- Köşə

Aydan arı, sudan duru su

 Gülyaz ƏLİYEVA

“Çağlayaraq qayalardan çıxan su!
Ağac gəmiləri atıb-tutan su!
Həsən ilə Hüseynin həsrəti su!
Bağ ilə bostanın zinəti su!
Ayişə ilə Fatimənin baxışı su!
Şahanə atların içdiyi su!
Qızıl dəvələrin gəlib keçdiyi su!
Çevrəsində ağ qoyunların yatdığı su!”

Dədəm Qorqudun öydüyü su. Ulaş oğlu Salur Xan Qazanın dərdini danışdığı su. Yuxusunu qarışdıranların yuxularını səbrlə dinləyib aydınlığa çıxaran su. Dədə Qorqud öyüdlərini eşidib yadında saxlayaraq nəsillərə ötürən su.

Dünyanın yaradılışında 4 ünsürdən biri olan, Yer kürəsini dörddə üç hissəsini tutan su.

Qayaları yara-yara özünə yol açan saf, inadkar su. Tək damlası ilə ən müasir texnikaların belə parçalaya bilmədiyi buzlaqları inadı ilə deşib parçalayan su. Füzulinin məhəbbət dünyasının 4 məhəbbət aşiqindən  biri – Vamiqdə simvolizə olunan su:

“Məcnun oda yandı şöleyi-ah ilə pak,
Vamiq suya batdı eşqdən oldu həlak…”.

Təmiz, arı, səffaf, buz kimi soyuq, yayın cırhacırında qayalardan süzülüb gələrək dişgöynədən, yanan ürəkləri sərinlədən pak, saf, su. Səni də mi bulandırdılar? Nağıllarda ən dəhşətli obraz məhz axar suyun qabağını kəsən əjdahalar olub xalqın nəzərində. Xalqın içərisindən çıxmış mərd, dürüst, yenilməz qəhrəmanlar çox çətinliklərdən çıxaraq bu əjdahalara qalib gəlib, suyu azad ediblər. Bir yerdə dayanmayıb daim yenilənən, təzələnən hərəkətverici su. İnkişafın, yenilənmənin, təzələnmənin, təmizliyin, duruluğun, şəffaflığın rəmzi su. Su axmasa, lillənər, göllənər, su qaldıqca iylənər, su qaba girdisə, içməli olar deyiblər.

Daşdan dürr, sudan da gövhər çıxardı axı bir zamanlar. Bir od olanda biri də su olardı bir zamanlar. Su axar, çuxurun tapardı. Su gələn arxa bir də gələrdi. Keçinin qoturu bulağın gözündən su içərdi. Adamlarda sayğı vardı, sözə hörmət vardı, böyük danışanda kiçik ağzına su alıb oturardı. Hər şey ucuzluğuna görə suyu qiymətinə olsa da, həyat üçün su qiymətsizdir. Başqa planetlərdə yaşayışın olmama səbəbi orada suyun tapılmamasıdır. Suya qiymət qoymaq olmaz. Həyatın qiyməti olmadığı kimi suyun da qiyməti yoxdur. Axar sulara da qiymət qoyub onu  bulandırmazlar. Bulanlıq suda balıq tutmaq asan olar. Könlü balıq istəyənin də quyruğu suda gərək. Qızıl balıq nə etsə də, gözü doymayanlar sonda “qızıl balıq, gərək, nökərim olsun”, deyibən əllərindəkiləri də itiriblər… Suyun lal axanı, adamın yerə baxanı, deyiblər. Su içəni ilan da vurmaz. Toyuq su içəndə Allaha baxar, söyləyiblər dədə-babalarımız.

Lətafətli su, inci kimi saf su.

“Bir inci saflığı varsa da suda,
Artlq içiləndə dərd verir su da ”

Bunu da dahi Nizami deyib.

Amma bu su ki var, o  nə qədər incə, yumşaq olsa da, zaman-zaman hər dəfə kiçik parçalar şəklində torpağı və qayaları aşınmağa məruz qoyaraq, dərin vadilər meydana gətirməyə qadirdir.

Şimal buzlu okeanının qalın buzlaqlarını deşib parçalamağa heç bir texnikanın gücü çatmadığı halda onu yalnız inadla hər dəfə düşən su damcıları deşə, parçalaya bilib. Su nə qədər həyatverici olsa da, o bəzən həyata son qoya da bilir. Suya düşdüyü üçün deyil, sudan çıxa bilmədiyi üçün boğular bəziləri.

