- Manşet, Müsahibə

Zərifə Ağahüseynqızı: “Heç bir maraq ana dili sevgisinin önünə keçməməlidir”

“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin budəfəki qonağı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşı, jurnalist Zərifə Ağahüseynqızıdır.

Səsini həmişə efir dalğalarından dinlədiyim Zərifə xanımla ilk dəfə ana radiomuzda görüşəndə birinci səsinə diqqət yetirdim – görüm verilişdəki kimi danışır? Eynən efirdən gələn səs idi. Qulaqlarıma inanmadım, elə bildim, yenə “Çevrə”ni dinləyirəm. Həmin gündən xeyli vaxt ötdü, səs isə qulağımda qaldı. Hər dəfə radioya gedəndə gözüm onu axtardı. Dedilər, televiziyada çalışır. Yenə uzun illər keçdi, böyük bir tədbirdə qarşılaşdıq. Bu dəfə telefon nömrələrimizi götürdük. Eyni zamanda, sosial şəbəkədə Markın verdiyi imkanlardan istifadə edib, əlaqə saxlamağa başladıq.

Bu yaxınlarda ana dili mövzusunda bir status paylaşmışdım: “Ana dilinə laqeyd, soyuq münasibətə heç cür haqq qazandırmaq olmaz. Öyrəndiyimiz xarici dillərin sayı nə qədər çox olsa da, heç bir dil öz dilimizin dayandığı birinci sıradan önə keçməməlidir. Azərbaycan dilinin öz vətənində sıxışdırılması qəbuledilməzdir. Nə üçün Bakının küçələrində restoran adları ingiliscə yazılmalıdır? Heç bir sadə vətəndaş onları oxuya bilmir. Poliqlotlarımız üçün də bu, xoş olmamalıdır. Biz başqa millətlərin dillərini ana dilimizi unutmaq üçünmü öyrənməliyik?”. Bu fikirlərinə onun təəssüf hissiylə münasibət bildirməsi qanıqara vaxtımda elə xoş təsir etdi ki, indiyəcən bu mövzuda ondan müsahibə almadığıma görə özümü qınadım. Fikrimi özünə bildirəndə razılaşdı. Doğma dilinə göstərilən ögey münasibət onu Azərbaycan ziyalısı kimi narahat etdiyindən səhhətindəki problemə baxmayaraq, bütün suallarıma hövsələylə, canıyananlıqla cavab verdi.

 – Zərifə xanım, hər şeydən əvvəl vətəndaşlıq borcunuzu layiqincə yerinə yetirdiyiniz, ana dilinə ögey münasibətə etiraz etdiyiniz üçün təşəkkür edirəm. Milli dəyərlərə bağlı olduğunuzu bilirik. Bir-birindən maraqlı, faydalı işlər görmüsünüz. Eyni zamanda, müasirliyə də üstünlük verirsiniz. Sual versəm ki, inkişaf etmək Bakı küçələrindən Azərbaycan dilini qovmaqmı deməkdir? – hansı cavabı verəcəyinizi təxmin etmək çətin deyil. Yaxşı olar ki, əcnəbi adlarla bəzədilmiş restoran, mağaza adları barəsində fikirlərinizi sual verilmədən bölüşəsiniz.

