- Mədəniyyət, Müsahibə

“Bazardan qayıdan qadın” – “Bir rəsmin dedikləri”

“Bir rəsmin dedikləri” rubrikasının budəfəki qonağı sənətşünas Həmidə Sadıqovadır. Həmidə xanımla Jan-Batist Simeon Şardenin “Bazardan qayıdan qadın” əsəri haqqında danışmışıq.

***

– Həmidə xanım, əvvəlcə rəssamın həyatı haqqında qısa məlumat verə bilərsinizmi?

– Jan-Batist Simeon Şarden 1699-cu il noyabrın 2-də Parisdə məşhur sənətkar ailəsində anadan olub. Şardenin ilk müəllimi Pyer Jak Kaz olub, ancaq o, müəlliminin kompozisiyalarını təkrar etməyərək əsərlərində fərqli janrlara üz tutur.

– Məsələn, hansı fərqlilikləri edir Şarden?

– O, tarixi və mifoloji təsvirlərə üstünlük verən müəllimindən fərqli olaraq daha çox natürmort çəkir. 1930-ci ildən etibarən isə  Şardenin yaradıcılığında dönüş baş verir. Sənətkar natürmortdan tez-tez məişət janrına keçir, məişət janrında bir çox maraqlı əsərlər yaradır. Rəssamın məişət janrında olan əsərlərinə misal olaraq “Paltar yuyan qadın”, “Həvəskar rəssam”, “Xörək bişirən qadın”, “Mürəbbiyə” əsərlərini xüsusilə qeyd edə bilərik. Məişət mövzusunun ən maraqlı əsərlərindən biri də haqqında söhbət açacağımız “Bazardan qayıdan qadın” əsəridir.

– Bu əsərdə rəssamın digər əsərləri ilə üst-üstə düşən, yaxud fərqlənən məqamlar hansılardır?

– Rəssamın yaradıcılığındakı məişət sujetləri çox fərqlidir. Şardenin məişət rəsimlərinin qəhrəmanları qadınlar və uşaqlardır. O, xüsusən hisslərini, poeziyasını və ana nəvazişini qiymətləndirirdi, uşaq səmimiliyi onun qəlbinə hər şeydən çox toxunurdu. Buna görə də rəssamın məişət mövzusundakı bir çox əsərləri qadınlara həsr olunub.

– Əsərin yaranma tarixçəsi haqqında nə deyə bilərsiniz?

– Şardenin 1739-ci ildə işlədiyi “Bazardan qayıdan qadın” kompozisiyasında cəmi iki fiqur var. Bu kompozisiyada təsvir olunan hər şey o dövr üçün qeyri-adi yenilik idi. Uzun illər ərzində tarixi sujetlərin ağalığından sonra rəngkarlıqda Parisin evdar xanımları, məişət ləvazimatları, mətbəxləri, gündəlik məşğuliyyətləri təsvir edilirdi. Şardenin sənətinin əhəmiyyəti ondadır ki, bu əsərdə dramatik problemlər yoxdur. Ümumiyyətlə, onun yaradıcılığı digər rəssamlardan onunla fərqlənir ki, onun rəsmlərində heç nə baş vermir. Orada çətin situasiya yoxdur. Onun personajları fikirlidir. Əgər onlar nəsə edirlərsə də, onların hərəkətləri asta və eynidir. Rəssam sanki özü qəsdən adi, gündəlik həyata əhəmiyyət verərək zamanın axınını ləngidir. Elə belə astalıq və yubanma Şardenin rəssamlıq manerasında hiss olunur.

– Əsərin rəng koloriti barədə nə deyə bilərsiniz? 

– Rəssamın “Bazardan qayıdan qadın” əsəri kiçik səthi yaxmalarla çəkilib. Rəng qatı elə bil ki, fırça ilə Şarden üçün xarakterik olan möhkəmliklə yapılıb. Evdar xanım tərəfindən gətirilmiş böyük çörəklər, masanın üstündə olan gildən düzəldilmiş bardaq, tünd rəngli şüşələr – bütün bunlar onların plastik ifadəliyinin dərindən başa düşülməsi ilə işlənib. Şardenin erkən məişət rəsmlərindəki məkanın quruluşu holland interyer rəssamlığını xatırladır.

– Rəsm hazırda harda saxlanılır?

– Əsər hazırda Paris şəhərində yerləşən Luvr muzeyində qorunur.

– Bu rəsm bizə nə deyir? 

– Mərkəzdə duran personajlardan solda su üçün böyük mis çəllək yerləşən otağa açılan qapı görünür, onun fonunda isə qadın  fiquru dayanır. 17-ci əsrin holland məişət rəssamlarının belə kompozisiyaları onların rəvayətlərə məhəbbətilə bağlı idi və maddi sərvətlərə xüsusi diqqəti ilə uyğunlaşırdı. Rəssamın “Bazardan qayıdan qadın” əsərində on yeddinci əsr incəsənətinə xas şıltaq zərifliyin cizgiləri özünü göstərirdi. Qadının ağ geyimi və tünd önlüyü çoxsaylı müxtəlif cizgilərdən toxunub. Sənətkarın bu rəsmində saf əxlaqi tərbiyə üçün tipik olan sujet cizgiləri var.

Aytac SAHƏD
525.az