“Xarı bülbül” mövzusunda foto və əl işlərindən ibarət rəsm müsabiqəsi elan olunub.
Azərbaycan Fotoqrafları Birliyindən APA-ya verilən məlumata görə müsabiqə Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu, Xəzər Rayon İcra Hakimiyyəti və Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunub.
27 Mart – Elm Gününə həsr olunmuş müsabiqənin ana xətti vətənə məhəbbət hisslərinin yüksəldilməsi, uzun illər həsrətində olduğumuz vətən torpağının səfalı yaylaqlarını, meşələrini, İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun şanlı qələbəsində nümayiş etdirdikləri şücaətin gənc rəssamların gözü ilə hər kəsə çatdırılmasından ibarətdir.
Müsabiqədə iştirak etmək istəyənlər ad və soyadını, təvəllüdünü, əlaqə nömrəsini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə aprelin 10-dək əl işlərini arazli.tunzale@mail.ru ünvanına göndərə bilərlər.
Müsabiqədə bütün könüllü yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak edə bilər. Seçim zamanı uşaqların əl işlərində kənar müdaxilənin olmaması, həmçinin kompozisiyanın motivi, rəng seçimi və ideya əsas götürüləcək. Təqdim olunan foto və əl işlərinin üzərində heç bir müəllif imzası və ya loqo yerləşdirilməməlidir.
İlk üç yerin qalibləri fəxri diplomla bərabər aşağıdakı məbləğdə mükafatlandırılacaqlar:
– I yer – 200 manat;
– II yer – 100 manat;
– III yer – 50 manat.
Müsabiqənin yekun sərgisi aprelin 15-də Dendrologiya İnstitutunda keçiriləcək.