– Pərvanə xanım, əvvəla, Siz başda olmaqla bizimlə həmfikir olan bütün oxucu və dinləyicilərimizi salamlayıram. Sosial şəbəkədə paylaşdığınız mövzu bütün zamanlar üçün aktual olaraq qalmalıdır. Haqqında qalaq-qalaq məqalələr, şeirlər yazılan, doğma vətənimizin rəsmi dili olan ana dilimizi unutmaq olarmı? Fikir verirsinizmi, xaricdə mühacir həyatı yaşayanlar nə qədər doğma vətən üçün göynəyirlərsə, bir o qədər də dilimiz üçün qəribsəyirlər. Küçədə Azərbaycan dilində danışan bir insan görəndə  ürəkləri titrəyir, nostalji hisslər onları kövrəldir. Amma bizdə vəziyyət necədir? İstər  geniş prospektlərdə, istərsə də həyətdaxili market, salon və şirkətlərin adları ingilis, rus və digər xarici dillərdə yazılır. Dəfələrlə  bu məsələ ilə bağlı həyəcan təbili çalsaq da, nəticəsi görünmür. Mən Yeni Yasamal qəsəbəsində yaşayıram və hər gün avtobusla işə gedəndə Cavid prospektindən keçirəm. Həmin prospektdə bir mağaza tapa bilməzsiz ki, adı ana dilimizdə olsun.  Əgər hər hansı bir əcnəbi o mağazaya girib ingilis dilində bir söz soruşsa, inandırıram sizi ki, nə o  mağazanın müdiri, nə də işçilər onu cavablandıra bilməyəcəklər. Bəs bu əllaməlik nəyə və kimə lazımdır?

– Biznes maraqları ana dilinə sevgini üstələməlidirmi?

– Qətiyyən. Bu yolverilməz haldır. Bir neçə ay bundan əvvəl işimlə bağlı Gürcüstana getmişdim. İş adamlarıyla da görüşdüm, mağazalara da baş çəkdim, küçədə kimlərdənsə yolu da soruşdum. İnandırım sizi, hamı öz ana dilində danışır. Qibtə ilə bu mənzərəni seyr edən bir dilçinin vəziyyətini təsəvvür edirsinizmi? Heç bir maraq vətən məhəbbətindən, ana dilindən, adət-ənənələrdən üstün olmamalıdır. Yarandığı vaxtlardan ərəb, monqol, fars və ruslar tərəfindən istilalara məruz qalan dilimizi  qanları, canları bahasına qoruyub saxlayan ziyalılarımızın ruhu bizi bağışlayarmı?  Yox! Yenə də yox!

– BDU-nun filologiya fakültəsini bitirmisiniz, müəllimləriniz o illərdə ana dili ilə bağlı daha çox nəyi aşılayırdılar?

– Allah onların hər birinə rəhmət eləsin. Kimlərdən dərs almamışam? Professorlar Fərhad Zeynalov (elmi rəhbərim olub), Ağamusa Axundov, Musa Adilov, Yusif Seyidov, Əlövsət Abdullayev, Zinyət Əlizadə, Səlim Cəfərov, Tofiq Hacıyev və digərləri Azərbaycan dilinin incəliklərini bizə elə dərindən öyrədirdilər ki, sanki günlərlə suya həsrət insanın ürəyinin təşnəsini söndürürlər. Hər biri də öz sahəsi üzrə dərslik müəllifi idi və bu dərslikləri illərlə topladıqları materiallar, folklor nümunələri, klassik ədəbiyyat incilərindən toplamışdılar. Hər bir nöqtənin, vergülün sual-cavabını bizdən tələb edirdilər. Mən açıq danışacağam. İnciməsin bugünkü dərslik müəlliflərinin əksəriyyəti, Azərbaycan dili və ədəbiyyatını tədris edən müəllimlərin çoxu. Əgər bir ədəbiyyatçı ləhcə ilə danışırsa, bir dilçi “məktəb” sözünü “məytəb” deməsini şagirddən tələb edirsə, bu, özümüz tərəfindən dilə vurulan balta deyilmi? Hər il dərsliklərin yenilənməsi, dilimizlə bağlı tez-tez dəyişiklərə yol verilməsi  nəticəsində ana dilimiz deformasiyaya uğramırmı? Sosial şəbəkələrdə ixtisarla yazışmalar, tikinti obyektlərinin üzərində qeyri-səmimi üzrxahlıq, reklamlardakı səhvlər, radio-televiziya aparıcılarının səriştəsizliyi bal kimi şirin dilimizə endirilən zərbə deyilmi? Yetər. İndi ayılın ki, sabah  Mirzə Cəlilin “Anamın kitabı” əsərindəki övladların gününə düşməyəsiniz.

