- Dil

Vasitəli nitq

Qəzənfər KAZIMOV, professor

Özgə nitqinin yalnız məzmununun verilməsinə vasitəli nitq deyilir. Vasitəli nitqdə özgə nitqinin fonetik, leksik, qrammatik xüsusiyyətlərində, hətta intonasiyasında da dəyişiklik edilir, onun yalnız məzmunu saxlanılır; məs.:

Papam deyir ki, bu dünya bir fındıqdı.(Ə.Əylisli) Get mamana de, qoy papana desin ki, bu dünya fındıq-zad deyil. (Ə.Əylisli) Mənə dedilər çatdırım ki, düşmən Təbrizin iki mənzilliyindədir. (F.Kərimzadə)

Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə əmələ gəlir; məs.:

Çoban Mahmud dedi: -Xanım, mən çobanam, ev işi bacarmaram. (İ.Əfəndiyev) – Çoban Mahmud dedi ki, o, çobandır, ev işi bacarmaz.

Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən müəllifin sözlərində elə bir dəyişiklik olmur, müəllif nitqi bütün emosional keyfiyyətlərini saxlayır; məs:-Bu nə əhvalatdır,- deyə anam təəccüblə soruşdu.(İ.Əfəndiyev) -Anam təəccüblə soruşdu ki, bu nə əhvalatdır. Səkinə nənə kişi kimi gurultulu səslə onlara tərəf qışqırdı:-Ehey, ey selbasarlılar, cahıllar obada yoxdur deyin kişiləşmisiniz? (İ.Əfəndiyev) – Səkinə nənə kişi kimi gurultulu səslə onlara tərəf qışqırdı ki, cahıllar obada yoxdur deyin kişiləşiblər?

Vasitəli nitq özgə nitqini tam şəkildə olduğu kimi ifadə edə bilmir, onun yalnız məzmununu saxlayır. Hətta vasitəli nitq leksik cəhətdən vasitəsiz nitqə çox yaxın olduqda da onu olduğu kimi əks etdirə bilmir, ən azı vasitəsiz nitqin intonasiyasından məhrum olur; məs.:

-Burada gözlə, indi çıxıram,-dedi və Şəfiyevin kabinetinə keçdi.- Dedi ki, burada gözləyim, indi çıxacaq və Şəfiyevin kabinetinə keçdi.(İ.Məlikzadə) Əhəd soruşdu: – Kamandar dayı, şö’bələrdə işini qurtardın? (İ.Məlikzadə) – Əhəd soruşdu ki, Kamandar dayı şö’bələrdə işini qurtardımı. İsmayıl ağ atına mindi, atın üzünü döndərdi və ucadan dedi: – Ey Ərdəbil əhli, mən ata yurduma qayıdacam və sizə xoşbəxtlik gətirəcəm.(F.Kərimzadə) – İsmayıl ağ atına mindi, atın üzünü döndərdi və ucadan dedi ki, o, ata yurduna qayıdacaq və onlara xoşbəxtlik gətirəcək. Göründüyü kimi, vasitəsiz nitq vasitəli nitqə çevrilərkən öz intonasiyasını itirdiyi kimi,əvvəlki emosionallığını da xeyli itirir. Vasitəli nitqdə modal sözləri, nidaları, xitabları saxlamaq olmur.

Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən əvəzliklərdə daha çox dəyişiklik olur – əvəzliklər özgə nitqinin daşıyıcısının deyil, müəllif nitqinin tələblərinə uyğun işlədilir; məs.:

Murad soruşdu: -Sən ki sarayda məşhur adam idin, bu nə gündür düşmüsən? (F.Kərimzadə) -Murad soruşdu ki, o, sarayda məşhur adam idi, bu nə gündür düşüb.-Sən şəkli necə çəkirsən, mənə də öyrət,-İsmayıl yazdığı vərəqi bir tərəfə qoyub anasının dizinə söykəndi.(F.Kərimzadə) – İsmayıl yazdığı vərəqi bir tərəfə qoyub anasının dizinə söykənərək soruşdu ki, o, şəkli necə çəkir, ona da öyrətsin.

Göründüyü kimi, bu misallarda vasitəsiz nitqə aid sən əvəzlikləri vasitəli nitqdə müəllif nitqinin tələbi ilə o şəklində işlənmişdir.

Vasitəsiz nitqi vasitəli nitqə çevirərkən əvəzliklərdə aşağıdakı dəyişikliklər edilir:

1.Müəllif nitqi üçüncü, vasitəsiz nitq birinci şəxsə aid olduqda vasitəli nitqə çevrilərkən əvəzlik də (vasitəsiz nitqin əvəzliyi) üçüncü şəxsdə işlənir; məs.:

-Mən bilirəm,-Cibo Səfər qorxa-qorxa dilləndi. (F.Kərimzadə) – Cibo Səfər qorxa-qorxa dilləndi ki, o bilir.

-Hara gedək? – Əbih Sultan sanki öz-özündən soruşdu. (F.Kərimzadə) -Əbih Sultan sanki öz-özündən soruşdu ki, hara getsinlər.

