- Köşə

Hərbi həkim İlqar Zeynallı

Aysel NƏSİRZADƏ

Ermənistan-Azərbaycan arasındakı münasibətlər Dağlıq Qarabağ münaqişəsi ilə 1988- ci ildə daha da dərinləşmiş, ermənilər artıq heç nəyə əhəmiyyət vermədən Azərbaycanın tarixi torpaqlarına  açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamışdır. Mənfur siyasətlərindən əl çəkməyən erməni separatçıları Azərbaycanın 20 faiz torpaqlarını işğal etmiş, insanları öz doğma torpaqlarından didərgin salmışdılar. O zamandan bəri ermənilər öz mənfur siyasətlərindən əl çəkmirlər. Atəşkəs rejimi haqqında razılaşmaya baxmayaraq düşmən hazırda da öz zalım niyyətindən əl çəkməyərək daim atəşkəsi pozur. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək uğrunda saysız-hesabsız oğullarımız canından keçib və bu gün də Qarabağımızı işğaldan azad etmək üçün canından keçməyə hazır olan nə qədər mərd, vətənpərvər oğullarımız var. Heç bir müharibə itkisiz ötüşmür. Ancaq müharibədə vuruşacaq ürəkli vətənpərvər oğulların olması bir xalqın ən böyük sərvətidir. Azərbaycan yeraltı və yerüstü sərvətiylə həmişə diqqət mərkəzində olub. Mən Azərbaycanın yeraltı sərvəti şəhidlərimiz, yerüstü sərvəti isə bayrağımızın, vətənimizin keşiyində vicdanıyla dayanan oğullarımızın olduğunu düşünürəm.

İyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar. Mənfurluğundan əl çəkməyən düşmənə qarşı güclü ordumuz lazımı cavablar verməklə yanaşı bu döyüş də itkisiz  ötüşmür. Təki “Vətən sağ olsun!” deyib neçə-neçə oğullarımızın qanı vətən torpağına qarışır.

Qanı Vətən torpağına qarışan, şəhadət zirvəsinə ucalan şücaətli, mərd oğullarımızdan biri İlqar Zeynallı oldu. Şərəfli ömür yaşayan şəhidimiz Zeynallı İlqar Ayaz oğlu 09.07.1995-ci ildə Tovuz rayonunun Cəlilli kəndində anadan olub. Atası ona 35 yaşında rəhmətə gedən qardaşının adını qoyur. Birinci sinfə 2001-ci ildə həmin kənddə yerləşən Elşad Tağıyev adına Cəlilli kənd orta məktəbində başlayır. Hərbi həkim olmaq olur arzusu.2012 -ci ildə  Tibb Universitetinin nəzdində fəaliyyət göstərən Hərbi Tibb fakültəsinə qəbul olur. 2014-cü ildə gizir rütbəsiylə Beyləqanda N saylı hərbi hissədə vətənə xidmətə gedir.

2014-cü ildə hərbi xidmətə yollanandan şəhadət zirvəzinə yüksələnə qədər bir an vətənə xidmətdən,səngərdən ayrılmayıb.Vətən səngəri onun doğma evi ,yuvası olub. 2016-cı ildə Azərbaycan tarixinə şanlı hərflərlə yazılmış  bizə zəfər sevinci yaşadan Aprel döyüşlərinin fəal iştirakçısı olmuş, bir an geri çəkilmədən yoldaşlarıyla çiyin-çiyinə səngərdə vətənin keşiyində dayanmışdı. Görünür, əbədi yaşarlıq, şəhadətə ucalmaq İlqar Zeynallının-hərbi həkimimizin alınına yazılıbmış.Tovuz döyüşlərində böyük şücaət göstərən,yaralılara kömək edən Hərbi həkimimiz 14 iyul səhərə yaxın vətənə xidmət zamanı şəhadətə ucalır. Cəlilli kənd qəbirstanlığında adını daşıdığı əmisinin məzarı yanında dəfn olunur. Məkanın cənnət olsun, şəhidim. Mərdliyin, cəsurluğun, vətənə olan sevgin dillər əzbəri olub. Bu vətəni sevən vətən aşiqləri VƏTƏN uğrunda canını fəda edən heç bir şəhidini unutmaz, unutdurmaz!