– Ali təhsil ocaqlarında ana dilini tədris etmisiniz, indi də müxtəlif şirkətlərdə nitq mədəniyyətindən dərs deyirsiniz. Şirkət işçilərinə, aparıcılara ən çox nəyi irad tutur, nə tövsiyə edirsiniz?

– Pərvanə xanım, məni tanıyanların hamısı yaxşı bilir ki, təbiətcə mülayim insanam. Amma elə incə məsələlər var ki, bəzən özüm özümü tanımıram. Deyirəm: “Yarəb, o qızam mən, yarəb, bu qızam mən?” 35 il ali təhsil ocaqlarında rus bölməsində Azərbaycan dili fənnini, Azərbaycan bölməsində ədəbiyyat və nitq mədəniyyəti fənlərini tədris etmişəm. Hazırda Tele-Radio Akademiyasında, “Stimul” tədris mərkəzində, və “Fire Works” şirkətində  iş adamlarına “Nitq mədəniyyəti və natiqlik sənəti”, “İşgüzar Azərbaycan dili” üzrə təlimlər keçirəm. Vəzifəsindən, işindən, yaşından asılı olmayaraq, hər birinə skamya arxasında  əyləşən gənc tələbə kimi baxır, lazım gələndə iradlarımı bildirirəm. Bu tələbələrin əksəriyyəti xarici ölkələrdə təhsil alsalar da, hər dəfə onlara Azərbaycan vətəndaşı olduqlarını, ana dilimizin   xalqın milli sərvəti olduğunu xatırladıram. Düzgün tələffüz, məntiqi ardıcıllıq, azərbaycançılığa xas etik normalar barədə bilgilər verməyə, eyni zamanda, tələb etməyə çalışıram. Mən heç vaxt xaricdə təhsil almağın əleyhinə olmamışam. Əksinə, savadlı insanlarımızın bilik və dünyagörüşünün artmasına hər zaman yardım göstərmişəm. Bir şərtlə, Azərbaycan torpağının övladı olmasını unutmasın, dövlətimizi layiqincə təmsil etsin, dədə-baba ənənələrini, ana dilini   O ki qaldı aparıcılara, burda bir az nəfəsim təngiyir. Mən pedaqoji fəaliyyətimlə yanaşı 46 ildir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də bir jurnalist və aparıcı kimi fəaliyyət göstərirəm. Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev, Əli Məhəmmədoğlu, Eldost Bayram kimi  gözəl səs, düzgün diksiya sahibləri ilə çiyin-çiyinə işləmiş, onlardan çox mətləblər əxz etmişəm.  Təəssüflər olsun ki, özəl telekanallarda çalışan aparıcıların əksəriyyətinin danışıq tərzi, özünü aparması, yersiz şou proqramlara üstünlük verməsi insanlarda ikrah hissi yaradır. Televiziya, radio dövlətin təbliğat maşınıdır. Burda saxtakarlığa, ləhcəyə, savadsızlığa yol vermək olmaz. Kiçik yaşlı uşaqlar, yeniyetmə və gənclər  bu verilişlərdən nümunə götürürlər.  Gələcəyimiz olan gəncləri  mənəviyyatsızlıqla zəhərləmək olmaz. Onlarla mübarizə hər birimizin borcudur.

– Niyə dilimizə sahib çıxa bilmirik?

– Əslində, dilimizin sahibiyik və dilin təəssübünü çəkənlər də yetərincə var. Sadəcə, bəzi üzdəniraqlar hərdən ara qarışdırırlar. Deyərdim ki, burda əsl-nəcabət, soy-kök də öz sözünü deyir. Araşdırma aparılsa, sözümün canı hər kəsə məlum olar.