Bu cür çevirmə prosesində əvəzliyin hansı halda olmasının əhəmiyyəti yoxdur:

Əbih Sultan dedi:

-Məni Əlincə qalasına Bəysunqur göndərməmişdi. (F.Kərimzadə) – Əbih Sultan dedi ki, onu Əlincə qalasına Bəysunqur göndərməmişdi.

2. Müəllif nitqi üçüncü, vasitəsiz nitq ikinci şəxsdə olduqda vasitəli nitqə çevrilərkən vasitəsiz nitqin mübtəda – xəbər əlaqəsi üçüncü şəxsə aid olur; məs.:

Əbih Sultan Cibo Səfərə dedi: – Sən bura məhrəm adamsan. (F.Kərimzadə) – Əbih Sultan Cibo Səfərə dedi ki, o bura məhrəm adamdır.

Əvəzlik işlənmədikdə, şəxs şəkilçisi ilə müəyyənləşir: Qönçə acıqlı-acıqlı:- Səsin batsın! – dedi. (İ.Məlikzadə) – Qönçə acıqlı-acıqlı dedi ki, (onun) səsi batsın.

3.Həm müəllif nitqi, həm də vasitəsiz nitq üçüncü şəxsdə olduqda çevirmə prosesində vasitəsiz nitqin şəxsində dəyişiklik olmur. Bu forma vasitəsiz nitqlə vasitəli nitqin ən çox uyğun olduğu formadır; məs.:

Bəbir on dəqiqə gözləmək fikrində deyildi, elə artırmaya qalxar-qalxmaz soruşdu:- Ay ana, yeməyə bir şey varmı? (İ.Məlikzadə) -Bəbir on dəqiqə gözləmək fikrində deyildi, elə artırmaya qalxar-qalxmaz soruşdu ki, yeməyə bir şey varmı.

Lakin heç bir fərq müşahidə edilmədikdə də vasitəsiz və vasitəli nitq intonasiya cəhətdən mütləq fərqlənir; məsələn, Soruşdu ki: “Orada nə yazıblar?” cümləsi ilə Soruşdu ki, orada nə yazıblar – cümlələrinin xüsusilə vasitəsiz və vasitəli nitq hissələrinin intonasiyasında mühüm fərq var.

Cümlə vasitəli nitq şəklinə düşdükdə xitabların, ara sözlərin, nidaların iştirakı da məhdudlaşır.

Müəllif nitqi birinci, vasitəsiz nitq ikinci şəxsdə olduqda vasitəli nitqə çevrilərkən vasitəsiz nitqin əvəzlik və xəbəri üçüncü şəxsdə olur; məs.: Mən pencəyimin güllə deşən yerini Qaracaya göstərib dedim: -Bura bax, Qaraca, gör güllə haradan keçib.(İ.Əfəndiyev) – Mən pencəyimin güllə deşən yerini Qaracaya göstərib dedim ki, görsün güllə haradan keçib. Mən soruşdum:-Axı neyləyirsən qayçını? (İ.Əfəndiyev) Mən soruşdum ki, neyləyir qayçını.

Vasitəsiz və vasitəli nitq müxtəlif şəkildə formalaşsa da, hər ikisi başqasının fikrinin ifadəsinə xidmət edir. Həm canlı danışıq dilində, həm də bədii əsərlərin dilində vasitəsiz və vasitəli nitqin bu formalarının qarışdığı, qovuşduğu hallara rast gəlmək olur. Bə’zən vasitəli nitq daxilində özgə nitqini dəqiq şəkildə ifadə edən sözlər işlədilir. Bə’zən müəllif obraz nitqi ilə öz təhkiyəsinin sintezini verir. Belə hallarda müəllifin işlətməli olduğu ədəbi dil sözləri obraz təfəkkürünə uyğun məhəlli və ya loru leksik və frazeoloji vahidlərlə əvəz olunur. Mir Cəlalın “Dirilən adam” romanında Qədir Ələs bəylə görüşünün nə ilə qurtaracağını təsəvvür etməsə də, hər halda, ehtiyatla hərəkət etməyə, “böyük” yanında “əməlli” danışmağa çalışır: “Qədir əlini qoynuna saldı. Yüzbaşının verdiyi kağızı, başbiletini təqdim edib, bacardığı qədər “əməlli” danışdı.” Doğrudur, “əməlli” sözü yazıçının dilində işlənmişdir, lakin elə işlənmişdir ki, sanki bu sözü yazıçı yox, Qədir deyir. Bu söz Qədirin qəlbindən keçir, amma yazıçı dili ilə ifadə olunur. Həmin söz müəlliflə Qədir arasında birgə düşüncənin məhsuludur. Burada real təsvir üçün müəllif Qədir səviyyəsinə enir. Müəllif dırnaq arasına almasa da, əslində, başbilet sözü də vasitəsiz nitqin vasitəli nitqə qovuşmuş nümunəsidir.20

