Kütləvi informasiya vasitələri ədəbi dil normalarını daha çox qorumalı olduğu halda, son illər xeyli pozulmalara yol verir. Bu gün televiziya aparıcıları və jurnalistlər tərəfindən müxtəlif efirlərdə dilimizin leksik və qrammatik normaların pozulması, xarici dillərin (əsasən, türk və rus dillərinin) intonasiyasının təqlidi, vurğunun düzgün qoyulmaması, parazit sözlərdən həddindən artıq istifadə kimi neqativ hallar səngimir.
Azərbaycan ədəbi dilinin tarixinə nəzər salsaq, dilimizin köklərinin 1300-1400 il əvvələ —”Kitabi-Dədə Qorqud “un formalaşdığı dövrə dayandığının şahidi oluruq. Yazılı ədəbi dilimizin tarixini isə ən gec XIII əsr (İzzəddin Həsənoğlunun “Apardı könlümü…”qəzəlinin yazıldığı vaxtda götürsək, (hərgah XI əsrdə” Kitabi-Dədə Qorqud “un üzünün köçürülməsi də bizə məlumdur), dilimizin tarixinin kifayət qədər qədim olduğunu görərik. 1875-ci ildən Həsən bəy Zərdabinin “Əkinçi”qəzeti ilə müasir normalara əsaslanan (orfoqrafiya, durğu işarələri) müasir ədəbi dilimizin yaşı 150-dən çoxdur. Məhz ” Əkinçi” ilə Azərbaycan ədəbi dili anlaşılan, ərəb – fars tərkiblərindən təmizlənmiş milli dil formasına keçib. İndi biz min illik tarixə malik olan, cilalanmış dilimizin normalarına hansı yeniliklər gətirmək istəyirik?
Ədəbi dilin müəyyən olunmuş qayda-qanunları var. Bu qanunlar ədəbi dilin normaları adlanır və müəyyən tarixi təkamülün nəticəsi olaraq meydana çıxır.
Bu gün Azərbaycan telekanalları, dövlət və qeyri-dövlət saytları Azərbaycan dilinin ədəbi normalarını fonetik, leksik, qrammatik (morfoloji və sintaktik) normalar
səviyyəsində pozursa, buna nə ad vermək olar? Aparıcılar ana dilimizin leksik normasını pozmaq üçün sanki yarışa giriblər! “Başlamaq” “start götürmək”, “elan etmək “anons etmək”, “təqdimat” “prezentasiya” ilə əvəz olunur. Niyə? Kimlərsə “təqdimat” sözünün də alınma, ərəb mənşəli olduğunu deyib “prezentasiya”nı gəlişigözəl
hesab edə bilər, ancaq bir məsələni də diqqətinizə çatdırım, illərdir dilimizə “oturmuş”, nitqimizə uyğunlaşmış, az qala ümumişlək sözə çevrilmiş bir sözü yenisi ilə əvəz
etmək sizə asan gəlir? “Gündəmdə qalmaq”, “aynən”, “rezervasyon”, “müsaid olmaq” kimi ifadələr əgər televiziya və radio kimi geniş auditoriyalardan eşidilirsə, vay bizim dilimizin halına! Xüsusilə, Türkiyə türkcəsi vasitəsilə dilimizə keçən bu kimi söz və ifadələri Azərbaycan dili üçün mütərəqqi və uğurlu hesab edənlərin nəzərinə çatdırmaq istəyirəm, belə davam etsə, çox yox, yaxın 20-30 ildə Azərbaycan dilinin sinonim fondu kəskin sürətdə azalacaq, çünki dili zənginləşdirən sinonimlərdir. Bizim dilimizdə razılıq verərkən, “hə”, “düzdür”, “razıyam”, “bəli”, “doğrudur”, “elədir” kimi ifadələrdən seçmək imkanımız olduğu halda, yalnız “aynən” demək
adət halını alıb. Bu da dilimizin zənginliyini konkret öldürür.
Azərbaycan dilində “yer ayırmaq”, “öncədən sifariş” ifadəsi olduğu halda, restoran və digər xidmət sahələrində “rezervasyon” ifadəsi daha “prestijli” hesab olunur.
“Daşınmaq” və ya “imtina etmək” əvəzinə, “vaz keçmək” işlətmək dəbdədir. Bu ifadələrin sayını istənilən qədər davam etdirmək olar. Dil canlı olduğu üçün gec-tez bizə cavab verəcək. Kaş ki, o zaman gəlməsin! Ona laqeyd yanaşmağa davam etsək, gələcək nəsillərə hibrid və kalka sözlərlə dolu ruhsuz və yoxsul bir dil miras qoyacağıq.
Qloballaşmanın sürətlə getdiyi bir dövrdə biz ana dilimizlə sınağa çəkilirik. Azərbaycan dilini öz daxili imkanları hesabına inkişaf etdirmək, kənar təsirlərdən qorumaq lazımdır, onu yad ünsürlərlə zənginləşdirmək çıxış yolu deyil. Qloballaşmanın mənfi təsirləri ilə müqayisəyəgəlməz olsa da, dilimizə müsbət təsirlərindən də
danışmaq lazımdır. Bu bizi bir az toxtatacaq. Azərbaycan dili son onilliklərdə terminoloji cəhətdən xeyli zənginləşib. Texnologiya, iqtisadiyyat və tibb sahəsində dilimizə
yeni sözlər daxil olub. Azərbaycan dilinin müasir dünya ilə ayaqlaşması asanlaşıb. Azərbaycan dili rəqəmsal dünyaya baş vurub. Google, Microsoft və başqa qlobal platformalar dilimizi qəbul etib. Beləliklə, qloballaşma Azərbaycan dili üçün həm sınaq, həm də inkişaf meydanıdır. Bu meydanı hər birimiz fərd olaraq qoruyaq. Azərbaycan dili milli kimliyimiz, bizi biz edən ən həssas nöqtəmiz olsun!