”Uca Rəbbim Onu sevən və çoxlu zikr edən dostlarının qəlbinə elə bir zövq qoyub ki, əgər dünya sultanları bunun nə qədər dadlı olduğunu bilsəydilər, onu ələ keçirmək üçün bütün orduları ilə ariflərin qəlbinə hücum edərdilər”
İbrahim Ədhəm
“Zikr” sözünün yada salma, xatirə gətirmə, adını çəkmə, söyləmə, vird etmə, tərif etmə mənaları var. Quranda “zikr” sözü Qurani-Kərim mənasında da işlənib: “Dedilər: «Ey zikr göndərilən kəs, sən məcnunsan, şübhəsiz” (1, Hicr, 6). Ayələrdəm birində bu söz cümə namazı mənasındadır: “Ey iman gətirənlər! Cümə günü namaza çağıran azan oxunan zaman, Allahı anmağa tələsin, alış-veriş işlərini qoyun bir yana. Bunun sizə xeyrini bilsəydiniz” (1, Cümə, 9). Başqa bir yerdə isə “zikr əhli” bilənlər mənasında işlənilir: “Biz səndən öncə də yalnız vəhy verdiyimiz adamları peyğəmbər göndərmişik. Bunu bilmirsinizsə, zikr əhlindən soruşun” (1, Ənbiya, 7).
Amma bir qayda olaraq “zikr” deyəndə Allahı anma, onun adlarını və ya başqa zikr formullarını təkrar etmək mənası yada düşür. Zikrin vacibliyi ilə bağlı Quranda xeyli ayə var: «Ey möminlər, Allahın adını tez-tez zikr edin, Onu səhər və axşam anın» (1, Əhzəb, 41). “Və buna görə Məni anın, Mən də sizi anaram. Mənə şükr eləyin, nankorluq eləməyin” (1, Bəqərə, 152), “Həcc ibadətinizi bitirəntək anın Allahı atalarınızı andığınız sayaq və bundan da qüvvətli bir anımla. İnsanlar içində «Rəbbimiz, payımızı dünyada ver» deyən var. Beləsinin axirətdən payı yox” (1, Bəqərə 200), “Ayaq üstə durarkən, bir yerdə oturarkən, böyrü üstə uzanarkən Allahı anar, göylərin və yerin yaranışını düşünə-düşünə deyər onlar: «Rəbbimiz, Sən bunları boş yerə yaratmadın, həmd olsun Sənə, od əzabından qoru bizi” (1, Ali İmran 191), “Namazı bitirəndə anın Allahı ayaq üstə dura-dura, yerdə otura-otura, böyrünüz üstə uzana-uzana. Arxayınçılıqda isə namazı bütövlükdə qılın. Namaz mö’minlər üçün müəyyən vaxtlarda vacib bilinir” (1, Nisə 103), “Hər şeydən üstündür Allahı anmaq” (1, Ankəbut 45) və s.
Quranda xəstəlik və pozuntulardan təmizlənmiş qəlb “səlim qəlb” adlanır. Rəbbimiz “Yalnız təmiz ürəklə gəlməli Allahın dərgahına” (1, Şuara 89) deyə buyurur. “Səlim” “islam”la eyni kökdəndir. Səlim qəlb sülh, hüzur, əminlik, sükunət dolu qəlb deməkdir. İslam isə bu dəyərlərin əldə edilməsi yoludur. “Səlim qəlb Allaha yetərincə təslim olduğu üçün saflaşmış qəlbdir” (2, səh. 272). Qurana görə, Allahı zikr, şüurlu şəkildə Allahı anmaq insanların qəlbini yumşaldır və onu riyakarlıq, tamah, qəlb qatılığı kimi xəstəliklərdən qurtarır. Allahın əvəzinə başqa şeylərin sevgili seçilməsi qəlbi xoşbəxt edə bilməz (1, Rad, 28, Hədid, 16, Ənfal 3). Zikr insanın Allahı unutmaması üçündür. Unutmaq insana məxsus zəifliklərdən biridir. Adəm peyğəmbərin səhvi də elə unutmaqla bağlıdır. “Biz öncə Adəmlə də əhd bağlamışdıq. Əhdini unutdu o” (1, Ta-hə 115). Allahı unutmamağın yolu Onu anmaqdır.
