Həyatda müxtəlif zamanlarda, yerlərdə fəliyyət, ünsiyyət vaxtı yeni-yeni insanlarla rastlaşırıq. Bu insanlar hələ danışmadan, bizimlə hər hansı ünsiyyət qurmadan xüsusi bir enerjisi, aurası yüngül-doğma, neytral-vecsiz, ya da ağır-bəd təsir bağışlayır. Adamı ya cənnət mehi, ya da cəhənnəm bədheybətliyinin uğultusu əhatələyir. Sima Cəfərovanı ilk dəfə tədbirlərin birində görəndə doğmalıq hissləri yarandı məndə. Təbii ki, insanın ətrafındakı enerji onun əməllərinin, düşüncələrinin formalaşdırdığı bir şeydir.
Sima xanım əsl azərbaycanlı xanım ziyalısının mahiyyət elementlərini daşıyır. Bunun üçün o, on illərini xərcləyib. Bunu bilə-bilə, məqsədyönlü etməyib, onun özünün xilqətində bu nur var, düşüncə və əməlləri də öz-özündən işıqlanıb.
Bəzən baxırsan ki, insan yalnız özü üçün yaşayır, hətta ailəsinə, övladına faydası dəymir. Elə bil dünyada heç kim yoxdur, yalnız o var, qarnı, nəfsi və bunları doyuracaq nələrsə var. Düşünürsən ki, bu da insandır? Yəni bəlkə də biz söz kasıblığından hər bir homosapiens növündən olan fərdi bir sözlə Man adlandırılırıq. Amma Quranda “O şeytan ki, istər cinlərdən, istərsə də insanlardan olsun” fikri var. Demək insan cildində şeytan və mələklər də vardır. Elə insanlar da vardır ki, çiyinlərini mərtəbələri bilinməyən binaya bənzər yükün, ağırlığının altına verib. Bəlkə də yaranışdan o yükün altında mövcud olub, Sima xanım kimi.
Sima xanım ailənin, nəslin, el-obanın, xalqın və nəhayət bəşərin təssübünü çəkən bəni insanlardandır. Və təkcə təəssüb çəkmir, bütün düşüncə və əməllərini bu istiqamətə yonəldir. …elə buradan da onun ziyası yaranır.
Biz onu ən çox pedaqoq, özü kimi ziyalı insanlarla – Vasif Sadiqli, Pərvanə Bayramqızı, Gülyaz Sabirqızı və başqları ilə birlikdə Azərbaycan dilinin qorunması, təbliği prosselərində görürük. Doğrudan da, təmannasız, heç bir maddi-texniki baza olmadan, öz hesablarına illərdir, usanmadan bu cür fəaliyyət göstərmək özü bir qəhrəmanlıqdır. Görünməyən, “N” saylı qəhrəmanlıqlardan biri. Onlar təkcə dili qorumur, müdafiə etmirlər, həm də geniş diapazonda müasir cəmiyyətin maarifpərvərləridir.
Sima xanımın bizim əsərlərin ərsəyə gəlməsində də böyük zəhmətləri vardır. “N saylı qəhrəmanlq” romanını oxuyub, təhlil etmiş, elmi əsaslı məqalə yazmışdır. “Azərbaycançılıq məfkurəsi” kitabını isə sevə-sevə, təmannasız redaktə etmişdir. Bunları təbii ki, yalnız mənim şəxsiyyətimə görə deyil, yazıların mahiyyətinə, işığı ilə öz ziyasının kohorentliyinə görə etmişdir.
Ümumiyyətlə Sima xanımın düşüncə və fəaliyyətində təmanna yoxdur. Günəş də işıq saçdıqlarından təmənna güdmür. Bəlkə də elə ona görə işıqlıdır.
Sima xanımın maarifçilik, pedoqoji, ictimai fəaliyyətində təbiilik, elmilik, dürüstlük və ədalət vardır ki, bunlar ziyalının Simasının cizgiləridir.
Sima xanıma uzun və sağlam ömür arzulayıram, işığınız həmişə bizə düşsün.
Sizi səksənin arxasından belə görə bildim, yubleyiniz mübarək!
09.07.2025








