- Müsahibə

“Heç vaxt soyadımızı dəyişmədik” – Xoyskinin nəvə-nəticəsi ilə müsahibə

“Bizdən başqa bütün qohumlarımız “Xoyski” soyadından imtina etmişdi”.

“Xoyski soyadını daşıdığına görə atamı Neft Akademiyasından qovdular”.

“Atam tramvay-trolleybus idarəsində qaraj müdiri işləyirdi”.

Fətəli xan Xoyski – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) lideri, qurucularından biri, tanınmış dövlət xadimi. AXC-nin ilk baş naziri , daxili işlər, hərbi, ədliyyə və xarici işlər nazirləri vəzifəsində çalışıb. Onun Vətən və millət qarşısında gördüyü böyük işlər danılmaz tarixi həqiqətdir. 1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyəti XI ordu tərəfindən işğal edildi. Bundan 53 gün sonra 1920-ci ilin iyunun 19-da Cümhuriyyətin xarici işlər naziri olmuş Fətəli xan Xoyski erməni milliyətcisi, qatil Aram Yerkanyanın (Ermənistanın Milli Qəhrəmanı) Tiflisdə arxadan açıdığı güllə ilə qətlə yetirildi.

Fətəli xan Xoyskinin həyatda olan yeganə nəvəsi Tamara Murad qızı Xoyskini, nəticəsi Murad Hüseynovu tapıb,  həmsöhbət olmağa çalışıb. Tamara Xoyski ailəsinin şəxsi fotolarını eksklüziv olaraq Hafiztimes.com-a təqdim edib.

Tamara  Xoyski – Fətəli xan Xoyskinin oğlu Muradın yeganə qızıdır. Hazırda Bakı məktəblərinin birində kimya müəllimi işləyir. Qeyd edək ki, Fətəli xan Xoyskinin yeganə qızının adı da  Tamara olub. Məhz onun adının şərəfinə Murad Xoyski öz qızına Tamara adını qoyub.

-Azərbaycan Xalq Cümhuriyyəti Baş nazirinin ailəsi haqqında bizə məlumat verin…

– Fətəli xanın üç övladı vardı. Böyük qızı Tamaradı. Daha sonra atam – Murad idi. O,  1910-cu ildə anadan olub.  Ənvər əmim isə ən kiçik övladı olub.

-Babanız Fətəli xan Xoyskinin qətli ilə bağlı nələr bilirsiniz?Onu kimlər güllələdi?

– 1920-ci ildə AXC devriləndən sonra, Fətəli xan Gürcüstanda həmin vaxt  Sovet hakimiyyəti qurulmadığı üçün ora getmək məcburiyyətində qaldı. Onun ailəsi isə  Bakıda qaldı. Babam kinoteatrdan  çıxan zaman  erməni daşnakları onu güllələdilər. Bunu mənə atamın bacısı – bibim Tamara danışıb. Fətəli xan Xoyski Tiflisdə qətlə yetiriləndə bibim Tamara Xoyskinin 18 yaşlı olub. O, nəyin bahasına olursa-olsun, özünü atasının dəfn mərasiminə çatdırmaq istəyib. O zaman Gürcüstan hələ Sovet işğalına düşməmişdi. Tiflisə getmək üçün Azərbaycan hökumətinin rəsmi icazəsi və xarici pasport tələb olunurdu. Ona ölkəni tərk etməyə icazə verilmədi.  Bibim atasının Tiflisdə, azərbaycanlıların qəbristanlığında dəfn olunması barədə xəbəri qəzetdən oxuyub.

Tamara xanım icazə kağızı almaq üçün Sovetliyin  Bakı bölməsinə gedib. Orada gələcək həyat yoldaşı  26 yaşlı Mirzə Davud Hüseynovla tanış olub.  Davud Hüseynov uzun müddət xarici işlər naziri vəzifəsində çalışıb.  SSRİ  zamanında Moskvada, Tacikistanda yüksək vəzifələrdə çalışıb.

