- Ədəbiyyat

Yoluxmayan “xəstəlik”

– Toyumuz xudmani olsun, əzizim, ancaq yaxın adamları dəvət edərik.
– Hələ görək toy edə biləcəyik? Görmürsən, hər yer bağlanır. İcazə yoxdur.
– Nə vaxt etsək…
– Onadək yeni qərarlar çıxdı bəlkə.
– Alo… alo…
– Dünən nə oldu?
– Xətt kəsildi.
– Sonra niyə zəng etmədin?
– İşim oldu.
– Nigaran qaldım.
–  …
  – Yenə xətt kəsildi?
  – Yox, çağırdılar.
 – Çox gözlədim.
 – Xəbər verməyi unutdum.
 – Nə vaxtacan yalnız sən istəyəndə danışacağıq?
 – Vaxtım olmur.
 – Mən də saatları boşuna keçirmirəm, amma sənə ayırmağa vaxt tapıram. Ən qızğın işin arasında da. Bu sevgidir! Sevgi! Niyə susursan? Gəl görüşək, darıxıram sənsiz.
 – İcazə SMS-lədir ee.
 – Olsun. Bircə saat bir yerdə olaq üzünü görüm.
 – Bilirsən, belə alınmır. Gərək qaydalara riayət edək, pandemiyadır e bu.
 – Demək sən indiyəcən buna görə görüşməkdən qaçırmışsan.
 –Xəstəlikdə diqqətli olmaq lazımdır. Məsuliyyətsizlik daha çox yoluxma deməkdir.
 – Heyif ki sevgi yoluxucu deyil. Birinci səni yoluxdurardım.
– Həkim, xahiş edirəm beş dəqiqəlik məni içəri buraxın, onu görmək istəyirəm.
 – Olmaz!
– Xahiş edirəm…
 – Vəziyyəti yaxşı deyil. Siz sağlamlığınıza zərbə vurmaq istəyirsiniz?
 – Ondan yoluxum, onunla ölüm.
 – Onu istəyirəm.
  – O gəlmək istəmir.
  – Telefonu verin özümə desin.
  – Alo…
  – Bilirsən, mən yeni sağalmışam. Təkrar xəstələnmək istəmirəm.
  – Yetər ki sən sağlam ol. Başqa heç nə istəmirəm. Bunu deyəcəkdim…
2020 
Pərvanə BAYRAMQIZI