- Dil

“Vur yara dilim-dilim” və ya ana dilinin fəryadı

Artıq cəmiyyət milli dəyərlərin ayaq altına alınmasına mübhəm bir sükutla yanaşmağı öyrənir. Onları qorumağa borclu olanlar isə, deyəsən, bundan çox məmnundurlar. Bakının küçələrində əcnəbi dillərin Azərbaycan dilinin şəxsində Azərbaycan dəyərlərinə meydan oxuması, ana dilində yazılan reklam və elanlarda, ticarət və xidmət obyektlərinin adlarında ibtidai sinif şagirdlərinin belə tuta biləcəyi kobud səhvlərin baş alıb getməsi adi hala çevrilib.

Qanunvericilik səviyəsində Azərbaycan dilinin qorunması üçün yetərincə qanun, dövlət proqramı, qanunvericilik aktları qəbul edilsə də, onlar, deyəsən, kağız üzərində qalıb. Azərbaycanda və onun hüdudlarından kənarda milyonlara soydaşımıza xitab edən telekanallarda xəbər verilişlərindən tutmuş reklamlara, film dublyaşından tutmuş hava proqnozuna qədər əksər verilişlərdə ədəbi dil “işgəncəyə” məruz qalır.

Yerli kanallara baxmaq “zövgünü” yaşayanların hamısı belə hallarla rastlaşıb. Ona görə də hələlik bu məsələnin üzərində çox dayanmayaq. Keçək yazılı dilin “işgəncə” verildiyi digər sahələrə.

Bir neçə ay əvvəl şəhərin “Torqovı” adlanan küçəsində kiçik monitorinq keçirdik. Nəticə acınacaqlı idi – 82 ticarət, ictimai iaşə və digər xidmət obyektinin 65-də Azərbaycan dilindən istifadə edilməyib. Yalnız bir neçəsində əcnəbi dildə yazılarla yanaşı, azərbaycanca yazıya rast gəldik.

Bu günlərdə də Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsinə göz gəzdirdik. Şərifzadə küçəsi Azərbaycan dilindən istifadə cəhətdən “Torqovı”ya baxanda “toya getməli” olsa da, burda da əcnəbi dildə yazılar üstünlük təşkil edir. Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü və iş rejimini istehlakçıya çatdırmalı olan lövhələr çox azdır. Onların yerini ayrl-ayrı brendlərin əcnəbi dildə olan loqotipləri tutur. Bütün bunlar həmin obyektlərin hansı xidməti göstərdiyini bilmək istəyən əhaliyə, istehlakçıya, bütövlükdə xalqa, onun dilinə qarşı hörmətsilikdən başqa bir şey deyil. Üstəlik, sanki xalqda ikrah hissi yaratmaq üçün Azərbaycanca yazılan lövhələr həm zövqsüz hazırlanır, həm də kobud orfoqrafik və durğu işarələri səhvləri ilə doludur.

Məsələn, monitorinqə başladığımız ərazidə rast gələn ilk dükan çərəz satışı ilə məşğul olur. Lövhədə “AZƏRBAYCAN-İRAN-TÜRKİYƏ – ÖZBƏKİSTAN NEMƏTLƏRİ VƏ ƏDVİYYATLAR” yazılıb. Burda sözlərin arasında defis yox, vergül qoyulmalı idi, üstəlik, sonuncu aralıqda defis yox, tire işarəsi qoyulub.

Elə bir qədər aralı “STILL_UNİVERMAQ” adlı geyim mağazası yerləşir. Dükanın adı ilə yanaşı, satış çeşidlərinin qeyd olunduğu hissədə Azərbaycan dilində mövcud olmayan “PARFUMERİYA” sözü yer alıb.

Növbəti obyekt “FATEH FAST FOOD”dur. Adı əcnəbi dildə olan dönər satılan bu kiçik obyektin yanında “Uşaq və Qadın Geyimləri” paltar dükanı yerləşir. Burada “qadın” və “geyimləri” sözlərinin böyük hərflə yazılması onu göstərir ki, obyekt sahiblərinin ibtidai təhsili də qənaətbəxş deyil. Enerji içkisini reklam edən lövhədə isə Azərbaycan dilinə yeni söz gətirilib – “KEYFDƏSƏN?”. Elə həmin lövhənin yanında “Jalə” şirələri belə reklam edilir: “Süfrənizin Meyvə Bəzəyi”. Göründüyü kimi, cümlənin ortasında sözlər yanlış olaraq böyük hərflə yazılıb. Həmin sırada kiçik kafenin qapısında isə yazılar Azərbaycan dilində olsa da, nədənsə “ə” yerinə “e” hərfindən istifadə edilib – “Qazan yemekleri”. Nə bilək? Bəlkə də, kafe sahibi bu yolla əlifbadan “ə” hərfin çıxartmağı təklif edənlərə dəstəyini ifadə edir?

Bir neçə metr aralıda yerləşən gözəllik salonunun adı “GULDANƏ STUDİO”dur. Azərbaycan dilində mövcud olmayan “studio” sözünə bir çox gözəllik salonlarının adında rast gəlir. Görünür, “STUDİO” sözü olan salon daha cəlbedici hesab olunur..

