Yuhan Borgen
Beş sığırçın albalı ağacında əyləşib nahar edirdi. “Ay səni, şeytan! Odur ey insan gəlir!”, – onlardan ən kiçiyi dilləndi. “Neçə dəfə sənə deyərlər ki, şeytanı çağırma?”- sığırçınların ən böyüyü, bəlkə də ataları, ona təpindi. “Axı, mən xəbərdar elədim, dedim ki, insan gəlir,”- kiçik sığırçın özünə haqq qazandırmağa çalışdı. Böyük sığırçın cavab verdi: “Fərq eləməz. Onsuz da uçmaq vaxtımızdır!”
Sığırçınların beşi də uçub buradan uzaqlaşdı. Ağaca yaxınlaşan insan yuxarı boylandı: “Sizi lənətə gələsiniz, sığırçınlar! Bu il yenə albalı olmayacaq!” Sonra o, evə qayıtdı və pal-paltardan müqəvva düzəldərək ağacdan asdı.
“Çox çirkin paltodur, – yerlərinə qayıdan sığırçınlar bildirdilər, – amma onun üzərində oturmaq rahatdır”. Quşlar müqəvvanın çiyinlərində, şlyapanın üzərində əyləşib əvvəlki kimi albalı gilələrindən qidalanmağa başladılar. “Vallah, insanlar heç də pis deyillər”- cavan sığırçın bəyan etdi. Bu zaman ağaca tərəf tüfəngdən atəş açıldı. Sığırçın yerə yıxıldı. “Bəlkə onlar da albalı yeməyi xoşlayırlar” – ana sığırçın dilləndi. “Məncə onlar sığırçın ətini daha çox xoşlayırlar”- ata sığırçın yerə düşmüş bala sığırçını götürmək istəyən insanın üstünü batırdı.
İnsan bütün günü sığırçınları güllə atəşinə tutdu. Axırda yorulub əldən düşdü. Tüfəngini kənara tullayaraq dedi: “Nə xeyri var? Bunların sayı milyondan çoxdu!”.
Sığırçınlar: “O, nə qədər atırsa atsın, bunun bizim üçün zərrəcə qorxusu yoxdur. Bağ olduqca kiçikdir, bizsə sayca çoxuq. İnsan bizə yaxşılıq etmək istəyir, amma bilmir ki, axmaqdır”.
Səhərisi gün ağaclardan sığırçınları özündə əks etdirən çoxlu xırda güzgülər asıldı. “Onsuz da bu, kömək etməz!”- ata sığırçın kədərlə bildirdi. – Tezliklə burada albalıdan əsər-əlamət qalmaz”.
“Qədim zamanlarda, – digər bir sığırçın söhbətə qarışdı, – burada çoxlu nəhəng bağlar vardı, amma sığırçınların sayı isə indikindən xeyli az idi”.
İnsan dedi:”Heç baş aça bilmirəm:sığırçınların sayı niyə əvvəlki dövrlərdən çoxdur?”. O, ağaclardan balıqçı torları asdı. Bunu görən sığırçınlar dilləndilər: “Bu insan niyə bu qədər qanmazdır? Axı, niyə anlamır ki, biz sığırçınların say-hesabı yoxdur! Onun yeganə çıxış yolu çoxlu albalı ağacları əkib-becərməkdir!”
İnsan çoxlu sayda yeni albalı ağacları əkdi. “Bu ağaclar əvvəlkindən on dəfədən çox bar verməlidir”- o, bağı nəzərdən keçirərək qürrələndi. Bu zaman artıq insanın saçları ağarmış, üzü dərin qırışlarla örtülmüşdü. Qəfildən beş milyondan çox sığırçın uçub gələrək bağdakı albalıları bir anda yeyib qurtardılar. Bağa girən insan gördüklərindən dəhşətə gələrək tüfəngindən atəş açıb özünü güllələdi.
“Nə olsun ki, – sığırçınlar dilləndilər, – hər halda onun gözləri yeməlidir”.
Tərcümə: Ağaddin BABAYEV
kayzen.az