– Sussaq nə baş verə bilər?

– Susmağa haqqımız yoxdur. Cəfərimiz, Üzeyirimiz, Müşfiqimiz, Mirzə Cəlilimiz və bu yolda can qoyan yüzlərlə ziyalımızın ruhu bizi bağışlamaz. Analarımızın laylası, xalı toxuyan, ilmə vuran nənələrimizin zümzüməsi, ozan dədələrimizin mizrab tutan barmaqları, babalarımızın nəsihətləri bizə qənim kəsilər.  Bu gün Azərbaycan zəfər ölkəsi tək tanındığı kimi, milli–mənəvi sərvətləri ilə yanaşı, insanın qəlbinə hakim kəsilən musiqili dili ilə də özünü təsdiq etməlidir. Bu, bizim vətəndaşlıq borcumuzdur.

– Hazırda “Mədəniyyət” kanalında fəaliyyət göstərirsiniz. Hansı verilişləri təqdim edirsiniz, kiçikyaşlı tamaşaçılara nəyi ötürməyə çalışırsınız?

– Artıq iki ilə yaxındır ki, Bakı kəndlərinin tarixi, bu tarixi təsdiq edən abidələri, ayrı-ayrı kəndlərin tanınmış şəxsiyyətləri, mətbəxi, duzlu-məzəli söhbətləri təbliğ edən “Kəndimiz” adlı veriliş efirdədir. Kiçikyaşlı fidanlarımız üçün hər gün efirə gedən “ Nağıl vaxtı” verilişi də onların maraqlarını ödəmək üçün hazırlanır. Məqsəd övladlarımızı erkən yaşlarından müxtəlif sahələr üzrə maarifləndirmək, onlarda etik normaları aşılamaq və nağıllar dünyasına səyahətə aparmaqdır. Azərbaycan Radiosu üçün hazırladığım “Könül körpüsü” verilişi isə gecə saatlarında ana laylası kimi şirin dilimizlə insanların könül dünyasına varmaq, sübhə doğru gedən yolu işıqlandırmaq və dinləyicilərə qəlb rahatlığı bəxş etməkdir.

– Səhv etmirəmsə, sənədli filmlərdə də imzanıza rast gəlirik.

– Bəli. Mən nə qədər gələcəyə inamla baxıramsa, bir o qədər də keçmişə bağlı insanam. Vaxtilə Azərbaycanın elm, sənət tarixində özünəməxsus yer tutan, bu gün də qəlbimizdə yaşayan alimlərimizin, ustad sənətkarlarımızın əziz xatirəsini həmişə yaşatmalıyıq. Müxtəlif sahələrdə öz biliyi və yaradıcılığı ilə örnək olan insanların həyat-yaradıcılığı haqqında gənclərimizin də məlumatı olmalıdır. Bu baxımdan sevilən sənətkarlar – Rübabə Muradova, İslam Rzayev, Əminə Dilbazi, Nəriman Əliyev, Nəsimişünas alim Ramiz Fateh, aktyor–dramaturq Əhməd Əhmədov, eləcə də milli rəqslərimiz, adət-ənənələrimizlə bağlı bir çox sənədli filmlərin ssenari müəllifiyəm.

– Yazdıqlarınızdan həmişə istifadə ediblər. Özünüzsə o məqalələrin çox az qismini toplamısınız. Buna təəssüflənirsinizmi?

– Bəzən olur. Hərdən keçmişə boylananda, kimsə mənə evində saxladığı  lent yazılarına qulaq asdıranda vaxtilə yazdıqlarımı nə üçün toplamadığıma görə təəssüflənirəm. Bilirsiz, insan o hadisələrin içərisində olanda, özü həmin hissləri keçirəndə yazının ab-havası da bambaşqa olur. Amma üstündən zaman keçdikcə, nə qədər peşəkar olsan da, o zamandakı ssenarini yaza bilmirsən. Nə isə… Keçmişə güzəşt deyərlər.