Su boğaza çatanda meymun balasını ayağının altına alar, deyiblər. Damcıdır, deyib keçməyin, dama-dama göl olar, deyiblər. Adama nədən qadağa qoysan, ona daha çox can atar. Bunu bilən müdrük babalarımız nağıllarda hər dəfə qadağa qoyulmuş 40-ci otağa qəhrəmanın daim can atdığını göstərməklə buna işarə ediblər. 39 gün səbr edib gözləyən Koroğlu 40-cı gün dozə bilməyib, Düratla Qıratın salındığı tövləyə balaça bir deşik açaraq baxdığı üçün Qıratın qanadlarının sönməsinə səbəb oldu. Amma qayalardan süzülüb gələn sehrli köpüklü sudan içdiyi üçün səsə və sözə vaqif oldu. Qılınc gücündə sözə sahib oldu. Yollarına su səpildi. Bir bardaq su ona güc verdi. Dünyanı çiyinlərində saxlayan Heraklı qalib edən qarğanın ona verdiyi bircə damla su oldu. Amma suya qadağa qoysan, susuzluq hissi daha da artar.

“Damla-damla verilən su da susuzluğu daha da artırır”,  deyib Jorj Sand.

Baxmayın suyun incə və yumşaq olmağına, üzü dönəndə qarşısına keçənə baxmaz. “Sudan daha yumşaq və incə başqa bir şey yoxdur, lakin önünə çıxan hər şeyi sürüyəcək və parçalayacaq qədər güclüdür, – deyib Lao Tzu. Sel gələndə əvvəl çör -çöpü, sonra ağır kötükləri gətirər, deyib babalarımız.

Lao Tzunun fikrinə görə: “Yaxşı adam həyatını, axan su nümunəsində olduğu kimi təqib edərək formalaşdırır. Su ayrı-seçkilik etmədən bütün varlıqlara eyni cür həyat verər, su daim alçaq yerlərdə tapılar, heç kim onu yüksək yerlərdə axtarmaz. Ona görə də suyun yolu ruhi rahatlığı təmin etmək yolunda bir nümunə təşkil etməkdir.

“Dünyada heç bir şey su qədər yumşaq və incə deyil, lakin böyük qayalar kimi sərt və sabit şeyləri, onlardan daha yaxşı heç bir şey onlar kimi gözəl qıra bilməz və parçalaya bilməz”.

“Su hər şeyi təmizləyər, amma üz qarasından başqa”. Bunu da Müəllim Naci deyib.

Suyun dəyəri quyu quruyunca aydın olar, deyiblər.

Su suya qarışanda güclü olar.

Saçma, ey göz, əşkdən könlümdəki odlarə su

Kim, bu dəklü tutuşan odlarə qılmaz çarə su.

Vəhmlən söylər dili-məcruh peykanın sözün,
Ehtiyat ilən içər hər kimdə olsa yarə, su.

Bunu da Füzuli babamız deyib.

Çox ehtiyatlı adamlar haqqında suyu da üfürüb içən adamdır, deyirlər.

Ən çox su dünya okeanındadır. Lakin əslində, Yer mantiyasında suyun miqdarı dünya okeanındakından 10-12 dəfə çoxdur. Bununla belə, planetdə olan, demək olar, bütün su kütləsi içmək üçün yararsızdır. Yer kürəsində içməli su ehtiyatı 3%-dir. Ən çox içməli su buzlaqlardadır. Yanan su da var.

Xalq buna da məna verib.

Suyun bir canlı olduğuna inanan  xalq dərdini suya danışıb, ondan imdad diləyib:

“Dərdimi suya dedim,
Alışdı su da yandı.”

Təhlükəli su da mövcuddur.  Məsələn, Azərbaycanda tərkibində çoxlu metan olan su hövzələri də var.

Həyat mənbəyidir su. Bu fikir suyun həyatımızda rolunu, ümumiyyətlə, həyatımızın sudan ibarət olduğunu tam aydınlığı ilə ifadə edir.

Müqəddəsdir su. Bu müqəddəs nemət olan su heç də şəffaf göründüyü kimi sadə bir nemət deyil. Su elə bir sehirli nemətdir ki, onun dərinliklərdə yatan bəzi incə sirləri, hələ də elmə məlum olmayan tərəfləri var. Biz bu müqəddəs sayılan suya təbiətdə müxtəlif hallarda rast gəlirik: qaz, maye və buz halında. Suyun müqəddəsliyi özünü yuxularımızda da göstərir. Yuxuyozan alimlər belə qənaətə gəlirlər ki, yuxuda su görmək, xoş bir həyata və gözəl bir ruziyə şərh olunar. Bir kimsənin yuxuda suyu evində görməsi, səadətə, toplu mala, çox xeyirə və subaydırsa, evlənməyə şərh olunar. Yuxusunda su içən gözəl bir həyata qovuşar. Qədəh içində olan saf suyu içdiyini görən kimsə uşaq və xanımından xeyirə çatar.  Saf bir suya atladığını görən kimsə tez sevincə çatar.

