Türkiyədə yaşayan azərbaycanlı dostlardan biri (özü də professordur) bir neçə gün əvvəl Feysbuk səhifəsində belə bir status yazıb: “Ermeninin, Rumun, Yunanın,Rusun, Bolgarın, Gürcünün ve dünyadakı bütün xalkların dindarları ve komünistleri kendi halkınn terefinde olur. Biz Türklerde bu iş tersinedir. Bizim dindarlar Arap, Fars olmak, onların kültürü ile yaşamak, adlarını taşımak isterler”.
Professor bir gün sonra düşünüb ki, “alə, statusun sonu lap canalandır eee, yamancana demişəm” və bir qədər də irəli gedərək “Türklüyü müəyyən etmə indikatoru” kəşf etdiyini bəyan edib. Belə də yazır: “Çocuklarınıza verdiğiniz isimleri söyleyin,sizin Türk olup olmadığınızı söyleyelim”. Artıq arkadaş bu indikatorla real vaxt rejimində hər kəsin türk olub-olmadığını müəyyən edir. Sən şərh bölməsinə uşaqların adlarını yazırsan, o da eləmə tənbəllik, əgər türk adı(ları)dırsa, baş barmağı yuxarı (yəni əla) bir smaylik, ardınca “yaşasın” sözü, onun ardınca 4-5 əlçalma smayliki qoyur və nəsibini alırsan. Məncə, əgər milli mənsubiyyətin sübutalnı-dokumetalnı olmasını istəsən, dostumuz bir quş tapıb kirmişcə lələyini çəkib çıxara, onu mürəkkəbə batırıb, 2 cümləni ağ kağızın bağrına qara hərflərlə muncuq kimi düzə, “Bu kişinin gerçekten Türk olduğunu kendi bulduğumuz bir yöntemle ispatladık. Kamuoyuna sayğı ilə duyurulur” yaza bilər. Sonra baş barmağını mürəkkəbə batırıb, hoyxurar və imza yerinə basar. Necədi? Xəyalı belə əntiqədir, deyilmi?
Həri. Amma bir dənə əmma çıxır… Azərbaycanda yaşayan bir dilçi alimimizin təbiri ilə desək, bu “gələnəksəl kültür yöntəmi”ndə bir çiylik var – arkadaş baltanı daşa vurub sanki.
Çünki bu indikatora inansaq, onda belə çıxır ki, Nizami Gəncəvinin atası türk olmayıb. Çünki oğlunun adınıİlyas qoyub, Nizaminin özü də türk olmayıb – oğlunun adını Məhəmməd qoyub.
Vaxsey… Füzuli də eləcə. Çünki bu indikatora görə, onun atası da türk olmayıb – axı oğlunun adınıMəhəmməd qoyub, özü də türk olmayıb – oğlunun adını Fəzli qoyub.
Ay daaa. Qasım bəy Zakir də eləcə. Atası türk olmayıb – olsaydı, oğlunun adını Qasım qoymazdı, özü də türk olmayıb: övladlarına Əli, Nəcəfqulu adları qoyub.
Hm… Molla Pənah Vaqif də elənçik. Çünki bu indikatora görə, onun atası da türk olmayıb – oğlunun adını Pənah qoyub, özü də türk olmayıb – oğlanlarının adları Əli və Qasım olub.
Ooo… Mirzə Cəlil də eləcə. İndikator deyəcək ki, atası türk olmayıb – çünki oğlunun adını Cəlil qoyub, özü də türk olmayıb övladlarına Midhət və Ənvər adı qoyub.
“İkinci kruq” edək: vaxsey. Mirzə Ələkbər Sabir də eləcə. Atası onun adını Ələkbər qoyub. O isə övladlarına Məmmədsəlim, Şəfiqə, Səadət və Sürəyya adı qoyub.
Ay daa. Səməd Vurğun da eləcə. Atası oğlunun adını Səməd qoyub. Özü də türk olmayıb – oğlanlarına Yusif və Vaqif adları qoyub.
Hm… Məhəmməd Əmin Rəsulzadə də eləcə. Bu indikatora görə, onun da atası türk olmayıb – oğlunun adını Məhəmməd qoyub, o özü də türk olmayıb – övladlarına Azər, Rəsul, Lətifə, Xalidə adları qoyub.
Keçək Türkiyəyə… Professor dostumuzun məntiqi ilə Mehmet Akif Ərsoyun atası da türk olmayıb – oğlunun adını Akif qoyub. Özü də türk olmayıb – övladlarına Cəmilə, Fəridə, Suad, Emin, Tahir adları qoyub…
Belə. Mirzə Cəlil demiş, deyəsən, çox qəmişliyə getdik. Qeyd edim ki, mənim məzkur professorla heç bir düşmənçiliyim yoxdu. Əksinə, hətta bir dəfə jurnalist tanışların birinə dedim ki, Rusiya azərbaycanlılarının müstəqil mədəni-maarif internet nəşri olan www.atalar.ru saytı üçün ondan müsahibə alsın, xaricdə tanıdaq. Və özünə də imkan versin ki, xoşuna gəlməyən sualları çıxarsın, istədiyi sualı əlavə etsin. Jurnalist həmkarımız azərbaycanca yazdığı müraciətə professordan belə bir cavab almışdı: “Hörmetli …hanım! sürekli serbest olmamı mene hatırlatmanız ,”serbestliyimi”kısıtladı.Kusura bakmayın müsahibe alınmadı”.
Bunu nəyə görə yazdım? Professor dostumuz qardaş ölkəyə köçəndən sonra doğulduğu, boya-başa çatdığı ölkənin ana dilində danışmağı özünə ar bilir. Görünür, bunu da türklüyün atributlarından biri sayır. İnşAllah, azərbaycanca danışdığımız üçün bizi qınamaz. “Xalq yazuçu”ya ana dilində pis danışdığını deyəndə nerviləndiyi kimi, professor da “Niyə ana dilində yazmırsan?” deyəndə hiddətlənir. Yarım-bir il əvvəl ona irad tutan FADMM üzvünü FB səhifəsində “tetikçi” adlandırmışdı: “Bu günlerde bir Azerbaycanlı kadın tetikçi, “sen Azerbaycan’a yadsan(yabancı)”deyip meni vurdu. Doğru nişan almamış olmalı.Yaralandım,ancak ölmedim”.
P.S. “Profesör arkadaş, kusura bakmayın”, indikatorunuz “kitayski” çıxdı, bir qəpiyə dəymir. Ona görə bunları yazmalı oldum. İndikatorunuzdan “türklük “həri”si” ala bilməyən Nizami Gəncəvi də məni bu yazını yazmağa sövq edir. Aşağıdakı iki sətir onun “Leyli və Məcnun” poemasındandır:
Çox gözəl olsa da eybi gizləmək, Dost dostun eybini örtməsin gərək.