- Ədəbiyyat

İmarət CƏLİLQIZI. Şeirlər

BIR GÜN BU DİL DANIŞACAQ…

–Tufandı ha!…
Ortalığı bir-birinə qatması var.
–Hər nə qədər əsib-coşsa,
əvvəl-axır yatması var.

Bilirəm, halı necədi,
zor gün, yuxusuz gecədi,
matdı, ya da heç-heçədi,
–Gözlə, bir gün udması var!

–Yükü çox ağır görünür,
kürəyi yağır görünür,
–Çox da ki fağır görünür,
bezib yükü atması var.

…Tüstülənib alışacaq,
Ha susmağa çalışacaq,
Bir gün bu dil danışacaq,
Deyəcəklər: “Tutması var”.

 

TƏZAD

Bu bir bardaq təmiz  su –
hansı yöndən baxılsa,
su  olduğu  seçilən,
təmiz yerə  süzülsə,
saf  olduğu  daha  tez,
daha  aşkar  bilinən,
Zəm-zəm  kimi  içilən-

Onu  sərxoş  eyləyib
gözlərinə  qan  salan
əvvəldən  içdikləri…

Bu bir  aydın, hamar  yol,
əvvəli,  sonu  bəlli,
nə  sağ-solu  uçurum,
nə qaranlıq  döngəli-

“Gedər-gəlməz!”  söyləyib
onu qorxuya  salan
(doğruluq  vədi  yalan)
əvvəllər  keçdikləri…

Bu, maraqlı  bir  kitab,
hamı  ilə  eyni  üz,
eyni  dillə  danışan,
uşağa da işnişən,
böyüyə  də yovuşan,
hər  kəlməsi  birbaşa,
kimisinə  bir  sətir,
kimisinə min varaq,
anlayana  güc, dayaq–

Onu yoldan eyləyib
ucalardan  endirən,
yanlış  səmtə  döndərən
əvvəllər vərəqləyib
əvvəldə açdıqları…
… Əlindən  qaçdıqları…

 

 760 Oxunub