- Maraqlı

Dünyanın yeddi möcüzəsi. Semiramidanın asma bağları

Semiramidanın asma bağları dünyanın yeddi möcüzəsindən biridir. Bu tikilinin daha düzgün adı Amitisin (digər mənbələrdə isə Amanis) asma bağlarıdır. Amitis  Babil hökmdarı II Navuxodonosorun sevimli arvadının adıdır. Hökmdar bu memarlıq abidəsini məhz həmin xanımın şərəfinə saldırmışdır.

Ehtimala görə, asma bağlar müasir Xilla şəhərinin yaxınlığında, qədim Babil şəhər-dövlətində yerləşmişdir. Kərpicdən tikilən sıra dağlar üzərində qurulmuş altı  cərgə pilləvarı  terrasların hər birinin üstünə torpaq tökülmüş və burada bağ salınmışdır. Terrasların səkiləri mürəkkəb quruluşa malikdir.

Onların özülünə iri yastı daşlar, qır qarışıqlı bir qat qamış döşənmişdir. Sonra gipslə birləşdirilmiş iki cərgə kərpic,  onun üstündən isə qurğuşun təbəqə düzülmüşdür. Bu, suyun aşağı yarusa keçməsinin qarşısının alınması üçün belə edilmişdir. Terrasın özü isə qalın, məhsuldar torpaq qatı ilə örtülmüşdür.

Torpaq qatı   o qədər qalın olmuşdur ki, orada iri ağaclar kök ata bilmişdir. Minlərlə qul gecə-gündüz dəri tuluqlar asılmış nəhəng çarxları fırladaraq, Fərat çayından asma bağlara su qaldırırdılar. Suyun şırıltısı,  uzaq Midiyadan gətirilmiş ağacların kölgəsi və sərinliyi əsl möcüzə idi.

Tikili sütunlardan və tağşəkilli taxtapuşdan ibarət özül üzərində dururdu. Babilistanı və Asiyanı fəth etmiş Makedoniyalı İskəndər sarayın məhz bu zallarında bağın aşağı yarusunda vəfat etmişdi. Asma bağlar Fərat çayının daşması nəticəsində məhv olmuşdur. Qədim Babilistan dövləti süquta uğrasa da, onun adı bu günədək yaşayır.

portal.azertag.az