Elmalılı Həmdi Yazır Əhzəb surəsinin 41-ci ayəsinin təfsirində yazır: “Burada çoxlu zikr deyiləndə zikrin növləri olan təqdis, təmcid, təhlil kimi Allaha layiq zikr çeşidləri nəzərdə tutulur. Zikr növləri içində təsbihin (“sübhanAllah” deyərək Allahı anmaq) vaxtları kimi səhər və axşamın əhəmiyyəti və fəzilətinə işarə edilərək “səhər və axşam anın” deyilir. Təsbih zikrlərin təməli, səhər və axşam isə məşhur zamanlardır” (3). Həmdi Yazırın Bəqərə surəsinin 152-ci ayəsi ilə bağlı təfsiri də maraqlıdır: “Zikr də şükür kimi ya dillə, ya qəlblə, ya da bədənlə olur. Dil ilə zikr Allah taalanı ən gözəl adları ilə anmaq, həmd, təsbih və tənzih etmək, Kitabını oxumaq və dua etməkdir. Qəlblə zikr könüldən anmaqdır. Onun üç şəkli var: 1. Allahın varlığını göstərən dəliləri düşünmək, şübhələri ataraq Allahın isim və sifətlərini təfəkkür etməkdir. 2. Allahın hökmlərini, vəzifələrimizi, Allahın vədini, dəlillərini düşünmək. 3.Maddi və mənəvi varlıqları, bunlardakı yaradılış sirlərini seyr edib düşünərək zərrənin müqəddəs aləmə bir ayna olduğunu görməkdir. Bu aynaya lazım olduğu kimi baxanların gözünə o gözəllik və böyüklük aləminin nurları yansıyar. Bir anlıq hissələ bundan alınacaq müşahidə zövqünün bir göz qırpımı qədər çəkən parıltısı dünyalara dəyər. Bu nöqtədə insan özündən və dünyadan keçər, bütün hissələrlə haqqa bağlanar. Bədənlə zikr bədən orqanlarının hər birinin məsul olduğu vəzifə ilə məşğul olması, yasaqlardan kənar durmasıdır” (3).
Sufi təriqətlərində zikr mənəvi təmizlənmə vasitələrindən biri kimi geniş yayılıb. Əvvəllər ondan ruhi sarsıntılardan qorunmaq üçün istifadə ediblər. Bu, bir hədislə əlaqədardır. Mədinəyə hicrət edəndə Məhəmməd peyğəmbər təqiblərdən qurtarmaq üçün Əbubəkrlə mağaraya girir. Təqib edənlər mağaraya yaxınlaşanda o, Əbubəkrə astadan Allahın adlarını zikr etməyi tapşırır. Ona görə bir sıra təriqətlərdə zikr pıçıltıyla olur. Hər bir təriqət öz ayininin ədəb və ərkanını müəyyənləşdirərdi. Şazililərdə bu belə idi: zikrdən əvvəl tövbə, abdəst, qəlbi zikrə hazırlamaq, şeyxdən mənəvi yardım istəmək, təmiz yerdə oturmaq, əlləri dizin üstünə qoymaq, gözəl və təmiz geyinmək, gözləri qapamaq, şeyxi göz önünə gətirmək, səmimi olmaq, zikrin mənasına qəlbi alışdırmaq, Allahdan başqa hər şeyi yaddan çıxarmaq. Zikrin 3 növü məlumdur: gündəlik zikr, məxfi zikr və kollektiv zikr.
