kamilinfo şairlərimizin yazı masasına həsr etdiyi şeirləri təqdim edir
N.Rəfibəyli
Yazı stolum
Üzərinə sarı xəzan yarpaqları tökülən
soyuq bir xiyabana bənzəyir stolum.
Toxunanda qolum
yazda meşədən gətirdiyim
vəsəl budağa
saldı həzin-həzin,
yazı masama axırıncı sarı yarpağı.
Çökəndə axşam qaranlığı,
dərin sükut dolduranda otağımı,
yandırmamış ürəyimi
yandırmadım çırağımı…
Çarpan bir qəlbin istisi
məşəl kimi işıqlatdı hər yanı,
ilhamım hər şeyi görən
insan qəlbinə qüvvət verən
şəfəqlərində aydın gördüm dünyanı.
Uzun isti bir yayı
ayrı düşdüyüm,
əziz yar kimiqovuşdum ona həsrətlə,
əyildim üzərinə stolumun
hörmətlə.
Vətəndən ayrı düşən,
qürbətdən gələn,
Vətən torpağına
səcdə üçün əyilən
həsrətli bir adam kimi mən
çıxıram aydın iş yoluma.
Bir dost kimi qovuşuram yazı stoluma.
Sevincim, qüvvətim, pənahım mənim,
iş yerim, stolum, dəzgahım mənim.
Rəsul Rza
Yazı masam
Novruz qabağı,
yır-yığışda
sındırdılar bir qıçını.
Elə bildim əlimi kəsdilər.
Neçə saat əlləşdim o gecə
ayağını mıxlayıb
yerinə bərkidincə.
Nə çəkic zərbəsindən,
nə şikəst ayağının titrəməsindən
şikayətləndin.
Mənim yazı masam!
Ürəyim doludur.
Dincəlmərəm səndən yazmasam.
Hələ yaraların sağalmamış
evə təzə bir masa gətirdilər.
Səni sürüdülər mətbəxə.
“Çolaq miz
Şairə yaramaz” – dedilər.
Bəhanə çoxmuş:
Bir ayağın sınıq,
üstün cızıq-cızıq,
görkəmin köhnə,
üst-başın ləkə-ləkə.
Siyirtmələrin açılanda səs salır,
örtüləndə səs salırmış.
Yan-yörəndə toz qalırmış.
O gündən nə qədər vaxt keçib.
Ancaq nə həsrətim azalıb,
Nə vərdişim dəyişib.
İndi də söz inadla
girmək istəməyəndə sətirlərə,
təşbehlər düşməyəndə yerinə,
qafiyələr toyuq yumurtası kimi
oxşayanda bir-birinə,
mətbəxə gəlirəm.
Üstündən götürürəm qab-qacağı.
Cib dəsmalımla silirəm üstünü.
Belə sakit gecə yarı
açılır dərdlərimin, sevinclərimin
sənə tanış varaqları.
Səndə axtarıram
saatlarla vurnuxub,
tapa bilmədiklərimi;
gözləri yumulu bir səhrayi kimi.
Mənim əziz masam!
Heç kəsə demə!
Təzə masa da bilməsin.
Altındakı sınıq kasa da bilməsin.
Mənim köhnə masam!
Hər dəfə səndən ayrıla bilmirəm,
üz-gözünü sığallamasam.
Məmməd Araz
Yazı masam
Səninçün darıxdım, ay yazı masam!
Səninçün darıxdım bu dağlar üstə.
Nə qədər qayadan, daşdan da yazsam,
Dincəlmək istədim yarı saralmış,
Yarı nəfəsimdən yanıb qaralmış,
Yarı ağ, səpəli varaqlar üstə.
Balaca, dördbucaq, ağac dünyama
İstədim fikrimi heşan eləyəm,
Bu ağac dünyama,
bu tac dünyama
Sinəmi söykəyib tufan eləyəm.
Min xallı-boyalı mənzərə gördüm.
Kükrəyib çağlamaq istədim.
Susuz və kimsəsiz bir dərə gördüm,
Hönkürüb ağlamaq istədim.
Bir masa axtardım dirsəklənməyə,
Bir qələm axtardım ürəklənməyə.
Masa göstərdilər daşdan yonulu,
Ən nadir, ən ağır ağacdan yonulu,
İstəsəm çiynimə çay bağlardılar
İlham almağa
İstəsəm sinəmə ay bağlardılar,
İlham almağa
Qorxdum: bu aləmə qəlbim susana,
O nəm bucaqdakı dostum qısqana.
Dağlar da ərkimdən inciməz yəqin,
Qayalar masamdan min yol gözəldir.
Yastı qayalara masam deyənin
İlhamı bəlkə də hellənc düzəldir.
Mənim yazı masam — arı pətəyim,
Özüm də, fikrim də min el dolaşır.
Mənim söz çiçəyim, duyğu çiçəyim,
Onda mayalaşır, onda ballaşır.
Şuşa, avqust, 1970