– “28 May” metrostansiyası tərəfdəki səliqəsiz ticarəti Sizin felyetonunuzun sayəsində yığışdırıblar. Bəlkə, yenə bu cür yazılar yazasınız.

– Əslində, tövbə etməmişəm. Amma yazmaram. Səhvimi o vaxt da başa düşdüm. Deməli, “28 May” metrosuna getmək istəyirdim, yaman tələsirdim. Metro ətrafında “qələbəlik” Nəfəs almaq mümkün deyildi. Hər tərəfdə natəmizlik, səs-küy. Ağız deyəni qulaq eşitmirdi. Hamı nə isə satırdı – pal-paltar, qutab, limon, dəftər-kitab. Aləm bir-birinə dəymişdi. Bu vaxt mənimlə üzbəüz gələn və əl-qolunu asılqan kimi sağa-sola açan hündürboylu bir kişi diqqətimi çəkdi. Uzun əllərinin üstündə müxtəlif rəngli qadın alt paltarlarını görəndə bu “tacir”ə acığım tutdu. Bu yolla çörəkpulu qazananları heç cür qəbul edə bilmirəm. Şəhərimizə qatarla gələn xarici ölkə vətəndaşı vağzaldan çıxan kimi bu mənzərə ilə qarşılaşarsa, bu natəmizliyi görərsə, ilk təəssüratı necə olar? Burda jurnalistliyim başıma vurdu. Evə çatan kimi qələmi əlimə alıb yazdım. Yazdım, nə yazdım? 15 dəqiqəlik felyeton. Səhəri gün həmin  publisist yazı “Eşidirsizmi?” adı altında efirə getdi. İki saatdan sonra yazını təkrar səsləndirdilər. Bir azdan sonra o vaxtkı sədr müavini, xalq yazıçısı Mövlud Süleymanlı məni yanına çağırıb yazıya görə təşəkkür etdi və dedi ki, yuxarıdan zəng vurub tapşırıblar ki, həmin yazı gün ərzində bir neçə dəfə səsləndirilsin. Elə də oldu. Səhəri gün həmin ərazi elə təmizləndi ki, tanınmaz oldu. “Xəbərlər” proqramında bu barədə məlumat verildi və səliqə-sahmanlı ərazi nümayiş olundu (gülür). Nəticəsi də bu oldu ki, gözlənilmədən xəstələndim və xəstəxanalıq oldum. Belə qənaətə gəldim ki, nahaq yerə insanları çörəkdən etmişəm. Amma yanlış da bir naxışdır.

– Yazmaq qabiliyyətinizi baba mirası kimi dəyərləndirirsinizmi?

– Yəqin ki. Babam dramaturq, qəzəlxan-şair, həm də aktyor Əhməd Əhmədov dövrünün tanınmış ziyalılarından olub. Müasir gənclik onu Məşədi İbadın hambalı kimi tanısa da, ədəbiyyat və teatr aləmi üçün az işlər görməyib. Evimiz həmişə üzdə olan ziyalılarla, aktyorlarla dolub, boşalıb. Görünür, belə bir mühitdə böyüdüyümdən bu camiəyə az da olsa yaxınlaşmışam.

Gələcək nəsili necə görmək istəyirsiniz?

Savadlı, özünə inamlı və xoşbəxt.

Ümid edirik ki, arzunuza çatacaqsınız. Suallara belə həvəslə, yanğıyla cavab verdiyiniz üçün var olun. Cavablarınızın hər biri dəyərlidir. Əmək fəaliyyətinizə əsasən, Zərifə Ağahüseynqızı imzasına “brend imza” deyə bilərik. Milli dəyərlərə sayğınızı da əlavə edib ürəklə deyirəm: yaxşı ki, varsınız.

Təşəkkür edirəm.

Pərvanə BAYRAMQIZI