Gündəlik zikrin hər namazdan sonra olması vacibliyi Quranda deyilir (1, Nisə, 103). Namazdan sonrakı zikrin qaydaları cərəyan, məzhəb və təriqətlərdə fərqli ola bilir. Məsələn, Qadiriyyə təriqətindən olanlar namazdan sonra «sübhanallah», «əlhəmdülillah» və «Alllahu əkbər» kəlmələrinin hər birini 33 dəfə təkrarlayar, sayda yanlışlığa yol verməmək üçün təsbehdən istifadə edirlər. Onların təsbehi hər bölümündə 33 olmaqla 99 muncuqdan ibarət olur. Ticanilikdə 100 dənəli təsbehdən istifadə olunub. Onun bölgüsü isə belə idi: 12, 18, 20, 20, 18, 12. Xəlvətiyyə təriqətində 301 və 1000 dənəli təsbehlər olub. Minlik təsbehlərdən müstəsna hallarda istifadə edilirdi. Bu təsbeh xüsusi qutuda saxlanılırdı. Sufi icmalarında onlar hakimiyyət rəmzi sayılır və qarovul onu hərbi hissənin bayrağı kimi qoruyardı. (4, səh. 165).
Məxfi zikrin ayrıca qaydaları vardı. Bu cür zikrlərin icrası üçün nəfəsalma və nəfəsverməni düzgün tənzimləmək lazım gəlirdi. Məşhur sufi Bəyazid Bistami (IX əsr) «Arif üçün iman nəfəsalamya nəzarətdir», Şibli isə «təsəvvüf intellektə nəzarət və düzgün nəfəsalma qaydalarıdır» – deyərdi. Məxfi zikrə başlayarkən gözləri və ağzı yummaqla zikr formulu deyilərdi. «La ilahə»də nəfəs alır, «illallah»da nəfəs verilərdi. Nəqşbəndilərdə məxfi zikr bu qaydayla olurdu: dil damağa sıxılır, dodaqlar və dişlər kilidlənir, nəfəs dayandırılırdı. «La» hissəciyi deyilir və onu mədədən «götürüb» beyinə aparırdılar. Beyinə çatanda «ilahə», sonra başı sağ çiyinə döndərib «illəllah» deyilməlidir. Sonra baş sol çiyinə döndərilir, «la ilahə illəllah» ürəyə doğru aparılır. Bundan sonra o, bütün bədən boyu hərəkət edir. «Məhəmmədən rəsulillah» deyəndə baş soldan sağa çevrilir. Bundan sonra «Ya Allah, Sənə can atıram, Sənə çatmaq mənim ən böyük məramımdır» sözləri deyilməlidir. Qadiriyyə təriqəti mənsubu isə bardaş qurub əyləşər və sağ ayağının baş barmağını sol qıçında dizə yaxın olan venaya dirəyərdi. Əllərini dizləri üstə qoyub barmaqlarını «Allah» sözü şəklində açardı. Əvvəlcə «lam» kəlməsindən başlayıb bunu dəfələrlə – ürəyində ilahi odun alovlandığını hiss edənə qədər təkrarlayardı.
Kollektiv zikrlər, adətən, cümə axşamı, xüsusən bayramlarda, icma üzvləri üçün əziz günlərdə və ya sünnət mərasimlərində keçirilərdi. Müxtəlif dərviş qardaşlıqlarında bu ayin həm oxunan mətnlərinə, həm də iştirakçılarının hərəkətlərinə görə fərqlənirdi. Rifailər oxumağa, mövləvilər dövrə vurmağa, isəvilər tullanma hərəkətlərinə, şuabilər isə rəqsə üstünlük verirdilər. Adətən, analoji ierarxiya quruluşu olan təriqətlərdə müəyyən qrup adam bu ayinlərin icrasına birbaşa rəhbərlik edərdi. Əsas fiqur xəlifə – şeyxin ayrı-ayrı «filial»dakı nümayəndəsi idi. İyirminci əsrin əvvəlində alman şərqşünası Paul Kale Qahirədə müşahidə etdiyi ayini belə təsvir edir: «Ayin iştirakçıları dairəvi əyləşmişdilər. Xəlifə ortada idi. O həm də sahib-əl-leyl – zikr gecəsinin sahibidir. Onun işarəsi ilə məclisin naibi yığıncağı dua ilə açdı. İştirakçılar oturaq vəziyyətdə «la ilahə illəllah»ı 20-30 dəfə təkrar etdilər. Sonra «huvə, huvə, huvə Allah» deyildi və xəlifə ayağa durub hamıya qalxmaq işarəsi verdi. Bundan sonra «Allah, huvə Allah» sözlərini hamı təkrarladı. Birinci «Allah» kəlməsi deyiləndə dərvişlər bədəni sola, ikinci deyimdəsə sağa əyirdilər. «Huvə» isə bu iki vəziyyət arasında tələffüz olunurdu. 20 dəqiqə belə davam etdi. Hərəkətlərin tempini xəlifə müəyyənləşdirirdi. Daha sonra «huvə Allah, Həyy və Qəyyum» (O, Allahdır, əbədi və daimidir) və sonda «ya Əziz, ya Əziz» deməklə zikr davam edirdi. Sözlər pıçıltıyla deyilirdi. Nəhayət, «Allah Qadir» kəlməsinə keçdilər. Bu sözləri dərvişlər başlarını önə əyib, arxaya atmaqla deyirdilər. «Allah, Allah» kəlməsinə keçəndə temp artıq yavaş-yavaş yüksəlirdi. Nəhayət, hamı əyləşdi, zikr dua ilə sona çatdı. Onu məclisin naibi oxuyurdu. Duadan sonra hamı dərvişin əlini öpüb dağılışdı» (5, səh. 82-83).
