Xuan Rulfo
Çox pis yaşayırıq, bundan betəri ola bilməz. Keçən həftə Xasinta xala öldü, şənbə günü isə — onu dəfn edəndən sonra hələ özümüzə gələ bilməmişdik — yağış başladı. Leysan yağış. Atam saçını yolurdu, çünki bütün arpamızı dal həyətdə qurumağa sərmişdik. Leysan qəfil başladı, arpanı yığışdıra bilmədik, bircə dən də götürə bilmədik. Gücümüz ancaq talvarın altına girib, göydən tökülən soyuq suyun bütün arpanı necə məhv elədiyinə baxmağa çatdı.
Üstəlik, dünən bacım Taçanın on iki yaşı tamam oldu, atam ona inək bağışladı, sonra bizə dedilər ki, atamın bacıma bağışladığı inəyi sel aparıb.
Çayın suyu üç gün bundan qabaq, alatoranlıqdan artmağa başlamışdı. Mən evdə yatmışdım, birdən uğultuya oyandım, əvvəl-əvvəl elə bildim dam üstümə uçur, adyalımı da qucaqlayıb bayıra qaçdım. Sonra başa düşdüm ki, bu, çayın səsiymiş, təzədən uzanıb yatdım.
Səhər duranda qara buludlar göy üzünü tutmuşdu, deyəsən, bütün gecəni yağmışdı. Çay isə dünənkindən də bərk uğuldayırdı. Səs elə bil evin içindən gəlirdi, suyun çürük ot iyinə oxşayan iyi də ətrafa yayılmışdı.
Küçəyə çıxanda, çayın məcrasından çıxdığını, əsas küçəni basdığını gördüm. Su artıq Çəllək xalanın — ləqəbi belə idi, ona Çəllək deyirdilər — qapısına çatmışdı, yavaş-yavaş həyətə dolurdu. Çəllək xala isə suyu şappıldada-şappıldada həyətdə vurnuxurdu. Toyuqları hindən çıxarırdı ki, qaçıb hardasa gizlənə bilsinlər, suda boğulmasınlar.
Xasinta xalanın evinə tərəf baxdım, onun həyətində böyük tamarind ağacı vardı, amma ağacı görmədim. Çox güman sel ağacı kökündən çıxarıb aparmışdı. O, bütün kənddəki yeganə tamarind ağacı idi. Adamlar deyirdilər ki, əgər suyun o ağaca gücü çatıbsa, demək, çoxdandır bu tərəflərdə belə sel olmamışdı.
Gündüz bacımla yenə selə baxmağa getdik. Hər yer su idi! Quru yer görünmürdü. Su qara rəngə çalırdı. Əvvəllər körpü olan yerdə indi sel ləpələnirdi, heç körpünün yerini də tapmaq mümkün deyildi. Dayanıb baxırdıq. Bilmirəm bir saat baxdıq, yoxsa beş saat. Belə şeyə bütün günü dayanıb baxmaq olar. Sonra aşağı düşdük görək ki, nə danışırlar. Yoxsa yuxarıdan başa düşmək olmurdu, ağızların necə açılıb yumulduğunu görürdük, amma suyun səsindən nə dediklərini başa düşmürdük. Bura adamla dolu idi. Dayanıb çaya baxırdılar, dəyən ziyanı hesablayırdılar. İnəyimizi sel apardığını da burda öyrəndik. Atamın doğum günündə bacıma verdiyi inəyi. Qəşəng inək idi, bir qulağı ağ idi, bir qulağı sarı, gözləri də çox gözəldi.
Görəsən, inək nə üçün çayı keçmək istəmişdi? Bəyəm görmürdü ki, çay əvvəlki çay deyil, suyu çoxalıb, o biri sahilə keçmək olmaz? Axı inəyimiz ağıllı inək idi, yəqin, yatan yerdə suya tuş gəlib, yoxsa batmazdı. Yatmağı xoşlayırdı. Çox olmuşdu ki, səhərlər onu oyatmalı olmuşdum, haçan baxırdın gözlərini bağlayıb yatırdı, oyatmasaydın axşamacan durmazdı, canı çıxanacan yatardı. Axı inəklər çox vaxt yatanda ölür.
Çox güman elə dediyim kimi olub, yatıb. Yəqin, su yanına çatanda oyanıb. Yəqin, qorxub, evə qaçmaq istəyib, amma çayı keçə bilməzdi ki. Suyu çoxalıb, həm də soyuq su ayaqları qıc edir. Sel dəhşətlidir, ramedilməzdir. Yəqin, movuldayıb köməyə də çağırıb. İlahi, yazıq görəsən, necə movuldayıb?!
İnəyin suda batmağını öz gözləriylə görən əmidən soruşdum ki, inəyin yanında buzov var idi, ya yox? Dedi ki, bəlkə də, vardı, amma fikir verməyib. Deyir inək lap yanından keçib, əvvəl dalı üstə imiş, ayaqları yuxarıda, sonra suda fırlanıb yoxa çıxıb, nə ayaqları görünüb, nə də buynuzları, elə bil heç burda yerli-dibli inək olmayıb. Çayda selin kökündən çıxardığı ağaclar üzürmüş, o əminin də başı onları çıxarmağa qarışıbmış, deyir, baxmağa vaxtım yox idi, nə bilim orda üzən buzov idi, yoxsa ağac?
