- Köşə

Vasif SADIQLI. Yenə hiddətləndim

Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor
Füzuli

Qarşıma bir videoçarx çıxdı, sonra baxdım ki, az qala hamı o videoçarxdan baxəbərdir və münasibət də bildirib. Açığı, bir az qorxdum, düşündüm ki, orada deyilənlərə münasibət bildirməsəm, xalqımız mənə hiddətlənər. Xalq da ki bir nəfərə hiddətləndimi, ona heykəl qoymaz,  bir də gedib görərəm ki, abidə üçün “manşırladığım” (işarələdiyim, seçdiyim) yerdə  (Musabəyovun heykəlinin yeri, indi orada postamentin üstündə bayraq dalğalanır) başqa birisinin heykəlini qoyublar.

Həri… Elə buna görə qərara gəldim ki, hörmətli deputat, Azərbaycan ictimai-siyasi xadimi, yazıçı-publisist, Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının qurucularından biri, hazırda Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü hörmətli Səyyad Aranın çıxışına mütləq qulaq asım. Video deputatın əsəbi sözləri ilə başlayırdı: “Mən günahkaram ki, kimsə 300-500 manat maaş alır? İnsan zəhmət çəkib oxuyar, ali təhsil alar, işlədiyi yerdə fərqlənər… “. Deputat elə qeyzlə danışırdı ki, açığı, bu dəfə də Səyyad Arandan qorxdum. Özümü qınamağa başladım ki, düz deyir də, niyə zəhmət çəkib oxumamışam, niyə ali təhsil almamışam? Oxusaydım, mənim də cibim pullu, səsim ötkəm, sifətim məhkəmə divarı kimi boz və etinasız, səsimin tonu susdurucu olardı.
…Niyə oxumadım axı? Yəqin, xalxın uşaqları canına cəfa verib oxuyanda mən velosiped sürüb, kef edirəmmiş?…“.
Aaa, bir də yadıma düşdü ki, orta məktəbdə yaxşı oxuyum deyə mənə velosiped də almadılar, məktəbi əsasən əla qiymətlərlə bitirdim. Hətta 5-ci sinifdə oxuyanda məktəbin rəhbərliyi mənə avtoqraflı kitab da hədiyyə etmişdi, bu gün də durur: “Dərs əlaçısı Sadıqov Ömərkamilə…”. Ziyəddin Göyüşovun “Həzz və iztirab” kitabı idi. O vaxt həmin kitab yaşıma uyğun deyildi, oxuyanda məni yuxu tuturdu, ona görə karandaşla kitabın titul vərəqinə “Yuxu dərmanı” yazmışdım. Sonradan kitab xoşuma gəldi və Bakıda institutda oxuyanda onun barəsində tənqidçi-filosof Asif Əfəndiyevlə söhbət də etmişik. Aaaa, indi yadıma düşdü, mən həm də ali təhsilliyəm! Özü də oxuduğum müddət ərzində həmişə təqaüd almışam (bizdə semestrdə bir “3”ü olana heç nə vermirdilər). Beləcə yavaş-yavaş özümə gəldim, deputatın zəhmindən yaranan qorxu nəticəsində beynimdə koqnitiv proseslər dolaşıbmış.

Zarafat-zarafat, deyəsən, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvünün dünyadan xəbəri yoxdur. Amma millət vəkili kimi elementar tendensiya və reallıqlardan xəbərdar olmalıydı. Əgər ölkədəki vəziyyətdən xəbəri yoxdursa, başı öz şəxsi işlərinə qarışıbsa, barı ekran qarşısına çıxmazdan əvvəl quqllayıb (ruslar гуглить deyir) informasiya əldə etməli idi. Bunun üçün 3-4 dəqiqə yetərlidir. Mən bir qədər əvvəl axtarış verdim və bunları öyrəndim:
AMEA-nın institutlarında çalışan alim və işçilərin vəzifə maaşı təxminən belədir:
Kiçik elmi işçi – 650 manat
Elmi işçi – 675 manat
Böyük elmi işçi – 700 manat
Aparıcı elmi işçi – 730 manat
Baş elmi işçi / şöbə müdiri – 760 manat
Mənbə: Metbuat.az

“BakuBus”ın sürücülərin əməkhaqları isə 1200-1500 AZN arasında dəyişir.
Mənbə: “BakuBus”un İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyevanın BAKU.WS-ə açıqlaması.
Hörmətli deputat, ya mən çaşmışam, ya da Siz. “BakuBus”da 1200-1500 manat alanlar “zəhmət çəkib oxuyan, ali təhsil alanlar”, AMEA-da 650-760 manat alanlar isə sadəcə, sürücülük vəsiqəsi olanlardır?
Ya da mən başqa bir məsələdə çaşmışam: daşlanıb qovulmuş şeytan mənə vəsvəsə verir deyə, elə hesab edirəm ki, 1200-1500 manat 650-760 manatdan çoxdur…

P.S. Əslində bizdə vəziyyət deputatın iddia etdiyinin əksinədir.  Ayrı-ayrı şəxslər istisna olmaqla, elm adamlarının, ali təhsillilərin çoxunun maaşı iki pişiyin “Viskas”ını bölə bilməyən arxalı və diribaşların qazancından daha azdır. Sovet dövrünün məşhur bir lətifəsi var. Bir nəfər yüksək vəzifədə olan köhnə məktəb yoldaşına zəng edir ki, uşağını işə düzəltsin. Aralarında belə bir söhbət olur:
– Əlbəttə, mütləq işə düzəldərəm, 500 manat da maaş alacaq.
– Yox, 500 çoxdur, uşağı pozar.
– 400 olsun.
– Yoxx. 150-200 manatlıq iş mümkün deyil?
– Oğlunuzun ali təhsili var?
– Xeyr.
-İnciməyin, 150-200 manatlıq iş üçün mütləq ali təhsil lazımdır.

Vəssalam, namə tamam. Xeyirli bazar günləri…