Hərdən
Səndən şikayət edəsim gəlir
Tanrıya, Adam…
Bilirsən niyə?
Deyəcəm indi.
Amma heç küsüb-eləmə.
Qaşqabağın da yox yeri.
Axı sən heç vaxt sevmədiklərimi sevdirdin mənə.
Kölgədə qoydun beləcə
bütün sevdiklərimi..
Bilirsən,..
mən heç sevməzdim dənizi.
Çünki sən onun qoxusunu çooox sevərdin..
Sən dənizin qoxusunu sevməyə-sevməyə
mənə dənizi də,
onun qoxusunu da sevdirdin.
Bir də….səbəb oldu nələrəsə
kəndinizin yanından axan çayın
tökülməsi dənizə..
Küləyi də sevməzdim mən.
Əsdikcə üstümə dağıdardı
kirpiyinin tozunu.
İlk dəfə evinizin damını uçuranda
basdım bağrıma onu.
Mən balıqları da sənin üzündən sevdim,biləsən..
Hər gün səndən şikayət edərdi
Həşəmi, Xanısı..
Sən demə,sənin uşaq vaxtı
çaya atdığın daşlar dəyən balıqların
nəvə-nəticəsiymiş hamısı…
Ehh…sənin üzündən
uzaq olaraq qaldı
yaxınlaşacağım uzaqlar.
Sevdiyim o dağlar küsdü məndən.
İndi heç adımı da tutmur
İçinə daş atdığım
gözləri sənə bənzər bulaqlar..
Məhz sənin..
Sənin üzündən
İndi məni ancaq müəllim kimi sevə bilir
bütün uşaqlar..
Sənin üzündən mən çox dəyişdim..
Hətta anan məni sevsin deyə
dindar da oldum..
Əvvəzində hamı sevdi, Tanrı da sevdi..
Bircə anan sevmədi..
Sənin üzündən
indi daha xoş gəlmir mənə
Kimlərinsə “baş üstdə”si, “bəli”si.
Sən içində oldun deyə
mən dünyanı evim bildim.
İçində bu qədər ağıllısı,dəlisi
olsa belə,o evi çoox sevdim..
Ehh… yoruldum daha..
Amma hələ o qədər
sənin üzündən sevdiklərim
qaldı ki, sənə sadalayası…
Təkcə…..
Yox,qoy deməyim..
Susum, ay başımın bəlası….