Təbii sərvətdir su. Sular seçildiyi mənbəyindən asılı olaraq fərqli tərkibə malikdir. Milyard illər öncə dünyada var olan su bu gün hələ də var. Planetimizin böyük hissəsi su ilə örtülüdü.

Bu an üçün qeyd etdiyimiz 3%-lik təmiz suyun cəmi 1%-ni istifadə edə bilirik. Su, bilindiyi kimi, iki hidrogen və bir oksigen atomunun birləşməsi nəticəsində yaranan molekuldur. Təbiətdə oksigen və hidrogen atomlarına çox miqdarda rast gəlinir. Amma bunlar heç zaman bir anda bir-birlərinə bağlanaraq suyu meydana gətirməzlər. Həyat üçün ən böyük ehtiyac olan su insanlara Allah tərəfindən hazır olaraq təqdim edilmişdir.

Sağlamlıqdır su. Bu sağlamlıq deposu hamımızın əlinin altında bol-bol mövcud olan bir nemətdir. Sağlam bir həyat yaşamaq üçün bütün həkimlərin tövsiyəsi çoxlu su içməkdir. Qan təzyiqinin aşağı olması, əsəb pozuntusu, baş ağrısı və digər bu kimi rahatsızlıqları su vasitəsi ilə müxtəlif şəkildə aradan qaldırmaq olar. Ümumiyyətlə, çalışıb hər səhər oyanan kimi bir stəkan ilıq su içmək lazımdır

Xilasedicidir su. Yuxarıda qeyd etdiyim kimi, su bir çox halsızlıq kimi xəstəliklərdən xilas olmağın çarəsidir. Bəzən əsəblərin sakitləşməsini suyun şırıltısı ilə təmin etmək olur. Ən çox su kütləsi toplanan dənizlər də əsəblərin sakitləşməsində mühüm rol oynayır.

Dost-tanışla bölə bilmədiyimiz dərdimizi belə dənizlərlə rahat şəkildə bölə bilirik.

Xoşbəxtlikdir su. Allahın təbiətə suyu bəxş etməsi onsuz da bütün canlı aləmin xoşbəxtliyi deməkdir. Məncə, bütün varlıqlar suyu özlərinin xoşbəxtlik rəmzi kimi qəbul etməlidir. İnsanların bir-birinə su verdiyində cavab olaraq “su kimi əziz ol” sözü ilə yanaşı “Allah səni xoşbəxt eləsin” sözünü də işlətmək olar. Bu anlamda ki, yəni mən içdim xoşbəxt oldum, Allah səni də xoşbəxt etsin…

Su da bir möcüzədir. Belə bir deyim var: Biri od olanda gərək biri su olsun. Hidrogen yanar qaz, oksigen isə yanmanı sürətləndirən qazdır. Amma çox maraqlıdır ki, hidrogen və oksigen birləşir, nəticədə su əmələ gəlir. Bu da yanğını söndürür. Buradan bir daha aydın görünür ki, su necə gözəl, necə maraqlı bir nemətdir…

Su kimi əziz olun, su qədər ömrünüz olsun və sevdiklərinizlə, yaxınlarınızla aranızdan su keçməsin!

Əsl aşiqıər küçələrə təkcə toz olmasın deyə yox, həm də  aralıqda söz olmasın deyə su səpirdilər. Arada təkcə küçələrə yox, könlünüzə də su səpin. Su üstündə bulaq başında bir-birini görüb sevənlər xoşbəxt olublar. Sudan gələn sürməli qızlara vurulanların məhəbbəti güçlü olub. Bircə çeşmə başında tanışlıq A.Ələsgərə düşmədi, “Çərşənbə günündə çeşmə başında sındı qol-qanadı yanına düşdü”.

Su hər şeyi təmizləyər, üz qarasından başqa, deyiblər. Allah heç kəsə üz qarası göstərməsin. Qarşınıza sizi suya  susuz aparıb, susuz gətirənlər çıxmasın.

Sucan ömrünüz olsun. Çağlayan görklü sularınız qurumasın. Bir də Həkəri, Kötəl, Tərtər, Qarqar çaylarınız bulanmasın. Su aydınlıqdır, deyiblır. Aydınlığa çıxasınlz. Üzümüzə gələn Su çərşənbəniz mübarək olsun.

Xeyirli çərşənbələr.