Pərvanə BAYRAMQIZI
Dilçiliklə bağlı hansı kitabı vərəqləsək, “Dil bir çox ictimai hadisələrdən onunla fərqlənir ki, o heç bir halda ümumbəşəri olmayıb, daim milli səciyyə daşıyır” fikrinə rast gələrik. Şərhə ehtiyacı olmayan fikirdir. Amma əksər tələbələr, eləcə də insanlar tərəfindən adi bir cümlə kimi qəbul edilir. “Hər xalqın özünəməxsus dili var” fikri də bizə şablon, çeynənmiş söz təsiri bağışlayır. İş əmələ çatanda isə məlum olur ki, həmin deyimlər heç də əhəmiyyətsiz deyil. Özündə böyük mətləblər əks etdirən həmin “şablonlar” hər hansı bir millətin varlığından xəbər verir. Bu “şablonlara” laqeyd yanaşdığımızı, qeyri-dillərə meyilli olduğumuzu keçmiş zamanlarda da, müasir dövrdə də sübut edən xeyli məqamlar var.
– Mənim anam kimdir?
Öz-özümə cavab verirəm ki:
– Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.
– Dilim nə dilidir?
– Azərbaycan dilidir.
– Yəni vətənim haradır?
– Azərbaycan vilayətidir.
Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, vətənim də Azərbaycan vilayətidir”. Bu dialoqdan sonra müəllifin adını çəkməyə ehtiyac qalmır. Cəlil Məmmədquluzadəni ağrılarından tanıyırıq.
Azərbaycan dili birdən-birə uydurulmayıb, başqa dillərdən götürülməyib. Araşdırmalarla sübut olunub ki, ümumxalq Azərbaycan dili eramızın V əsrində formalaşıb. VI–VIII əsrlər şifahi ədəbi dilimizin təşəkkülü və inkişafı dövrü olduğunu müxtəlif mənbələrdən oxuyuruq. Həmin dövrün ən mükəmməl abidəsinin “Kitabi-Dədə Qorqud” dastanı olduğunu hamımız bilirik.
Mənbələrə istinadən qeyd edim ki, Azərbaycan yazılı ədəbi dilinin tarixi isə təxminən XIII əsrdən başlayır. Həmin dövrdən Azərbaycan yazılı ədəbi dilində müxtəlif formalarda abidələr, tarixi sənədlər bədii dil nümunələri meydana çıxıb. Hazırkı vaxtadək böyük inkişaf yolu keçən ana dilimiz laqeydlikdən aldığı zərbələrdən demək olar ki, “yaralıdır”. Şəhərimizdə hansı küçəyə baxsaq orda ingilis dilində yazılmış ticarət obyektləri görürük. Addımbaşı səhv yazılmış elanlardan da lap bezmişik. Dizayn pozulmasın deyə “Şadlıq Tural Sarayı” yazılır. Neçə il qabaq Bəxtiyar Vahabzadənin yazdığı
Bir vaxt rus dilindəydi bütün reklamlar
İndi ingiliscə dürtülür gözə.
İtin dilinə də hörmətimiz var,
Təkcə öz dilimiz yaramır bizə.
misralardan da bəllidir ki, ana dilimizə laqeydliyimiz təkcə orfoqrafik qaydaları pozaraq status yazanların, votsap yazışmalarında qrammatik səhv etdikləri azmış kimi vaxta “qənaət” edərək “salamı” “slm”, “təşəkkürü” “tşk” kimi yazan gənc nəslin nöqsanı deyil. Bir çox problemlərimiz kimi bunun da “kökü dərinliklərə gedib çıxır”.
Daha bir “şablon” bilgi – “Dilin irsi bağlılıqla əlaqəsi yoxdur”. Yəni, bir azərbaycanlı uşaq başqa bir ölkədə böyüsə o, öz qohumları kimi deyil, eşitdiyi dildə danışacaq. Əgər başqa ölkədə böyüsə… Bəs öz ölkəmizdə boya-başa çatanlar niyə yad dildə danışırlar? Axı niyə ana dilində danışana “yuxarıdan aşağı” baxırlar? Niyə idarə və müəssisələrə işə götürülənlərdən ana dilində mükəmməl oxuyub-yazmaq savadının olub-olmadığını yox, rus, ingilis dillərində bilib-bilmədiyini soruşurlar? Öz Vətənimizdə deyilikmi?
Dilim ayaqlarda toz olan zaman,
Ali məclislərdən qovulan zaman,
Rahatsız deyildim ana dilimdən,
Sənə güvənirdim,
bilirdim ki, mən
Dilimdə danışan bir türk yurdu var,
Öz dilim yaşarsa, millətim yaşar!
Bu cür şeirlərlə böyüyən nəsil nədən ana dilinə belə laqeyd münasibət bəsləyir?
Azərbaycan dili və ədəbiyyat müəlliməsi nəvəsini ingilis dilli məktəbə yazdırır. Deyir ki, indi bu dil lazımdır şirkətlər, firmalar hamısı xarici vətəndaşlardır, orda yaxşı pul var. Pul. Bəli, bizim dilimizdən üstün bildiyimiz odur. Dilə sevgisi olan, millətə canıyanan yoxdur. Olanları da bir küncə qısqalayıblar.
Anamız Vətən də qürbət kimidir –
Öz ana dilini bilməyənlərə!
Amma Bakı sakinləri heç qürbətdə olana oxşamırlar, elə rahatdırlar ki. Məsələn, o, qapısına ingilis dilində elan yazılmış gözəllik salonunda çox rahat olur, özünü “cool” hesab edir. Tofiq Bayramın bu misraları, deyəsən, bizdə yanlış anlaşılıb.
Yüz dili öyrənsən, alqışlayıram,
Hər dili üzüyə bir qaş sayıram.
“Poliqlotluq bacarığı ilə ana dilinə ögey münasibəti qarışdırdığımızdan yad dilləri çox tez mənimsəyirik. “Dədə Qorqudun CV-ni istəmək” artıq poliqlotluqdan keçib…
Ana dilimizlə bağlı keçirdiyim narahatlığı dəfələrlə yazmaq istəsəm də cürət etməmişəm. Bu böyüklükdə mövzunun ağırlığını çəkə biləcəyimdən əmin deyildim. Mövzuya kimlər toxunmayıb? Onların cərgəsinə qarışmaq adamdan cəsarət tələb edir. Bu “cəsarət mülkünü tikməyi” məndə “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin təsis edilməsi reallaşdırdı. Yad dilə marağın təsirindən müxtəlif obyekt adlarının ana dilində yazılmaması ilə bağlı “İlk xəbər” saytında Vasif Sadıqlının “Fəvvarələr”dən fəvvarələrə Rəsulzadə küçəsi və ya işğal olunmuş şəhər” adlı yazısı dərc edilib. Məncə, bu yazı əlaqədar qurumların diqqətini çəkməmiş deyil. Tədbir görüləcəyini ümidlə gözləyirik.
“Ölkəsini, yüksək istiqlalını qorumasını bilən Türk milləti, dilini də yabançı dillər boyunduruğundan qurtarmalıdır”. Bunu da Mustafa Kamal Atatürk deyib.
Nə qədər ki, məhv olmamışıq yaxşı-yaxşı düşünək. Ana dilinin qeydinə təkcə şairlərmi qalmalıdır?
“Yad dildən pay umub kişi dilənməz,
Bu ləkə üstündən heç vaxt silinməz”.
12 mart 2020