-Necə oldu ki, AXC-nin qurucusu Fətəli Xan Xoyskinin yeganə  qızı ilə  Cümhuriyyəti devirən bolşevik məmuru Mirzə Davud Hüseynov ailə həyatı qurdu? Tamara xanımın belə bir addım atmasının səbəbi nə idi?

– Sovet hökuməti qurulduqdan sonra Xoyskinin ailəsi Filarmoniya ilə üzbəüz mənzildən qovulur. Bibim Tamara evin ən böyük övladı idi .O, işləmək üçün “Sovnarxoz”a gedir. Bibim mənə danışıdı ki, həmin vaxt onlar bir qəpikləri də olmayıb. Mirzə Davud Hüseynov da məhz orada işləyirdi. Onlar bir müddət sonra ailə həyatı qurdu. Vətəndaş nigahında yaşayıblar. Onların heç vaxt övladları olmayıb. Həmin vaxt Stalin İstintaq Komitəsində işləyirdi. O, Davuda demişdi ki, Tamara Fətəli Xan Xoyskinin qızıdır. Davud isə cavabında bunu bildiyini, lakin onu sevdiyini və bunun heç bir əhəmiyyət daşımadığını bildirib.

Bibim mənə danışırdı ki, o,  həyat yoldaşı Mirzə Davudla birlikdə  Moskvada yaşayırdı. Molotovun ailəsi ilə dostluq edirdilər. 1937-ci ildə həyat yoldaşı birlikdə onları Moskvada həbs ediblər: “Həmin vaxt əksər sovet məmurlarının ailə üzvləri  həbs olunacaqları vaxtı əvvəldən  bilirdilər”.

-Onlar öz evlərində “çekist”lərin peyda olmasını gözləyirdilər. Mirzə Davudu  Xüsusi dustaq maşını olan “qara qarğa”ya mindiriblər,  arakəsmənin o biri tərəfində isə həyat yoldaşı  Tamara Xoyskini oturdublar.

– O,  xəstə həyat yoldaşının öskürəyinin səsini eşidib.Amma qaranlıqda, arakəsməyə görə onu görə bilməyib. Mirzə Davudu “düşmən qızı” (Fətəli Xan Xoyskinin qızı) ilə  evləndiyinə görə ittiham ediblər. Fətəli xanının kürəkəninin məhkəməsi Bakıda keçirilib.  Bibim deyirdi ki, onu Bakıda dərhal güllələyərək qətlə yetiriblər.

Mirzə Davudun həyat yoldaşı olan bibimi daha sonra isə Orta Asiyada bir kəndə sürgünə göndəriblər. Orada Ruhulla Axundovun ittiham edilmiş həyat yoldaşı,  siyasi “xalq düşmən”lərinin xanımları ilə tanış olub.

1956-cı ildə  bibim Tamara Xoyski  bəraət alıb.  Uzun müddət Moskvada yaşadı. Orada Fətəli xanın kiçik qardaşı Rüstəm xan da yaşayıb. Həyatının bir qismi məhbəs və sürgünlərdə keçən bibim Tamara Xoyski 1990-cı ildə Bakıda, Neftçilər prospektində tək-tənha yaşadığı birotaqlı mənzildə dünyadan köçdü.

-Fətəli xan Xoyskinin kiçik oğlu Ənvərin aqibəti necə oldu?

– Ənvər mənim kiçik əmim olub. O,  ağır xəstələnib.  Moskvada onu Kreml həkimlərinə göstəriblər. Həkimlər onun ayaqlarını əməliyyat etməyə  qərar veriblər. Amma Ənvər “diabet” xəstəsi olub. “Narkoz”dan oyanmayıb.  Mənim anam da Moskvada vəfat etdi. O, yuxudan bir daha oyanmadı. Əmim Ənvər və anam Moskvada  eyni qəbirstanlıqda (Novodeviçye) dəfn olunublar.

