- Köşə

“Əkinçi”nin doğum günü – Pərvanə O-nurlu yazır

“Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olardı”. Bu sözlər xalqını ,Vətənini ürəkdən sevən bir ziyalının, ömrünü xalqının maariflənməsi yolunda fəda edən o böyük insanın – Həsən bəy Zərdabinin vəsiyyətidir. 1907-ci il noyabrın 28-də vəfat edən Zərdabi ertəsi gün böyük izdiham və təntənə ilə Bibiheybət qəbiristanlığında dəfn olundu. Təsvir olunan o izdiham və təntənə bu böyük insan üçün edilməli olan, onun haqq etdiyi bir mərasim idi. 22 iyul “Əkinçi”nin doğum günü, 23 iyul isə Ağdamın işğalı günü kimi bir günü sevincli , o biri günü isə kədər dolu, ağrılı, acılı, nisgilli bir gün anırdıq. Bu gün isə artıq 23 iyulu anmaq istəmirik, çünki Ağdam artıq azaddır və yenə də özümüzündür…

 Həsən bəy Zərdabi kimi böyük insanlara, işıqlı, aydın ziyalılara bu gün daha çox ehtiyac var. Zərdabi 147 il bundan əvvəl elə bir ilkə imza atdı ki, neçə yüz illər bundan sonra unudulmayacaq. 147 il əvvəl “Əkinçi” qəzetinin nəşr olunması və mətbuatın əsasının qoyulması balaca bir iş deyildi. Necə çətinliklər, əziyyətlər hesabına ərsəyə gəlmiş bu qəzet Azərbaycan üçün bir ərməğan idi. Müstəqil olmaq yolunda ilk addımın atılması idi . Ana dilində ilk qəzet, hər kəsin anlayacağı bir dildə nəşr olunan “Əkinçi” xalqın maariflənməsi yolunda atılan ən böyük addım idi.
Həsən bəy Məlikov Zərdabi Azərbaycan jurnalisti, pedaqoqu, maarifçisi və naşiri, islam dünyasının ilk təbiətşünas alimi!
Jurnalistikanı, pedaqogikanı, maariflənmək və maarifləndirməyi, təbiəti sevməyi və necə qorumağı öyrənəcəyimiz alim, aydın, insan!
Əsərləri dövlət varidatı elan edilən müəlliflər sırasına daxil edilən ziyalı!
Həmişə tay-tuşlar arasında hansı bölgənin nə ilə məşhur olması, tanınması haqqında bir-birimizdən soruşur, müzakirələr edirdik. “Zərdab nəyi ilə tanınır, nəyi ilə məşhurdur?” sualına cavab tapmayanda “nə”yi çevirib “kim” edir və qürurla Zərdabi deyirdim. Ancaq, təbii ki, Zərdabi kiçik bir rayona sığmayacaq qədər böyük bir şəxsiyyətdir. Zərdabi nəinki Zərdab üçün, bütün Azərbaycan, Vətən üçün qürur yeri, fəxr, fəxarət rəmzidir. O, indiki dövrdən qat-qat çətin olan bir zamanda uşaqların həm ana dilində, həm də, ümumiyyətlə, təhsil alması, savadlanması yolunda min bir çətinliklərdən keçmiş, məqsədinə müəyyən qədər olsa da, nail ola bilmişdir. Zərdabi yalnız Azərbaycanda mətbuatın deyil, həm də peşəkar teatrın əsasını qoyanlardan biri və birincisidir.
1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük köməklik göstərən Həsən bəy, eyni zamanda vaxtı olduqca xalq arasında olmağa çalışmış və maariflənmək yolunda təbliğatlar apararaq , daha çox uşağı təhsil almağa həvəsləndirmiş, onları təhsilə cəlb etmişdir. O  bütün iradəsini, gücünü qoyaraq, xalqının bu günü və sabahını düşünən bir ziyalı kimi məqsədə çatmağı bacarmış, o dövr üçün mümkünsüz görünəni mümkün etmişdir. Hələ uşaq yaşlarımda  qəzetlərin birindən oxuduğum bir aforizmi yadımda saxlamışdım, yeri gəldikcə həm özüm, həm də başqaları üçün həmin aforizmdən bir güc, bir stimul kimi isifadə edirdim. Zərdabi haqqında oxuyanda da həmin aforizmi xatırlamışdım: “Su daşı ona görə deşmir ki, su daşdan bərkdir, ona görə deşir ki, inadla bir yerə damır”. Böyük Zərdabi də öz inadı, yorulmazlığı ilə məqsədinə nail ola bildi. İllər sonra Zərdabinin məşhur məqalələrindən birini oxuyanda həmin aforizmin Həsən bəy Zərdabi üçün böyük əhəmiyyət kəsb etdiyinin şahidi oldum.  