- Müsahibə

“Ərəb mənbələrində bizə dair çox şey var”

(Misirdə Azərbaycan Diasporunun sədri, tanınmış azərbaycanlı alim Seymur Nəsirovla müsahibə, II hissə)
Yazının əvvəlini bu keçiddən oxuya bilərsiniz: https://kamilinfo.net/57074-2/ 

-“Ərəb mənbələrində bizə dair çox şey var” – bir vaxtlar “Ayna” qəzetindəki məqaləniz belə adlanırdı. Bu barədə qısaca məlumat verə bilərsinizmi?

– Ərəb mənbələrində vətənimiz Azərbaycanla bağlı olduqca zəngin və hələ tam kəşf olunmamış məlumatlar mövcuddur. Mən hər zaman mütəxəssislərə müraciət edərək bildirirəm ki, bu mənbələr dövlət səviyyəsində yenidən və sistemli şəkildə araşdırılmalıdır. Bu, sadəcə fərdi bir araşdırmaçının deyil, xüsusi bir komissiyanın həyata keçirməli olduğu genişmiqyaslı bir işdir.

Qahirə və İsgəndəriyyə arxivlərindəki irsimiz

Misirin Qahirə, İsgəndəriyyə və Əl-Əzhər Universitetinin kitabxanalarında Azərbaycan alimlərinin, şairlərinin yazdığı yüzlərlə, bəlkə də, minlərlə əlyazma əsərləri saxlanılır. Mən özüm şəxsən Nizami Gəncəvinin “Xəmsə”sinin 13 nüsxəsini görmüşəm ki, onlardan 6-sı tam nüsxədir. Bununla yanaşı, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Xaqani Şirvani kimi dahi şəxsiyyətlərimizin saysız-hesabsız əlyazmaları bu gün də o arxivlərdə araşdırılmağı gözləyir. İsgəndəriyyədə dəfn olunmuş böyük hafiz alim Əbu Tahir Siləfi Azərbaycanı qarış-qarış gəzmiş və ölkəmiz haqqında qürurverici fikirlər söyləmişdir. O qeyd edirdi ki, Şərqdə Azərbaycan, Qərbdə isə Əndəlüs (indiki İspaniya ərazisi) elm və ədəbiyyat diyarıdır. Hər iki xalqın elmə olan ciddi marağı və bu sahədəki nailiyyətləri tarixin ən parlaq səhifələrindəndir. Mən artıq 25 ildir ki, bütün çıxışlarımda və müsahibələrimdə bu məsələni diqqət mərkəzində saxlayıram. Ərəb mənbələrinin dərindən araşdırılması bizə tariximizi və coğrafiyamızı yenidən yazmağa kömək edəcək çox mühüm faktlar qazandıra bilər. Bu məlumatlar milli kimliyimizin və mədəni irsimizin dünya miqyasında daha dərindən tanıdılması üçün əvəzsizdir.

– Böyük sərkərdə Səlahəddin Əyyubiyə sahib çıxmaq istəyənlər çoxdur. Amma onun əslən azərbaycanlı olduğunu ərəb mənbələri əsasında sübut etdiyiniz deyilir…

-Aparılan tədqiqatlar və mövcud tarixi sənədlər göstərir ki, Səlahəddin Əyyubi əslən azərbaycanlıdır. Ərəb dünyasının ən mötəbər və klassik mənbələri bu faktı birmənalı olaraq təsdiqləyirlər. İbn Xəllikan özünün məşhur “Vəfəyatül-əyan” kitabında qeyd edir ki, bütün tarixçilər Əyyubilərin və şəxsən Səlahəddin Əyyubinin Azərbaycanın qədim Dvin şəhərindən olduğu barədə yekdildirlər. Səlahəddin Əyyubinin mənşəyi ilə bağlı məlumatlar yalnız bir mənbə ilə məhdudlaşmır. Dünyanın bir çox nüfuzlu tarixçiləri və alimləri öz əsərlərində bu faktı qeyd etmişlər: İmam Zəhəbi – “Siyər əlamun-nübəla” kitabında; İmam Tağrıberdi – “Məratül-latafə” kitabında; İmam Zirikli – “əl-Əlam” kitabında. Saysız-hesabsız və ən mötəbər ərəb mənbələri onun Azərbaycanın Dvin şəhərindən olduğunu qəti şəkildə bildirirlər. Müxtəlif xalqların Səlahəddin Əyyubiyə sahib çıxmaq istəməsi təbiidir, lakin tarixi faktlar onun Azərbaycan torpaqlarından çıxdığını sübut edir. Azərbaycan tarixən multikultural bir mühitə, zəngin bir həyat tərzinə sahib olmuşdur. Burada müxtəlif xalqlar əsrlər boyu birgə yaşamışlar və bu bizim ən böyük zənginliyimizdir. Hansı etnik kökə mənsub olmasından asılı olmayaraq, önəmli olan odur ki, o, azərbaycanlıdır və bu torpağın yetirməsidir.