-Fətəli Xan Xoyskinin oğlu Muradın həyatı ilə bağlı bilmək istərdik. Atası Fətəli xan ermənilər tərəfindən güllələndikdən sonra bu ailə hansı çətinliklə üzləşdi, təzyiqlərə məruz qaldı?

– Murad Xoyski mənim atam olub. Həmin vaxtlarda hakimiyyət atama ali təhsil almağa icazə  verməyib. Mənim atam Neft Akademiyasına daxil olmuşdu. Lakin soyadı, Xoyski olduğuna görə onu universitetdən qovdular.  Amma atam çox savadlı olub, O,  “gəzən ensklopediya” idi. Fətəli xan baş nazir olan vaxtlarda atamın cəmi 10 yaşı  vardı.  O, heç vaxt yüksək  vəzifələrdə  çalışmayıb.

“Atam tramvay-trolleybus idarəsində qaraj müdiri işləyirdi”.

-Bakıda yaşayırdı. 62 yaşında ürək tutmasından vəfat etdi.  Məndən başqa, atamın bir oğlu da vardı. Ukraynada yaşayırdı. O, da infaktdan dünyasını dəyişdi.

 -Filarmoniyanın qarşısındakı evinizdən sizi niyə köçürdülər? Harada yaşamalı oldunuz?

– 1920-ci ildə, AXC devrildikdən sonra bizi evimizdən çıxardılar. O vaxt atamın Bakıda bir diş həkimi qadın dostu vardı. O, Moskvada yaşayırdı. Bakıda İstiqlaliyyət küçəsində, Elmlər Akademiyasının yaxınlığında binada onun böyük bir evi vardı. Biz orada yaşamağa başladıq. Daha sonra həmin binaya başqa ailələrdə köçdülər. Ailəmiz oradan köçənə qədər yaxşı qonşuluq münasibətlərində yaşadıq.

-Xoyski soyadı sizə nələri bəxş edib? Nə yaxşı ki, çətin zamanlarda bu soyaddan imtina etmədiniz? Fətəli xan Xoyski sizin üçün kim olub?

– Bizim ailəmiz heç vaxt babamızın məşhur bir şəxsiyyət olması həqiqətini gizlətməyib.  Bibim həmişə mənə babam  barədə danışıb. Biz heç vaxt öz soyadımızı dəyişdirmədik. Xoy İranda şəhər adıdır. Hərçənd ki, biz bu soyadı dəyişdirə bilərdik. Bu daha məntiqli olardı…

“Sovet Hakimiyyəti illərində təkcə biz Xoyski soyadını daşımışıq”.

-O vaxtlar mənim rəfiqələrim elə düşünürdülər ki,  Xoyski soyadı yəhudilərə məxsusdur. Həmin vaxtalar çox az adam AXC və onun rəhbərləri haqqında bilirdi. Məktəblərdə də Azərbaycan tarixini öyrətmirdilər.

“Universitetdə müəllimimiz  bizə dedi ki, AXC-ni quranların soyadları yadımızda saxlamayaq…”

– Hətta universitetdə təhsil aldığım illərdə müəllimimiz tələbələrə AXC haqqında çox qısa məlumat verdi. Sonra isə dedi ki, həmin bu Respublikanı quranların soyadlarını yadda saxlamaya bilərsiniz.

“Bizdən başqa bütün qohumlarımız Xoyski soyadından imtina etmişdi”.

-Həmin vaxtlarda Gəncədə çoxlu qohumlarımız vardı. Hamısı “pasport”larını dəyişdirmişdi, soyadlarından imtina etmişdilər.  1990-cı illərdə isə onlar yenidən öz həqiqi soyadlarına Xoyskiyə qayıtdılar. İndi isə Xoyskilər çoxalıb. Amma Sovet hakimiyyətinin  çətin illərində yalnız biz Xoyski soyadını daşımışıq.

Hafiz Əhmədov