Kollektiv zikrlər sufizmdə ilkin çağlardan olub. Nəqşbəndilərin «paslı mişar» adlı zikrlərinin müəllifi Əhməd Yəsəvi (XI əst) olduğu deyilir. Bu ayin Orta Asiya tipindədir. Bu zikr vaxtı «ha» dərin nəfəsvermə ilə, «hu» isə lap astadan tələffüz olunardı. Bu zaman çıxarılan səslərdən yaranan ritm paslı mişarla odun doğranmasını xatırladardı (4, 162). Bəzi müəlliflər sufi dərnəklərində yoq sistemindən bəhs edən, hələ XI əsrdə ərəb və fars dillərinə tərcümə edilmiş «Amrita kunda»nın öyrənilməsi haqda məlumat verir. Biruninin yoq sistemindən bəhs edən «Yoqa sutra»nı sanskrit dilindən ərəbcəyə tərcümə etməsi də məlumdur. Bütün bunlar təsəvvüfün – müsəlman mistikasının, xüsusən onun praktik hissəsinin Şərq mənşəli olması fikrini möhkəmləndirir.
Əbu Hamid əl-Qəzali “İhyayi-ulumiddin”də yazır ki, zikr zamanı kəlmələri üç və ya yeddi dəfə təkrar etmək lazımdır. Ən çoxu yüz və ya yetmiş dəfə təkrar edilir. Hər bir şəxs imkan və vaxtına uyğun olaraq onları təkrar etməlidir. “Orta dərəcədə, yəni on dəfə təkrar daha yaxşıdır. Çünki işlərin ən xeyirlisi az da olsa davamlı olandır. Hər hansı bir işin çoxuna davam etmək imkanı yoxsa, azına davam etmək daha yaxşıdır. Bu, qəlbə ara-sıra edilən çoxlu zikrdən daha çox təsir edir. Daimi şəkildə edilən aza misal: fasiləsiz olaraq damcılayan su mütləq iz buraxır. Daşın üzərinə də düşsə, eyni təsiri buraxır. Çünki davamlıdır”. (6, səh. 852). Qəzaliyə görə, faydalı olan qəlb hüzuru ilə olan zikrdir. Bütün ibadətlər qəlbin hüzuru ilə dəyərləndirilir. Mürid qəlbini zikrə bağlaya bilibsə, qəlbində zikr etdiyi kimsəyə məhəbbət yaranar. “Çünki bir adam kənar birisini gözəl bir vəsflərlə başqasına anladırsa, qəlbində ona eşq və məhəbbət oyanır. Bu eşqin nəticəsi olaraq onu anmadan dayana bilmir” (6, səh. 767).
Yuxarıda deyildiyi kimi, Rəbbimiz “Məni anın, Mən də sizi anaram” deyir. Yəni insan Allahı zikr etdiyi müddətdə Onun tərəfindən anılır. Ariflərə görə, Allahı zikr etməyin bundan başqa faydası olmasaydı belə, bu müjdə zikrin şərəf və fəzilətini anlamağa yetər.