Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Xan Şuşinski haqqında videoçarx təqdim edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda görkəmli sənətkar haqda geniş məlumatlar yer alıb.
Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri, əsl adı İsfəndiyar olan böyük sənətkar 1901-ci il avqustun 20-də Şuşa şəhərində anadan olub.
Görkəmli xanəndə 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradaraq gənc xanəndələrə muğamın sirlərini öyrədib. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərib. 1973-1979-cu illərdə Xan Şuşinski A.Zeynallı adına orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.
İsfəndiyar Cavanşirov gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşıyıb, Azərbaycan musiqisinin həqiqi Xanı olub.
Videoçarxa kitabxananın instaqram səhifəsindən baxmaq olar.