan xalqımızın o vaxtlar dağılmağa məhkum olan və buna görə azğınlaşan imperiya qarşısında mətanətli duruşu və bunun nəticəsində ilin xalqı elan edilməsi unudulacaq hadisələr deyil.

Tarix göstərir ki, belə böyük siyasi kataklizmlər dövründə hay-küyçülər tərəfindən səhv maksimalist qərarlar da qəbul edilir. Məsələn, Rusiyada sosialist inqilabı qələbə çalandan sonra (1917-ci il) eyforiya dalğasında proletar mədəniyyəti hərəkatı yaranmışdı. Sonralar “proletkultçuluq” adlandırılacaq bu hərəkatın nümayəndələri kapitalizm dövründən qalma bütün zavod-fabriklərin, binaların, dəmiryol xətlərinin sökülməsini tələb edirdilər. Oxşar hadisələr yenə ötən əsrin əvvəllərində Türkiyədə də olmuşdu. Orada milli geyimə, ənənələrə, ərəb və fars dillərindən keçmiş sözlərə müharibə elan edilmişdi.

Müstəqillik dövründə bizdə də oxşar cəhdlər oldu. Bizim “proletkultçular” da qardaş ölkəni təqlid edərək dilimizdə oturuşmuş sözlərə müharibə (onların təbiri ilə desək, savaş) elan etdilər. Onlar şərəf əvəzinə onur, layihə əvəzinə proje, dünyəvi əvəzinə laik və s sözləri işlətməyi millətçilik, müasirlik, başqalarından üstünlük elementi kimi görür, cəmiyyəti də buna təşviq edirdilər.

Həmin zavallı “proletkultçular”ın qəzəbinə gələn sözlərdən biri də  müharibə idi. Bu sözün “repressiyaya” məruz qalmasının əsas səbəbi ərəb dilindən keçməsi idi və onun əvəzinə savaş sözünü ortaya atmışdılar.

…Hardasa 2012-ci (2013?) il idi, televiziya kanallarında, dövri mətbuatda, Bakının küçələrində dil monitorinqi keçirib, nəticəsini hansısa qəzetdə vermişdik. O vaxt AMEA Dilçilik İnstitutunun direktoru olan mərhum akademik Tofiq Hacıyev bizi instituta dəvət etdi, kollektivi topladı, monitorinq barədə məlumat verdik. Həmin təqdimatda “müharibə” sözünün əvəzinə “savaş” yazılmasının səhv olduğunu da bildirmişdik. Tofiq müəllim bu fikri təsdiq edərək əlavə etdi ki, savaş sav/sov sözündən götürülüb. Əvvəllər sözə sav deyilib. Savaş müharibə yox, savlaşma – mübahisədir. Bizdə belə bir atalar sözü də var: “Ər-arvadın savaşı – yaz gününün yağışı”…

Bəli. Amma nə fayda? Müharibə əvəzinə savaş yazanlar bu gün də var və bununla fəxr edirlər. Onlar, deyəsən, qardaş ölkədə müharibə sözünün indi də işlənilməsindən və eləcə də, bu sözün işlənməsində olan sistemsizlikdən xəbərsizdirlər. Bizdə müharibə və döyüş sözlərinin fərqli mənası var və onları bir-birinin yerində işlətmək savadsızlıqdır. Amma Türkiyədə savaş sözü həm müharibə, həm də döyüş mənasında işlədilir. Eləcə də döyüş mənasında müharibə sözü işlədilə bilir. Nəticədə belə bir absurd mənzərə alınır:

“Stalingrad Savaşı Tarihi Ve Özet I  –  Stalingrad Muharebesi

 “İkinci Dünya Savaşının bir cephesinde Stalingrand Savaşı yapılmıştır”.                  hurriyet com tr/

Əlavə olaraq qeyd edək ki, Türkiyədə müharibə sözündən imtina edildiyini düşünənlər yanılırlar. Qardaş ölkədə həmin sözün istər özü, istərsə də kökü olan hərb sözü indi də dilin aktiv fondundadır. Amma linqvistik zəkası kor-koranə təqliddən o yana getməyən “proletkultçular” onu çoxdan öz leksikonlarından çıxarıblar.

Hərb sözünə gəlincə, Türkiyə Dil Qurumu həmin sözü belə izah edir:
Harp kelimesini içeren birleşik cümleler: harp akademisi, harp dairesi, harp gemisi, harp okulu, soğuk harp, sinir harbi.

Göründüyü kimi, burada da müharibə sözünün törədiyi hərb sözü həm hərbi, həm də müharibə mənasında işlənib:

harp akademisi – hərbi akademiya

soğuk harp – soyuq müharibə

Muharebe sözünün özünə gəlincə, bu söz də türk dilinin lüğət tərkibindən çıxarılmayıb. Türkiyə Dil Qurumu həmin sözün leksik mənasını belə izah edir:

“Muharebe” kelimesi Arapça kökenli bir terimdir. Arapça kökeni “h-r-b” (حرب) kökünden gelir. Bu kelime, iki veya daha fazla taraf arasında gerçekleşen silahlı çatışmayı veya savaşı ifade eder.

Örnek Cümle: “Tarih boyunca birçok büyük muharebe dünyanın kaderini değiştirmiştir”.

Kiçicik araşdırma aparsanız, Türkiyə Müdafiə Nazirliyinin (ata.msb.gov.tr)  və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının (tsk.tr) saytlarında muharebe sözünün məhz müharibə mənasında işləndiyinin şahidi olarsınız.

Beləliklə, müharibə əvəzinə savaş sözünün işlədilməsi də nömrəli əvəzinə saylı sözünün işlədilməsi kimi (bu barədə yazmışdıq) mənasızdır, əllaməlikdir, dilimizə zərbə  vurmaqdır.

Həmişə dediyimiz bir sözü yenə təkrar edirik: Dilə ən böyük zərbəni diletantlar vurur.

Xeyirli çərşənbə axşamları