- Ədəbiyyat

Köhnə məhləmiz

Şair, ssenarist Turan Uğurun “Köhnə məhləmiz” adlı şeirini oxuculara təqdim edirik.

A köhnə məhləmiz, görəsən nədən,
Gecələr gəlməyən yuxumsan mənim.
Gedib baş çəkəndə, görürəm ki, mən,
Əvvəlki tək deyil, yoxumsan mənim.

İndi köhnə məhlə necə sönükdür,
Uzaqdan top səsi gəlir arabir.
İncimə, sənin də üzün dönükdür,
Qonşular da köçüb bir-bir, iki-bir.

Bella xalanı da görmürük daha,
Haçandı Müşfiqin işığı yanmır.
İndi o xatirələr həyatdan baha
Dönüb bir çağaya, neynim ki, qanmır.

Ələsgər Ələkbərov-5 ünvanıydı,
Mehdiyev Şəfaət olub deyəsən.
Yanında “Əfsanə” kafesi vardı
Hər şey əfsanəyə dönüb deyəsən

Bircə qarajımız sağ-salamatdı
Gedib qapısına əl vurub gəldim.
Toz basan qarajlar bir əmanatdır,
Gedib tozanağın  alıb da gəldim.

Üzbəüz baqqalı vardı bir zaman,
Çay-çörək, bir azca şəkər alardıq
“Səbət” marketinə macal tapmasaq,
Axşamı qalardı, səhər alardıq.

Yağış da yağanda ayaq batardı,
Asfaltı yox idi öydən aşağı,
Xudmani evləri bizə çatardı,
İndi göydələn var göydən aşağı.

A köhnə məhləmiz, doluxsunmuşam,
Nə yaman azmışam xatirələrdə
A köhnə məhləmiz dilxor olmuşam,
Baş-başa qalmışam xatirələrlə.

Səni Turan Uğur yadamı salsın?
Gəlib səndən keçər həyat səhnəmiz.
Şəninə bir şeir deyim ki, qalsın:
-Adını da qoyum “Köhnə məhləmiz”

26 noyabr 2022