Vasitəsiz nitq elementlərinin vasitəli nitqə qarışdığı bu cür hallarla yanaşı, bə’zən müəllif öz təhkiyəsinin bir hissəsini bütövlükdə obraz düşüncəsinə uyğun qurur. Bu zaman özgə nitqi müəllif nitqindən heç bir cəhətdən – nə leksik, nə qrammatik, nə də fonetik cəhətdən fərqlənir. Özgə nitqinin mənbəyini də göstərməyə ehtiyac olmur. Olsa-olsa цzgə nitqi haqqında əvvəlki cümlələrdən birində xatırlamaq, yada salmaq, düşünmək, fikrindən keçirmək kimi sözlər ola bilir. Yazıçı obraz düşüncəsi ilə danışır, onun fikirlərini onun öz nitqinə uyğun şəkildə qurur, öz yazıçı səviyyəsi ilə deyil, obrazın nitq elementləri ilə danışır, elə fonetik, leksik, qrammatik vasitələrdən istifadə edir ki, onlardan onun özü yox, obrazı istifadə edə bilər. Yazıçı bu üsulla, bir ədəbi priyom kimi, obraz nitqini ustalıqla müəllif təhkiyəsinə daxil edə bilir.21 Bu forma bütün cəhətləri ilə vasitəsiz nitqə yaxındır. Bu cür cümlələrdə canlı danışıq dilinə məxsus bütün elementlərdən – xitablardan, ara sözlərdən, nidalardan, ədatlardan, obrazın düşüncəsinə münasib hər cür leksik, frazeoloji və qrammatik vasitələrdən istifadə etmək olur. Bilavasitə obraz nitqinə deyil, yazıçı təhkiyəsinə daxil olduğu üçün bu cür cümlələr formaca vasitəli, məzmunca vasitəsiz nitq şəklində olur, təhkiyə obraz düşüncəsinə uyğun qurulduğu halda,təhkiyəni obraz yox, müəllif aparır; məsələn:

Nizəli-qalxanlı adamlar ikibir-üçbir geniş düşərgənin müxtəlif səmtlərindən tonqallara sarı gəlirdilər., yaxınlaşıb dururdular, uzaqlardakı hənirti-xışıltını dinləyirdilər. Bu nizəli-qalxanlı adamlar dünyanın bütün məşəqqətlərinə dözməyə hazırdılar, ağcaqanada, at milçəyinə, ilana-əqrəbə – nə olur-olsun, “uf” da deməzdilər. Bircə o külək əsməyəydi. Keçən dəfə, iki il bundan əqdəm, həmin bu yerdə düşərgə salıb yürüşə hazırlaşanda Baba kahadakı külək güc yığıb-yığıb, bura şığımışdı – ilahi, özün kömək ol, ilahi, bu müsibətdən yazıq bəndələrini özün hifz elə! (Y.Səmədoğlu)

Obrazın daxili aləmini, duyğu və düşüncələrini açmaq, onu oxucuya ətraflı göstərmək üçün bu üsul son dərəcə əlverişli bir üsul hesab olunur. Yuxarıdakı misalda birinci cümlədən sonrakı bütün cümlələr müəllif dilində obraz düşüncəsini obrazın nitq üslubuna müvafiq şəkildə əks etdirir.

Altmışıncılar ədəbiyyatının nümayəndələri bu üsula daha çox müraciət etmişlər. İ.Məlikzadə haqq-ədalət mizan-tərəzisi Gümüşgölə Orxanın münasibətini (“Gümüşgöl əfsanəsi”) onun öz düşüncəsinə uyğun olaraq bu cür təsvir edir:

Orxan fikirləşdi ki, günahları sayıb-sadalamağa dursa, məsələ uzanacaq – daha saymadı. Nə mə’nası var? Onsuz da xam xəyaldır bu. Lap belə bir göl olsa da, adamlar özləri batırarlar onu. Başına min oyun açarlar gölün. Onda bəzzadlar, bicəltəklər peyda olarlar, gölün işçilərini yoldan çıxardarlar. Onlara adam taparlar, rüşvətlə ələ alarlar onları. Vallah, gecənin birində qurudarlar o gölü, pulun gücünə adamlara qurtum-qurtum içirdərlər, ya da gölün altında elə əngəl eləyərlər ki, göl günahları ölçə bilməz. Bir də görərsən ki, təpədən dırnağa günah içində olan adam, budu ha, gölün üstü ilə qaşqaldaq kimi dazıyır, amma ömründə bir qarışqa da tapdalamayan günahsız bir binəva ikicə addımdan sonra ağır daş təki gedir gölün dibinə. Yox-yox, can-ciyər, lazım deyil belə göl, günahsız adamları qərq eləyərlər orda…

İlk cümlədən sonrakı bütün cümlələr müəllifin təhkiyə dilində obraz düşüncəsinin məhsuludur. Müəllif bu üsuldan istifadə edərək əsərinin qəhrəmanı Orxanın düşüncələrinə uyğun olaraq cəmiyyətdə başdan-binadan dərin kök salmış haqsızlığı, naqisliyi ifşa etmişdir.