Məqalələrindən birində elmsiz bir dövrdə yaşamağın mümkün olmadığını vurğulayan Zərdabi öz məqsədini çox gözəl şəkildə ifadə edərək belə yazırdı: “Elmsiz bu dövrdə yaşamaq mümkün deyildir. Nə etməli? Hər kəsi çağırıram gəlmirlər, göstərirəm görmürlər, deyirəm anlamırlar. Sonunda başa düşdüm ki, səs-küy salaraq, məcburi başa salmaqdan başqa çarəm yoxdur. Mütləq bu izah etdiklərimi bir gün başa düşən olacaqdır. Axan bir suyun altına nə qədər sərt daş qoyursan qoy, zamanla o daş əriyib yox olacaqdır. Əgər elədirsə, doğru söz də bir gün başa düşüləcəkdir. Onun üçün mütləq qəzet nəşr etdirmək gərəkdir. Hər il qəzet oxuyanlardan 10 nəfər anlasa, onların sayı hər il artacaqdır. Suyun önünü kəsən o bənd sonunda dayana bilməyib yıxılacaqdır!”
Həsən bəy uzaqgörənliklə öz fikirlərini ifadə etmişdir. Gəlməsələr də, görməsələr də, anlamasalar da , bir gün bütün bunların olacağına inanırdı Zərdabi. Hər zaman yaddaşımda saxladığım, yuxarıda qeyd etdiyim aforizmi Həsən bəyin “Axan bir suyun altına nə qədər sərt daş qoyursan qoy, zamanla o daş əriyib yox olacaqdır” deyimini oxuyan zaman yenidən xatırladım.
Həqiqətən də, Həsən bəy öz əzmkarlığı, savadı, zəhməti, özünə inamı, sözündən dönməzliyi sayəsində dünya durduqca yaddaşlarda saxlanacaq, hörmətlə anılacaq bir şəxsiyyət kimi tanınmasına səbəb olan çox böyük və əhəmiyyətli işlər gördü. Milli mətbuat və Milli teatr deyiləndə yada düşən şəxsiyyət – Həsən bəy Zərdabi!
Realist şeir yaradıcılığı sahəsinə keçməsində “Əkinçi” qəzetinin mühüm rolu olan və şeirləri həmin qəzetdə nəşr olunan maarifçi şair Seyid Əzim Şirvani “Səy edin, ey güruhi-niksifat,
Etməsin ta bizim “Əkinçi ” vəfat…” desə də, çox böyük əziyyətlər hesabına nəşr olunan “Əkinçi” qəzetinin yayımı, təəssüf ki, 2 ildən sonra dayandırılır. Az müddət olmasına baxmayaraq , Həsən bəy bu qəzet vasitəsilə Azərbaycan tarixində elə ilk və yeni bir cığır açdı ki, o cığır böyüyüb yol oldu. Bu yol Zərdabi yoludur. Bu yolun sağı, solu var, dolayları var, ancaq bu yolun sonu yoxdur. Bu yol vicdanın yoludur, vicdanının səsini dinləyənlərin yoludur. Bu yol Zərdabi kimi xalqa həqiqətləri çatdırmağa çalışanların yoludur. Yolunuz uğurlu olsun, Zərdabi yolunu gedənlər! Milli Mətbuat Gününüz qutlu olsun!
Bir müddət əvvəl Zərdabi yurdunda (eləcə də mənim elim, obam) – Zərdabda “Zərdabi parkı”na getdim. Parkda o böyük insanın heykəlini ziyarət etdim. Əllərini çənəsində çarpazlamış Həsən bəy sanki oturduğu yerdən hər yeri, hər kəsi müşahidə edir, onu ziyarət edənlərə görə bilmədiklərini göstərmək, eşidə bilmədiklərini eşitdirmək, anlamadıqlarını anlatmaq istəyir. Bilmirəm, biz SƏNİ anlaya bilirikmi, ey böyük insan ?!

         “Əkinçi”nin doğuluşu Həsən bəyin varlığı ilə bağlı olduğundan haqqında danışılan da odur! O böyük şəxsiyyət təkcə anım günlərində deyil, bir gün sonra, bir il sonra, yüz il, min il sonra və nəhayət, hər zaman anılmalı, hörmətlə, məhəbbətlə, onun xalqa bəslədiyi elə o böyük sevgi ilə xatırlanmalıdır. Ruhun şad, məkanın cənnət olsun, ey xalqının maariflənməsi yolunda ömrünü fəda edən böyük şəxsiyyət — Həsən bəy Zərdabi!