Bir kənddə çox yaşlı bir kişi ölür. İnsanlar yığışır, pıçıldaşırlar:
- Uzun yaşadı. Hər şeyi gördü. İndi rahat uyusun.
Oğlu isə hönkürtü ilə ağlayır. Yanındakılar təəccüblə soruşur:
- Niyə belə yanırsan? Atan uzun ömür sürdü, xoşbəxt oldu.
Oğlu göz yaşları arasından deyir:
- Siz illərin sayını həyat hesab edirsiniz? Atam kənddən kənara çıxmadı… dənizi belə görmədi.
Bu hekayə təkcə yaşın çoxluğu barədə deyil. O, yaşamaq anlayışının ən incə, ən qəlb sarsıdan qatını açır. Yaşamaq — bədənimizin nəfəs alması, sadəcə vaxtın ötüb keçməsi deyil. Yaşamaq — anların, duyğuların, düşüncələrin, yeniliklərin, sarsıntıların, qələbələrin, qorxuların, sevincin və kədərin içində var olmaqdır. İllər sadəcə zaman ölçüsüdür, amma yaşamaq — zamanın içində məna yaratmaqdır. Zaman bir xətt kimi davam edir: doğum, gənclik, yaşlılıq, ölüm. Amma insanın yaşadığı zamanla sadəcə keçən zaman fərqlidir. Bəzən günlər, aylar sürətlə keçir, amma insan özünü donmuş kimi hiss edir. Bəzən isə saniyələr, anlar ömrü dəyişir, insanın ruhunu yeniləyir.
Yaşamaq — zamanı hiss etmək, zamanın içində səyahət etməkdir. İnsanın ən böyük məhdudiyyəti öz daxili sərhədləridir. Qorxu, təcrübəsizlik, cəmiyyətin qoyduğu qadağalar, daxili səsin susdurulması insanı öz dünyasında həps edir. Bu daxili sərhədləri aşmaq, dənizi görmək deməkdir.
Yaşamaq, özünü tanımaq, tanımaqdan qorxmamaqdır. Yaşamaq təkcə xoşbəxtlik deyil. Kədər, həsrət, itki də həyatın rəngləridir. Qorxu və əzab da insanı insan edən təcrübələrdir.
Yaşamaq — hər duyğunu tam həcmdə yaşamaqdır, duyğuların qarışığından yaranan insanlıq təcrübəsidir. Uşaqlar hər şeyi ilk dəfə yaşayırlar. Hər ilk dəfə — ruhun təmizlənməsi, yenilənməsidir. Böyüdükcə bu ilk-lər azalır, biz rutinin içində itirik. Həqiqi yaşamaq, hər gün bir “ilk dəfə” yaratmaqdır — yeni duyğu, yeni fikir, yeni addım.
Fəlsəfədə yaşamağın məqsədi insanın özünə verdiyi cavabdır. Kimisi üçün sevgi. Kimisi üçün yaradıcılıq. Kimisi üçün xidmət. Kimisi üçün özünü aşmaq.
Yaşamaq — özünü tapmaq və öz mənanı yaratmaqdır. Cəmiyyət insanı formalaşdırır, amma bəzən məhdudlaşdırır. Ən dərin arzular, ehtiraslar gizlədilir, çünki “normal” sayılmır. İnsan öz daxili dənizini kəşf etməyə qorxur, çünki kənarlaşmaq, tənhalığa düşmək istəmir.
Yaşamaq — ruhun sükutu ilə dünyanın səsi arasında tarazlıq tapmaqdır. Öz daxilinə qulaq asmaq, eyni zamanda xarici aləmi seyr etmək, hər ikisini birləşdirən məna yaratmaq. Ölüm, yaşamağın tərifini tamamlamaq üçün var. Ölüm, yaşamanın sonu deyil, yaşananların əks-sədasıdır. Ölüm var olduğumuz anları anlamlandırır, onları qiymətləndirir.
Yaşamaq hər gün yenidən doğmaqdır. Hər səhər yeni ümidlə oyanmaq. Hər an yenilənmək. Hər nəfəsdə həyatın dərinliyinə dalmaqdır.
Dənizi görmək — özünü, həyatını, dünyanı tam miqyasında hiss etməkdir. Bu, illərin çoxluğu deyil, anların zənginliyidir. Bu, qorxuları aşmaq, təcrübələri qucaqlamaq, məna yaratmaqdır. Dənizi görmədən yaşamaq — öz ömrünü, öz varlığını hiss etməməkdir.
Bir gün — bəlkə sakit bir axşamda, bəlkə sonuncu nəfəsin astanasında — həyat sənə pıçıldayacaq:
- Sən həqiqətən (dənizi) gördünmü?
O an illərə yox, anlara baxacaqsan. Çünki yaddaş illərlə deyil, ilk dəfə-lərlə doludur.
Cümşüdlü Mənsurə Dilavər