Buzovun necə olduğunu öyrənə bilmədik, bəlkə də, sağ qalıb, bəlkə də, inəklə bir yerdə sel aparıb. Bəlkə, ikisi də sağ çıxa bilib? İlahi, onlara yazığın gəlsin, ikisini də xilas elə!
Ailəmizi dərd götürmüşdü, görəsən, bundan sonra necə olacaq? Axı bacım Taçanın daha heç nəyi qalmamışdı. Atam inək pulunu yığana qədər çox işləmişdi, özünü oda-közə vurmuşdu. İnəyi də bacımın adına alıb böyütmüşdü. İstəmirdi Taça da böyük bacılarımız kimi pis yola düşsün.
Atam deyirdi ki, böyük iki bacım kasıb olduğumuza görə pis yola düşüb. Ata-anamıza qulaq asmayıblar. Həmişə sızıldayıb gəziblər, kasıb yaşamaq istəməyiblər. Böyüyən kimi də ən tərbiyəsiz oğlanlara qoşulmağa başlayıblar. Bacılarıma pis şeyləri o oğlanlar öyrədib. Sonra fit səsi eşidən kimi bayıra qaçmağa başlayıb bacılarım, əvvəl-əvvəl gecələr gediblər, sonra gündüzlər də getməyə başlayıblar. Guya çaydan su gətirməyə gedirdilər. Bir dəfə də tövlədə lüt görüblər onları, hərəsinin də üstündə bir oğlan. Atam onları evdən qovub. İkisini də. Birdən yox. Əvvəlcə bacardığı qədər səbr edib. Axırda səbr kasası daşıb, ikisini də qovub evdən. Onlar Ayutluya gediblər, ya da başqa harasa. Gəzəyən olub ikisi də. Atam buna görə yanır — Taçaya görə qorxur, istəmir o da bacılarımız kimi olsun. Amma onun inəyini də sel apardı. Bəs indi necə olacaq? Axı Taça tezliklə lap böyüyəcək. Heç nəyi olmasa çətin ki, onun üçün yaxşı ər tapılsın. İnəyi sağ qalsaydı — bu başqa məsələ. Onda elçi əlindən tərpənmək olmazdı. Elə qəşəng inək idi ki! Hansı axmaq o inəkdən keçər?
Tək ümidimiz buzova idi, kaş o sağ qalaydı. Birdən o da inəyin dalınca suya giribsə? Tanrı özü qorusun! Əgər buzov da batıbsa, onda heç nə — Taça da gəzəyən olacaqdı. Anam isə bunu heç istəmirdi.
Anam deyirdi ki, bilmir hansı günahlarına görə Tanrı onu belə cəzalandırıb, qızları pis yola düşüb. Axı onların nəslində, ulu nənəsindən üzü bu yana bütün qadınlar düzgün adam olub. Hamısı Tanrı xofuyla böyüyüb, sözəbaxan, ağırbaşlı olub, ağızlarından bircə dənə pis söz eşidən olmayıb. Hamısı bir nəfər kimi. Amma bunlar… Necə oldu onlar pis yola düşdü? Anam doğulandan bu yana elədiyi hər şeyi yadına salırdı, amma bircə dənə pis hərəkətini də xatırlaya bilmirdi. İşə bax, dalbadal iki qızın olsun, ikisi də belə… Yox, anam heç bir pis hərəkət etməyib.
Amma anam, hər dəfə bacılarım yadına düşəndə ağlayıb deyirdi: “İlahi! Balalarımı islah elə!”.
Atamsa deyirdi ki, daha heç nə onları xilas edə bilməz. Taçanı xilas etmək lazımdır. Taça günbəgün yox, saatbasaat böyüyür, döşləri də böyüməyə başlayıb, gözünü yumub açacaqsan, görəcəksən artıq gözəgəlimli qızdır. O da bacıları kimi gözəl olacaq, indidən bilinir, oğlanlar gözlərini ondan çəkməyəcək.
— Hə, — atam deyirdi, — kim görsə gözünü ondan çəkə bilmir. O da bacıları kimi pis yola düşəcək. İndidən bilirəm. Buna görə də atam özünə yer tapa bilmirdi.
Taça səhərdən ağlayıb gəzirdi. İnəyinin öldüyünü dəqiq bilirdi, sel inəyimizi aparmışdı. Taça çəhrayı paltarda yanımda dayanmışdı, çaya baxıb ağlayırdı. Göz yaşları aşağı axdıqca yanaqlarındakı toz içində şırımlar açırdı, elə bil Taçanın içindən bulaq qaynayır, gözlərindən çay kimi süzülürdü.
Onu sakitləşdirmək istədim, qucaqlayıb öpdüm, o isə daha da bərk ağladı. İçindəki bulaq isə dayanmadan qaynayırdı, Taça ağladıqca bədəni titrəyirdi, balaca döşləri paltarının altında atılıb-düşürdü. Onlara baxdıqca artıq böyüdüklərini, Taçanın fəlakətinin başladığını təsəvvür edirdim.
Tərcümə etdi: Həmid PİRİYEV
“Ədəbiyyat” qəzeti