- Mədəniyyət

Yaponiyanın qapıları xarici turistlərin üzünə mart ayından tez açılmayacaq

Yaponiya hökuməti əcnəbi vətəndaşların bu ölkəyə gəlişinə qoyulmuş qadağanı ən azı fevralın sonuna qədər uzatmağı qərara alıb.

AZƏRTAC “Tourdom” saytına istinadla xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin rəhbəri Fumio Kisida çərşənbə axşamı bu barədə qərar imzalayıb.

Hökumət başçısının sözlərinə görə, növbəti məhdudiyyətlərin səbəbi koronavirusun yeni ştamının təkcə Yaponiyanın özündə deyil, bütün dünyada sürətlə yayılmasıdır. Ölkədə “omikron” ştamına yoluxma hallarının sayı daim artır. ABŞ-ın hərbi bazasının yerləşdiyi Okinavada bu xəstəlik yaxın vaxtlarda xüsusilə ciddi yayılıb.

Baş nazir daha sonra əlavə edib ki, əcnəbi vətəndaşların təhsil, işgüzar məqsədlər və turizm ilə əlaqədar Yaponiyaya gəlişinə məhdudiyyət qoyulması təkcə hökumətin qərarı deyil. Sosioloji sorğu nəticəsində məlum olub ki, yaponların 80 faizindən çoxu sərhədlərin bağlanmasına tərəfdardır.

Yaponiyanın hakimiyyət orqanları hələ keçən ilin noyabr ayında tam vaksinasiya olunmuş turistlərin ölkəyə gəlməsinə bu şərtlə icazə vermişdi ki, onlar gələndən sonra 3 gün karantin keçsinlər. Lakin noyabrın sonunda “omikron” ştamı turistlərin bütün planlarını pozub, ölkə xarici qonaqları qəbul etməkdən yenə imtina edib.