-Yenə qayıdaq “Məclisi-üns” üzvləri üçün çox mühüm olan dil məsələsinə. “Ərəb dilinin inkişafında Azərbaycanın rolu” – 2008-ci ildə bu barədə yazmısınız. Söhbət hansı roldan gedir?

-Ərəb dilinin elmi bir dil kimi formalaşmasında və inkişafında azərbaycanlı alimlərin rolu əvəzsizdir. Bu gün də ərəb ölkələrində və bütün dünyada ərəb dilini dərindən öyrənmək istəyən tələbələr, elm adamları mütləq şəkildə azərbaycanlı alimlərin qələmə aldığı klassik dərsliklərə və mənbələrə müraciət edirlər. Hətta İslam dünyasının ən nüfuzlu təhsil ocağı olan Əl-Əzhər Universitetində ərəb dilini öyrədərkən bizim alimlərin kitablarından dərslik kimi istifadə olunur. Tarix boyu bir çox azərbaycanlı alim ərəb dilinin müxtəlif sahələrində fundamental əsərlər yaratmışdır: İbn Hacib əd-Duvini: Onun kitabları bu gün də Əl-Əzhər Universitetində ərəb dilinin tədrisində əsas mənbələrdən biri hesab olunur. Xətib Təbrizi: Bütün İslam dünyasının tanıdığı böyük ərəbşünas alimdir. Onun əsərləri ərəb filologiyasının xəzinəsi sayılır. Zəncani (İzzəddin əz-Zəncani): Sərf elmində (morfologiya) ən mötəbər dərsliklərdən biri olan “Təsrif əz-Zəncani” əsərinin müəllifidir. Bütün ərəb mənbələri Zəncaninin Azərbaycan torpağı olduğunu qeyd edir. Ərdəbilli alimlər: Ərdəbildən çıxmış bir çox mötəbər alimin ərəbşünaslıq sahəsindəki xidmətləri tarixən yüksək qiymətləndirilmişdir. Dilin inkişafında şeir sənətinin rolu çox böyükdür. Məşhur ərəb alimi İbn Quteybə özünün “əş-Şeir vəş-Şuəra” (Şeir və şairlər) kitabında çox maraqlı bir faktı qeyd edir. O bildirir ki, Mədinə şəhərindən kənarda, qeyri-ərəb müsəlmanlar arasında yetişən ən görkəmli və istedadlı şairlərin hamısı azərbaycanlıdır. Bu, hələ İslamın ilkin əsrlərində azərbaycanlıların ərəb dilinə və ədəbiyyatına nə dərəcədə dərindən vaqif olduqlarının ən böyük sübutudur. Azərbaycan alimləri tarix boyu ensiklopedik biliyə malik şəxsiyyətlər olmuşlar. Onlar dini və dünyəvi elmlərlə yanaşı, ərəb dilində də çox gözəl şeirlər qələmə almışlar. Məsələn, Xətib Təbrizi daha çox dilçilik və qrammatika sahəsində tanınsa da, onun çoxlu sayda ərəbdilli şeirləri mövcuddur. Eyni zamanda, İslam şəriəti və fiqh sahəsində böyük nüfuza malik olan İbn Hacib də ərəb dilində dəyərli poetik nümunələr yaratmışdır. Azərbaycanlılar təkcə elm sahəsində deyil, həm də dövlət idarəçiliyində mühüm rol oynamışlar. Xüsusilə Misir tarixində yüksək vəzifələr tutmuş bir çox soydaşımız olmuşdur: Əfdələddin Xunci: O, əslən azərbaycanlı olub, Misirin baş hakimi vəzifəsini icra etmişdir. Fəthullah ibn Nəfis: Misirin baş həkimi (“Rəisül-ətibba”) olmuş bu şəxsiyyət də əslən Azərbaycan torpaqlarından dir. Mən Misirdə vətənimizin təbliği üçün hər zaman tanınmış alim və sənətkar övladlarımızı araşdırıram. Son illərdə apardığım ən önəmli tədqiqatlardan biri bütün ərəb dünyasında və İslam aləmində tayı-bərabəri olmayan səs sahibi, məşhur mübtəhil (ilahəçi) və muğam ustası Seyid Nəqşibəndi ilə bağlıdır. Araşdırmalarım nəticəsində məlum oldu ki, onun babası əslən azərbaycanlıdır; o vaxtlar Misirə təhsil almaq üçün gəlmiş, burada ailə qurub yaşamışdır. Seyid Nəqşibəndi məhz həmin ailənin nəvəsidir. Seyid Nəqşibəndi bu gün Misirdə və bütün ərəb ölkələrində fövqəladə səsi ilə ilahilər və mədhiyyələr deyən ən böyük ustad hesab olunur. Təsəvvür edin ki, onun Yutubda cəmi bir videosuna 25 milyondan çox insan baxıb. Artıq vəfat etsə də, onun irsi və səsi hələ də milyonların qəlbində yaşayır.

