- Maraqlı

Babil qülləsi

Qədim İncil əfsanəsinə görə, Nuhun tufanından sonra, 4 min il əvvəl bütün insanlar Mesopotamiyada yaşayıblar və vahid dildə danışıblar. Ərazinin torpaqları çox məhsuldar olduğu üçün insanlar zəngin yaşayıblar. Onlar adlarını tarixə yazdırmaq üçün Babil şəhərini salmaq və çox hündür qüllə tikmək qərarına gəldilər.

Babil qülləsinin inşası insan təkəbbürünün sərhədsizliyinin göstəricisi kimi qəbul edilir. Bunu görən Allah qəzəbləndi və tikintidə iştirak edən insanların dillərini elə qarışıq hala saldı ki, heç kim bir-birini başa düşmədi və hər biri bir tərəfə yayıldı. Beləcə, planlaşdırılan tikinti yarımçıq qaldı.

Hətta bəzi alimlərin iddiasına görə, Tanrının qəzəbinə gələn insanlara bəla gəlir və Babil qülləsi dəhşətli alov nəticəsində əriyərək məhv olur. Ümumiyyətlə, məlumatlara əsasən, Babil qülləsi dəfələrlə dağıdılsa da, yenidən inşa edilib. Sonuncu dəfə Makedoniyalı İsgəndər Babil qülləsini yenidən bərpa etmək istəsə də, arzusuna çata bilmir və cavan yaşda dünyadan köçür. Beləcə, Babil qülləsi bir daha bərpa olunmur.
Babil qülləsi haqqında əfsanə insanlar arasında müxtəlif dillərin yaranmasını izah cəhdi kimi də qəbul edilə birlər. “Babil qülləsi” ifadəsi hazırda yarımçıq qalmış, uğursuzluğa düçar olmuş böyük bir iş mənasında da istifadə edilir.

Bu dini rəvayət dünya incəsənət və ədəbiyyatında böyük iz buraxmış və bir sıra möhtəşəm əsərlərin ortaya çıxmasına səbəb olmuşdur. Babil qülləsinə həsr olunmuş ən populyar rəsm əsəri Böyük Piter Breygel tərəfindən 1563-cü ildə çəkilmiş eyniadlı rəsmdir. Bundan başqa, ədəbiyyatda Frans Kafkanın “Şəhərin gerbi”, Fyodr Dostoyevskinin “Karamazov qardaşları” və bir sıra başqa əsərlərdə əfsanənin süjetindən istifadə olunmuşdur.

portal.azertag.az

 212 Oxunub