Gözəllik salonunun yanındakı dərzixananın adında Azərbaycan dilinin qaydaları kobud şəkildə pozulub, cümlədəki sözlərin yarısı böyük hərflərlə başlayır – “Milli Geyimlərin və Hər növ paltarların tikilişi və bərpası”, “Milli Geyimlərin Kirayəsi”.

Növbəti obyekt məktəb ləvazimatlarının satıldığı “ATLAS MƏKTƏB – OFİS LƏVAZİMATLARI VƏ QARIŞIQ MALLAR” dükanıdır. Burda cəmi bir səhv var: “məktəb” və “ofis” sözlərinin arasında vergül və ya defis əvəzinə tire qoyulub.

Bu dükana bitişik kişi salonunun adında də əcnəbi sözdən istifadə edilib – “YENİ STİL”. Qeyd edək ki, dilimizin lüğət tərkibində “stil” sözü yoxdur.

Bir neçə metr aralıdakı aptekin qapısında vurulan elan da səhvlərlə doludur: “Hörmətli alıcılar, Vergi məcəlləsində (səhv – burda “məcəllə” sözü böyük hərflə yazılmalıdır) olan dəyişikliyə əsasən (səhv – vergül qoyulmayıb) 2019-cu ildən etibarən pərakəndə satış zamanı ödənilmiş ƏDV – nin (səhv – defis əvəzinə tire qoyulub ) geri qaytarılması nağdsız ödəniş zamanı (POS terminal) 15%, nağd ödənişlər zamanı 10% təşkil edəcək”.

Şərifzadə küçəsindəki “Araz” marketin qapısında bayram təbrikinin yazılışında da səhvə yol verilib – “Novruz Bayramınız Mübarək”, yenə cümlədəki bütün sözlər böyük hərflə yazılıb.

Marketin yanında bu günlərdə açılan uşaq geyimləri mağazasının adı da əcnəbi dildədir – “PANDAKİDS”.

Bir qədər aralıdakı kafenin qapısında “OBYEKT SAAT 21.00 (səhv – 21.00-a olmalıdır) KİMİ İŞLƏYİR” elanına rast gəldik.

Bir neçə metr aralıda mebel təmiri sexinin qapısında elanda iki sözdən biri ruscadır – “MEBEL LEPKA”. 3-4 metr aralıda isə divarda vurulan elanda rus sözləri ilə yanaşı səhvlər də yetərincədir – “Avto Çexol Evi Tavan İşlərin Görülməsi” (səhv – bütün sözlər böyük hərflə başlayır). Yenə orada “Patalok Üzlüyü” – varvarizmdən istifadə ilə yanaşı, ikinci söz böyük hərflə başlayıb. Daha sonra yenə analoji səhvlərlə üzləşirik:
“Mebellərin Təmiri” (ikinci söz böyük hərflə yazılıb)
“Yumuşaq divanlar (yumşaq olmalıdır), Çarpayılar, Stullar (sözlərin arasında vergül olmalıdır).

Daha bir dükanda endirimlə bağlı elanda da səhvlər var: “BAYRAMA ÖZƏL
2 Alana 3-cü Hədiyyə” – yenə də yanlış olaraq böyük hərflərdən istifadə edilməsinin şahidi oluruq.

Daha bir qüsur obyektlərin qapılarında 3 dildə (rus, ingilis, Azərbaycan) yazılarda “kalka”dan istifadə edilməsidir. Məsələn, qapının hansı tərəfə açılmasını göstərən yazı belədir: “ÖZÜNDƏN, ОТ СЕБЯ, PUSH”. Burda “özündən” sözü rus dilindəki “от себя”dan kalkadır. Əslində başqa sözlərlə əvəz edilə bilərdi, məsələn, “qapı içəri açılır”, “itələ” və s.

Şərifzadə küçəsinin təxminən 300-400 metrlik hissəsində bu qədər səhv və qüsurlarla dolu obyekt adlarının yanında diqqəti çəkən bir yazı da oldu. Televizor təmirini ilə məşğul olan obyektin yanında apostrofdan istifadə edilməklə “tə`mir” sözü yazılıb. Ürəkaçan haldır – apostrof unudulmayıb!

Cəmi yarım saat vaxt sərf etməklə Şərifzadə küçəsində Azərbaycan dilinin normalarının pozulması ilə bağlı çoxlu faktlar aşkar etdik. İstisnasız bütün küçələrdə belə hallara rast gəlmək mümkündür. Bunları adi vətəndaşlarla yanaşı, bu sahəyə nəzarət etməli strukturlarda dövlət büdcəsindən ayrılan maaşa qol çəkib, heç bir tədbir görməyən etinasız və səhlənkar məmurlar da bilməmiş deyil.

Bu yerdə 2018-ci ilin noyabrın 1-də dövlət başçısının imzaladığı fərmanı xatırlatmaq yerinə düşər. Fərmana əsasən, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi məqsədilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxs yaradılıb. Fərmanda deyilir ki, “ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir” və bununla bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib. (https://president.az/articles/30563)

Lakin ötən müddətdə Monitorinq Mərkəzinin fəaliyyəti qətiyyən nəzərə çarpmır.

Fizzə HEYDAROVA