Ailəsi ilə əlaqələr və qəbrinin ziyarəti

Mən bu araşdırmalar zamanı Seyid Nəqşibəndinin ailəsi ilə yaxından tanış oldum və onları bizim cəmiyyətə də dəvət etdim. Dəfələrlə onun qəbrini ziyarət etməyə getmişik. Misirin hər yerində Azərbaycan haqqında danışanda məhz Seyid Nəqşibəndi kimi dahi bir şəxsiyyətin əslən azərbaycanlı olduğunu vurğulamağımız böyük rəğbətlə qarşılanır. Azərbaycanı dünyada tanıtmağın ən gözəl və təsirli yolu bizim belə uğur qazanmış, dünya səviyyəli alim və sənətkar övladlarımızı üzə çıxarmaqdır. Biz onları vətənimizin bir parçası kimi təqdim etməli və bu tarixi köklərimizlə fəxr etməliyik. Mən Misirdə bu yolu tutaraq vətənimizin təbliğatını bu cür uca şəxsiyyətlər vasitəsilə həyata keçirməyə çalışıram.

-Rəsmi mətbuatda rəhbəri olduğunuz Misir-Azərbaycan Dostluq Cəmiyyəti nəzdində Azərbaycan dili kursları təşkil etdiyiniz, bu kurslara 200-dən çox müraciət daxil olduğu, onlardan 45 nəfər üçün yeni qruplar təşkil edildiyi olunub. O cümlədən kurs iştirakçıları arasında yalnız misirlilər deyil, müxtəlif ölkələrin vətəndaşlarının olduğu bildirilir. Bunu eşitmək xoşdur. Sizcə, bu marağa səbəb nədir?

– Mən təxminən 25 ildir ki, Misirdə xarici tələbələrə rəhbərlik edirəm. Bu illər ərzində minlərlə tələbə yetişdirmişik ki, onlar artıq öz ölkələrinə dönərək professorlar, tanınmış elm və din xadimləri kimi yüksək vəzifələrdə çalışırlar. Bu tələbələr onlara rəhbərlik edən, hər zaman qayğı və dəstəyini hiss etdirən azərbaycanlı Seymur Nəsirovu heç vaxt unutmurlar. Misirə gəldiyim ilk gündən əsas hədəfim hər zaman vətənimizi təbliğ etmək olub. Atam mənə dəfələrlə tapşırırdı ki, harada olmağımdan asılı olmayaraq, hər zaman azərbaycanlı olduğumu bilim, hər addımımda vətəni düşünüm və onu təbliğ edim. Bizim əcdadlarımız vətənə o qədər bağlı olublar ki, ulu babalarımız və ailəmiz bu yolda şəhid olublar.
Mənim üçün də vətəni heç vaxt unutmamaq və onu hər yerdə uca tutmaq bir borcdur. Vətəni dünyada ən yaxşı şəkildə tanıtmağın yollarından biri də onun dilini təbliğ etməkdir. Məhz buna görə də biz dilimiz və mədəniyyətimiz vasitəsilə Azərbaycanın zəngin irsini ərəb dünyasına və gənc nəsil tələbələrə çatdırmağa çalışırıq. Mən hələ 25 il əvvəl Misirə gəldiyim ilk dövrlərdə Türk dili bölməsində təhsil alan misirli tələbələrə fərdi qaydada Azərbaycan dilini öyrətməyə başladım. 20 il əvvəl ailə qurduqdan sonra isə evimiz sanki bir məktəbə çevrildi; həyat yoldaşım da könüllü şəkildə misirlilərə Azərbaycan dilini öyrətməyə başladı. Lakin sonradan evimizin bu iş üçün kifayət etmədiyini gördük. Məqsədimiz Azərbaycanı daha geniş auditoriyaya tanıtmaq idi. Bu məqsədlə 13 il əvvəl 600 kvadratmetrlik böyük bir diaspor mərkəzi (obyekt) aldım. Bu gün həmin mərkəzdə minlərlə tələbə Azərbaycan dili başda olmaqla müxtəlif kurslarda tamamilə ödənişsiz təhsil alır. Hal-hazırda fəaliyyətimiz yalnız Misirlə məhdudlaşmır. Dünyanın 61 ölkəsindən olan 670-dən çox tələbə mərkəzimizin təşkil etdiyi ödənişsiz kurslarda Azərbaycan dilini öyrənir. Tələbələrimizin təxminən 60%-i Misirdə təhsil alan əcnəbi tələbələr, 40%-i isə yerli misirlilərdir. Mən eyni zamanda son 10 ildir ki, Qahirə Universitetində Azərbaycan dilini tədris edirəm. Bu illər ərzində 1700-dən çox misirli tələbəyə dilimizi öyrətmişəm. Hazırda həm magistratura pilləsində dərslər keçirəm, həm də həm ərəb dili, həm də Azərbaycan dili üzrə yeni mütəxəssislərin yetişdirilməsində elmi rəhbərlik edirəm. Azərbaycan dilinə olan maraq hər keçən gün artmaqdadır. Son günlərdə bizə 200-dən çox yeni müraciət daxil olub. Onların arasından 45 tələbəni seçərək üç qrupa böldük və artıq yeni kurslarımıza start vermişik.Mərkəzimizdə Azərbaycan dili tədrisi həftənin bütün günlərini əhatə edir. Hal-hazırda bu fənn üzrə iki ixtisaslı müəlliməmiz fəaliyyət göstərir. Tədris proqramımız həm danışıq dilini, həm də ibtidai, orta və yüksək səviyyələri əhatə edəcək şəkildə peşəkar səviyyədə qurulmuşdur. Əsas məqsədimiz yerli mütəxəssislər arasından Azərbaycan dilini yüksək səviyyədə tədris edə biləcək kadrlar yetişdirməkdir. Artıq bu istiqamətdə mühüm uğurlarımız var. Məsələn, bizim yetirməmiz olan Əsma Əhməd artıq Azərbaycan Səfirliyinin dəstəyi ilə Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlamışdır. O, eyni zamanda Misir-Azərbaycan Dostluq Məktəbində də şagirdlərə dilimizi öyrədir. Yalnız misirlilər deyil, Misirdə təhsil alan müxtəlif ölkələrin vətəndaşları da Azərbaycan dilinə böyük maraq göstərirlər. Biz artıq bu əcnəbi tələbələri də tədris prosesinə cəlb etməyə nail olmuşuq. İnanıram ki, bir ölkənin təbliğatında ən mühüm vasitə məhz dildir. Bizim üçün dil sadəcə bir ünsiyyət vasitəsi deyil. Dil həm də xalqın mədəniyyətini, onun şanlı tarixini, coğrafiyasını və ən əsası, həqiqətlərini dünyaya çatdırmaq üçün ən effektiv və gözəl vasitədir. Bu missiyanı yerinə yetirmək bizim ən böyük hədəfimizdir.

– Dəyərli vaxtınızı ayırıb suallarımıza cavab yazdığınz üçün təşəkkür edir, işlərinizdə uğurlar arzulayırıq.
– Vətəni dünyada ən yaxşı şəkildə tanıtmağın yollarından biri də onun dilini və elmini təbliğ etməkdir. Atam mənə dəfələrlə tapşırırdı ki, hər zaman azərbaycanlı olduğumu bilim və vətəni təbliğ edim.Vüsalə xanım_sizə, “Kamil İnfo” saytının təsisçilərinə və rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Hər kəsə vətəni layiqincə təbliğ etmək yolunda müvəffəqiyyətlər arzulayıram.


Söhbətləşdi: Vüsalə MƏMMƏDLİ